İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir müharibənin iki kapitulyasiya aktı – tarixi zərurət, yoxsa Stalinin kaprizi?

Alman faşizmi üzərində qələbədən 79 il ötür. 1945-ci ilin mayın 9-da Moskva şəhərində diktor Yuri Levitan radio vasitəsi ilə SSRİ-nin alman faşizmi üzərində qələbəsini bəyan edib. SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə 9 may Qələbə Günü elan olunub.

İkinci Dünya müharibəsində iştirak etmiş digər ölkələrdə isə SSRİ-dən fərqli olaraq Qələbə Günü mayın 8-də qeyd edilib. Məsələn, Britaniyanın baş naziri Uinston Çörçill mayın 8-də radio vasitəsi ilə alman faşizmi üzərində qələbəni elan edib.

Qələbənin belə fərqli günlərdə elan edilməsi səbəbsiz olmayıb. Ümumiyyətlə, İkinci Dünya müharibəsinin yekununda ən maraqlı faktlardan biri kapitulyasiya aktının iki dəfə imzalanması ilə bağlıdır.

KAPA.jpg (124 KB)

Bu, nədən irəli gəlib, tarixi zərurətdənmi, yoxsa Stalinin kaprizindən?

Birinci dəfə Almaniyanın kapitulyasiyası ilə bağlı akt 1945-ci il mayın 7-də saat 02:41-də Fransanın Reyms şəhərindəki texniki kollecin inzibati binasında imzalanıb. 4 bənddən ibarət olan kapitulyasiya aktına Almaniya tərəfdən general Yodl, ingilis-amerikan ordusu adından general Smidt, SSRİ tərəfdən general Susloparov, Fransa tərəfdən isə müşahidəçi qismində general Sevez imza atıblar.

Reyms protokolu ilə bağlı maraqlı məqamlardan biri də odur ki, akta imza atan general Susloparov Moskvadan gecikmiş bir göstəriş alıb – aktı imzalamamaq göstərişi. Amma artıq gec olub.

İosif Stalin Reyms protokoluna belə münasibət bildirib:

“Reymsdə müttəfiq ölkələr kapitulyasiya aktına imza atıblar. Sözsüz ki, onu ləğv etmək olmaz. Amma Reyms protokolunu qəbul etmək də olmaz...”

MARSAL.jpg (102 KB)

Reyms protokolu imzalananda general Susloparov akta imza atarkən bir şərt irəli sürüb, istənilən müttəfiq ölkə tərəfindən daha bir kapitulyasiya aktı imzalana bilər. Tərəflər bu şərti qəbul ediblər. Elə bu şərt əsas götürülərək mayın 8-də Berlinin Karlhorst qəsəbəsində yerləşən hərbi məktəbin yeməkxanasında Vermaxtın sözsüz və tam kapitulyasiyası ilə bağlı növbəti akt imzalanıb. SSRİ tərəfdən akta marşal Georgi Jukov imza atıb. Akt Mərkəzi Avropa vaxtı ilə 22:43-də imzalanıb. Moskva vaxtı ilə isə artıq mayın 9-u saat 00:43 olub. Bax elə bu səbəbdən də Moskvada Qələbə Günü məhz bu tarixdə elan edilib.

Stalin kapitulyasiya aktının Almaniyada imzalanmasını istəyib. O, bununla bağlı öz kaprizini Dövlət Müdafiə Komitəsinin müşavirəsində də gizlətməyib:

“Müharibəni Almaniya başlayıb. Kapitulyasiya aktı da Almaniyada imzalanmalıdır. Bu, almanlar üçün tarixi bir dərs səhnəsinə çevrilməlidir. Biz Reyms protokoluna da hörmətlə yanaşırıq. Amma kapitulyasiya aktı ikinci dəfə Almaniyada imzalanmalıdır...”

ZİYAF SON.jpg (106 KB)

Qələbə marşalı Georgi Jukovun SSRİ tərəfindən akta imza atması isə xüsusi bir hadisə kimi yadda qalıb. Məhz Jukovun təşəbbüsü ilə bu tarixi hadisə heç də sakit bir şəraitdə, yalnız aktın imzalanması ilə keçməyib. İmzalanma mərasimindən sonra marşal Jukov qalibləri və məğlubları ziyafətə dəvət edib.

Jukov ziyafətin təşkil olunmasını Birinci Belarusiya Cəbhəsinin arxa cəbhə xidməti rəisi, general Nikolay Antipenkoya həvalə edib. General sonralar öz xatirələrində bu haqda yazıb:

“Kapitulyasiya ziyafətinin menyusu o qədər zəngin idi ki, biz SSRİ qida sənayesi komissarı (naziri) Vasili Zotova müraciət etdik. Jukov onunla birbaşa rabitə əlaqəsinə girdi, bildirdi ki, ona göndəriləcək siyahıdakı ərzaq məhsullarını təcili Berlinə çatdırmaq lazımdır. Elə həmin gün Jukovun xahişi yerinə yetirildi, ərzaq və içkilər təyyarə ilə Berlinə çatdırıldı. Ziyafət iki zalda keçirildi, birində qaliblər, digərində məğlublar kapitulyasiya aktının imzalanmasını qeyd edirdilər. Jukov göstəriş vermişdi ki, süfrədə Almaniya məhsulları olmamalıdır. Biz bu ciddi tapşırığa ciddi şəkildə riayət etdik. Bütün ərzaq və içkilər sovet məhsulları idi...”

Marşal Jukov alman generallarını, xüsusilə də Vermaxtın qərargah rəisi feldmarşal Vilhelm Keyteli ziyafətə dəvət etmək təşəbbüsündə olmasının səbəbini aşağıdakı kimi açıqlayıb:

“Vaxtilə Hitler və Keytel Leninqradı işğal edəcəklərinə tam əmin idilər. Onlar hətta əvvəlcədən “Astoriya” restoranında keçiriləcək ziyafətə dəvətnamələr də çap etdirmişdilər. Amma bu ziyafət baş tutmadı, onlar bu restoranda öz hərbi uğurlarını qeyd edə bilmədilər. Biz xırdalığa getməyəcəyik, səxavətimizi əsirgəməyəcəyik, Keytelin ziyafət arzusunu ürəyində qoymacağıq, əsl ziyafətin necə olduğunu onlara nümayiş etdirəcəyik...”

ZİYAF.jpg (75 KB)

Jukov onu da göstəriş verib ki, alman generallarının süfrələrində içki və yemək məhdudiyyəti olmasın.

Jukovun səxavəti, menyu zənginliyi alman generallarının təəccübünə səbəb olub. Keytel Nürnberq prosesi zamanı saxlanıldığı həbsxanada yazdığı gündəlikdə həmin ziyafət haqqında da qeydlər aparıb:

“Sovet generalları Göbbelsin təbliğatında deyildiyi kimi sivil həyatdan uzaq, vəhşi xislətli insanlar deyildi. Ziyafət zamanı onların nümayiş etdirdiyi süfrə mədəniyyəti bunu bir daha sübut edirdi. Biz fərqli bir “ziyafət” gözləyirdik, yəni məğlub olmuş generallar kimi bizə yalnız normaya uyğun standart pay verilməli idi, şorba, kartof və yaxud kələm. Ən yaxşı halda isə bir qədəh şnaps (alkoqollu içki). Çeşid-çeşid soyuq və isti yeməklər, kürü, şampan şərabı və digər təamlar məni təəccübləndirməyə bilməzdi...”

Bununla da milyonlarla insanın həyatına son qoyan İkinci Dünya müharibəsi Jukovun ziyafəti ilə sona çatıb.

İlham Cəmiloğlu,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR