Onlayn ictimai-siyasi qəzet
SSRİ-nin aviasiya marşalı Aleksandr Qolovanov haqqında mətbuatda çox yazılar gedib, müharibədəki fəaliyyəti ilə bağlı bir-neçə sənədli film çəkilib. Hətta müharibədən sonrakı dövrdə bəzi alman tarixçiləri Qolovanovu SSRİ aviasiyasının əfsanəsi adlandırıblar. Elə marşalın özünün də bir neçə kitabı işıq üzü görüb. Bu kitablar onu daha da populyarlaşdırsa da, sonuncu kitabının nəşr olunmasına Mərkəzi Komitədə qoyulan qadağa Qolovanova ağır mənəvi zərbə vurub və bu zərbə onun səhhətinə də ciddi təsir edib.
Müasir dövrümüzdən fərqli olaraq, sovet dövründə çap olunan kitabların məzmununa ciddi nəzarət edilib. Xüsusilə, ölkənin hərbi və siyasi mövzusunda yazılan kitablar Mərkəzi Komitənin icazəsindən sonra işıq üzü görüb.
1974-cü ildə Qolovanov növbəti kitabının nəşri üçün bir neçə dəfə Mərkəzi Komitəyə müraciət edib. Kitabın mövzusu sovet-alman müharibəsi ilə bağlı olub və müharibədə Stalinin fəaliyyətinə daha çox yer ayrılıb. Müraciətlərə “yox” cavabı verildikdən sonra Qolovanov Mərkəzi Komitənin ideoloji işlər üzrə katibi Mixail Suslovun qəbuluna yazılıb. Görüş 2-3 dəqiqə çəkib. Suslov kitaba münasibətini bir cümlə ilə bildirib: “Biz Stalinin müharibədəki böyük rolunu danmırıq, amma bu mövzuda kitabın işıq üzü görməsini bu gün üçün məqsədəuyğun saymırıq”.
Marşal Suslovla uzun-uzadı müzakirə açmağı mənasız sayıb, o, bir-neçə cümlə ilə Mərkəzi Komitə katibinin cavabını verib: “Mixail Andreyeviç, bu gün bu rahat kabinetlərdə kimin hesabına oturmağınızı yaxşı bilirsiniz. Məhz Stalinin gərgin siyasi fəaliyyətinin sayəsində qalib bir ölkənin məmurları kimi hərəniz bir vəzifə tutmusunuz. Bəli, çox şeylər qazanmısınız, rahat mənzillər, bağ evləri, xidməti avtomobillər, böyük vəzifələr. Amma itirdiyiniz bir şey də var. O da sizin vicdanınızdır. Stalin haqqında yazılan kitaba qadağa qoymağı mən yalnız vicdansızlıq kimi qəbul edirəm”.
Marşalın qızı atası ilə bağlı yazdığı xatirələrdə həmin görüş haqqında aşağıdakıları qeyd edib: “Həmin görüşdən sonra atam evə çox gərgin və əsəbi qayıtmışdı. Biz onu sakitləşdirə bilmirdik. Məcbur qalıb təcili yardım çağırdıq. Həkimlər bildirdilər ki, atamın səhhəti üçün əsəb sakitliyi ən vacib şərtdir. Ancaq bu, atam üçün mümkün deyildi. Atamı onlar öldürdülər, yuxarıda rahat yaşayan məmurlar. Kitabın nəşr olunmasına ona görə icazə verməmişdilər ki, atam həmin kitabda Brejnevin müharibədəki fəaliyyətindən yazmamışdı. Əvvəlcədən Mərkəzi Komitədən kimsə zəng edib atama bildirmişdi ki, kitaba Brejnevin adı mütləq salınmalıdır. Atam isə bundan qəti şəkildə imtina etmişdi…”
Qolovanov hələ bu hadisədən əvvəl Xruşovun hakimiyyəti dövründə də siyasi təzyiqlərə məruz qalıb. Xruşov ona Stalinin əleyhinə məqalə yazmağı təklif edib. Marşal “mən bu qədər şərəfsiz deyiləm”, – deyə onun kabinetini tərk edib.
Maraqladır ki, nəyə görə sovet liderlərinin məhz Qolovanovdan siyasi umacaqları olub. Yəqin ki, bunun birinci səbəbi marşalın həm siyasi dairələrdə, həm də hərbi elitada böyük nüfuza sahib olmasıdır.
Qeyd edək ki, Qolovanov müharibəyə qədərki dövrdə mülki aviasiya sistemində xidmət edib. O, 1941-ci ildə Stalinə məktub yazaraq təklif edib ki, SSRİ-də strateji uzunmənzilli hərbi aviasiya yaradılsın. Onun yazdığı məktub hərbi-strateji, texniki, II Dünya müharibəsinin getdiyi bir dövrdə beynəlxalq müstəvidə siyasi vəziyyətin təhlili ilə bağlı o qədər mükəmməl olub ki, Stalin məktuba biganə qalmayıb. 1941-ci ilin fevral ayında Kremldə məsələ ilə bağlı müzakirələr başlanıb, Qolovanov Stalinin qəbuluna dəvət edilib. O, Siyasi Büro üzvləri və yüksəkçinli hərbçilərin arasında olmasına baxmayaraq, təmkin və səbirlə uzunmənzilli bombardmançı təyyarələrin müharibənin başlanacağı təqdirdə nə qədər vacib olduğunu, strateji uzunmənzilli hərbi aviasiyanın yaradılmasının zəruriliyini məntiqli şəkildə izah etməyi bacarıb.
Beləliklə, müzakirələrdən sonra Qolovanovun təklifi qəbul edilib, 212-ci aviasiya alayı yaradılıb, Qolovanova polkovnik-leytenant rütbəsi verilərək alay komandiri təyin edilib. Daha sonra o, 1941-ci ilin dekabrında 3-cü uzunmənzilli aviasiya diviziyasına, 1943-cü ildə yaradılan uzunmənzilli aviasiya dəstələrinin birləşdiyi 18-ci hava ordusuna komandan vəzifəsinə təyinat alıb. Qolovanov üç il ərzində podpolkovnik rütbəsindən aviasiya marşalı rütbəsinə qədər yüksəlib.
Qolovanovun müharibə illərində hərbi əməliyyatlarda qazandığı uğurlar sözün əsl mənasında möcüzəyə bənzəyib. Dövlət Müdafiə Komitəsində onun döyüş uçuşları müzakirə ediləndə hətta Stalin öz təəccübünü gizlətməyib və sovet lideri ona son dərəcə böyük hörmətlə yanaşıb.
1944-cü ildə Qolovanovun səhhətində ciddi problemlər yarananda o, vəzifəsindən azad olunmaq üçün Stalinə yazılı müraciət göndərib. Stalin müraciətə cavab verməzdən əvvəl marşalın səhhətini həkimlərdən soruşub və sonra ona zəng vurub: “Aleksandr, (Stalin Qolovanova məhz adı ilə müraciət edib) mən həkimlərlə danışdım. Belə anladım ki, bizim həkimlərimiz heç nəyə yaramırlar, səni sağalda bilməyəcəklər. Buna görə çox təəssüflənmə. Sənə bir tövsiyəm olacaq. Sən hər gün həm evdə, həm də kabinetində çox yox, bir-iki qədəh araq iç, bu səni düzəldəcək”.
Stalinin bu müalicə metodu marşalı təəccübləndirsə də, o, “reseptə” riayət edib. Bir neçə gündən sonra Stalin yenidən marşala zəng vurub. Qolovanov gümrah səsələ özünü təqdim edib: “Aviasiya marşalı Aleksandr Qolovanov eşidir”.
Xəttin o başından Stalinin səsi eşidilib: “Səsinizin tonundan anladım ki, səhhətiniz normaldır. Bu gün səhər sınaq təlimlərində iştirak etməyinizdən də xəbərim var. Demək, hər şey qaydasındadır”.
Sonra Stalinlə marşal 5-10 dəqiqə ərzində hərbi aviasiya ilə bağlı qısa fikir mübadiləsi aparıblar. Sonda Qolovanov sağollaşmaq istəyəndə Stalin onun sözünü kəsib: “Aleksandr, mən bir məsələni də diqqətinə çatdırmaq istəyirəm. Sən bu araq məsələsinə çox da aludə olma. Bir-iki qədəh dərmandır, həddi aşmaq isə əyyaşlıqdır”.
Bununla da telefon danışığı yekunlaşıb.
Qolovanov ömrünün sonun qədər Stalinə öz sədaqətini nümayiş etdirib. Dəvət olunduğu görüşlərdə, rəsmi və qeyri rəsmi tədbirlərdə Stalinin fəaliyyətindən böyük həvəsə danışıb.
Aviasiya marşalı Aleksandr Qolovanov 1975-ci ildə, 71 yaşında vəfat edib.
Medianews.az
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ