Onlayn ictimai-siyasi qəzet
İki il öncə, 2023-cü il oktyabrın 7-dən etibarən İsrail–HƏMAS müharibəsi başlayaraq Yaxın Şərqi yenidən genişmiqyaslı qarşıdurmanın astanasına gətirdi. Bu bölgədə vəhşət və ağrıdan uzaq, sakit həyat arzulayan milyonlarla insanın xəyalları bir il ərzində tamamilə alt-üst oldu.
Xatırladaq ki, HƏMAS-ın 7 oktyabr hücumu çoxəsrlik, həll olunmamış münaqişələrin nəticəsi olaraq baş verdi. İsrail sərhədlərini keçən və əksəriyyəti mülki şəxslərdən ibarət təxminən 1200 insanı qətlə yetirən HƏMAS silahlıları İsrail tarixində yaxın dövrdə yaşanan ən böyük faciələrdən birini törətdi. İsrailin baş naziri Benyamin Netanyahu hücumdan sonra ABŞ prezidenti Co Baydenlə danışığında bu hadisəni "dövlət tarixində yaşanan ən böyük vəhşilik" kimi qiymətləndirdi.
O gündən bəri İsrail HƏMAS-ın bu hücumunun qisasını Qəzzada çıxır. Nəticədə Qəzzada əksəriyyəti mülki şəxs olmaqla təxminən 65 min insan həlak olub, şəhərin böyük hissəsi dağıntılara çevrilib. Bu faciələr fonunda bir sıra dövlətlər və beynəlxalq təşkilatlar İsraili "soyqırım törətməkdə" ittiham edir.
Eyni zamanda, İsrail mediası və rəsmi şəxslər bəyan ediblər ki, 7 oktyabr hücumunun qisası bu dəfə İrandan alınacaq və bunun 12 günlük genişmiqyaslı bombardman şəklində həyata keçiriləcəyi gözlənilir. Bu açıqlamanın əsaslandırılmasında iyun ayında baş verən bombardman nəticəsində İranın nüvə proqramının tamamilə dayandırılmaması və layihələrin hələ də davam etməsi göstərilir.
Bəs İsrail 7 oktyabrda qisas üçün İranı vuracaqmı?
Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət Musavat.com-a danışıb.
Siyasi şərhçinin fikrincə, İsrailin İrandan qisas alacağını proqnozlaşdırmaq mümkün deyil:
"Çünki İsrail müharibəni bitirmək əzmindədir. Üstəlik, ABŞ prezidenti Donald Tramp HƏMAS-a ultimatum verib, konkret vaxt qoyub ki, məsələnin kökündən həlli üçün gərəkli addımları atsın. Yəni əslində bütün bu hadisələrin səbəbkarı terror təşkilatı olan HƏMAS-dır.
Təəssüf ki, bu terror təşkilatının bəd əməlləri nəticəsində təxminən 65 min insan həlak olub və onların böyük əksəriyyəti günahsız uşaq, qadın, mülki şəxslərdir. Əlbəttə, İsrail də əzazillik etməyib deyil. İsrail genişmiqyaslı əks-hücuma keçərək, HƏMAS-ın gizləndiyi şübhəli yerləri hədəfə alıb. Bir çox hallarda bu yerlər xəstəxanalar, sığınacaqlar, hətta çadır düşərgələri və yemək paylayan mərkəzlər olub.
Faktiki olaraq İsrail ağına-bozuna baxmadan anti-HƏMAS hərəkatını davam etdirib və nəticədə 10 minlərlə günahsız insan həyatını itirib.
Səbəbkar kimdir? Birinci səbəbkar əlbəttə ki, terror təşkilatı HƏMAS-dır. Əgər HƏMAS 2023-cü il oktyabrın 7-də bir musiqi tədbirini hədəfə alıb, insanları girov götürməsəydi, bu faciələr baş verməzdi. Lakin onlar bunu etdilər. Bu da göstərir ki, HƏMAS özünü ərəblərin və Fələstinin hüquqlarını qoruyan təşkilat kimi göstərsə də, əməlləri əslində ərəblərə və müsəlmanlara ciddi ziyan vurur.
Doğrudanmı HƏMAS anlamır ki, atdıqları hər addım, hər güllə onların iddia etdikləri din və qan qardaşlarına ziyan vurur? Əgər bunu bilərək edirlərsə, artıq işin içində iş var deməkdir. Bəzən belə görünür ki, HƏMAS əslində ərəblərdən çox İsrailin maraqlarına xidmət edir. Bütün mövcudluğu dövründə HƏMAS İsrailə bəhanə verən qurumlardan biridir.
HƏMAS bir tərəfdə, Hizbullah digər tərəfdə, Husi qrupları üçüncü tərəfdə fəaliyyət göstərir və bütün bunların arxasında İran dayanır. İran İsraili yer üzündən siləcəyini iddia edir, amma əməliyyatları əksinə nəticələnir: İranın dəstəklədiyi bu terror təşkilatları yalnız və yalnız ərəblərə və müsəlmanlara ziyan vurur. Belə bir şəraitdə İsrailin İrandan qisas alacağını söyləmək mümkün deyil".
Azər Həsrət vurğulayıb ki, müharibə artıq son mərhələsinə çatıb:
"İsrail ərazini alt-üst edib, ərəbləri sıxışdırıb və bunun üçün bəhanəni HƏMAS verib. Bundan sonra İsrail quru ərazilərdə öz strateji yerləşimlərini və məskunlaşma planlarını həyata keçirəcək və görünür ki, HƏMAS üçün artıq imkanlar qalmayıb".
Xalidə GƏRAY
Musavat.com
06 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ