İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq Məhkəmədən Gürcüstana ədalətsizlik - Azərbaycanı da haqsızlıq gözləyir?

Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (BCM, BMT-nin qurumudur) 2008-ci il iyulun 1-dən oktyabrın 10-dək davam edən Rusiya-Gürcüstan müharibəsi zamanı törədilmiş hərbi cinayətlər və insanlığa qarşı cinayətlər üzrə istintaqı başa çatdırıb. Bu barədə işdə prokuror qismində çıxış edən BCM prokuroru Kərim Xan məlumat verib.

Qeyd edək ki, Tiflis 2008-ci ildə Haaqa Məhkəməsində Rusiyaya qarşı iddia qaldırıb. Səkkiz il ərzində (2008-ci ildən 2016-cı ilə qədər) BCM ilkin araşdırma aparıb, bundan sonra 2016-cı ilin yanvarında Xanın ofisi Gürcüstandakı müharibə işi üzrə materialları öyrənməyə başlayıb. Nəticədə məhkəmə dörd nəfəri təqsirli bilib: 2005-2008-ci illərdə qondarma Cənubi Osetiya Respublikasının “daxili işlər naziri” olmuş Mixail Mindzayev, 2008-ci ildə “Cənubi Osetiya Daxili İşlər Nazirliyinin istintaq təcridxanasının rəisi” olmuş Hamlet Quçmazov, 2008-ci ildə “Cənubi Osetiya Prezidentinin İnsan Hüquqları üzrə Müvəkkili” David Sanakoev və Rusiya Silahlı Qüvvələrinin general-mayoru, Əfqanıstan və Çeçenistandakı hərbi əməliyyatların iştirakçısı Vyaçeslav Borisov. O, 2002-ci ildən Hərbi Hava Qüvvələrinin komandirinin hava-desant hazırlığı üzrə müavini olub. 2021-ci ilin noyabrında vəfat edib.

BCM-in fikrincə, Rusiya-Gürcüstan müharibəsi zamanı qeyri-qanuni həbslərə, işgəncələrə və qeyri-insani rəftara, insan ləyaqətinin alçaldılmasına, girov götürülməsinə və mülki şəxslərin qanunsuz köçürülməsinə görə məsuliyyət daşıyanlar məhz bu şəxslərdir.

Qəribədir, deyilmi? 8 ildən sonra gəlinən nəticə bumu? Belə çıxır, 2008-ci ildə Gürcüstanın qanuni ərazilərini - Abxaziya və Cənubi Osetiyanı ilhaq edən, orada cinayətlər törədən, ordusu Tiflisin 50 km-dək gələn işğalçı Rusiya baş verənlərə görə heç bir məsuliyyət daşımır? Gürcüstanın Rusiyaya qarşı iddiası nədən təmin edilməyib, Rusiya 5 günlük işğalçılıq müharibəsində niyə suçlu hesab edilməyib?

Bir gün Azərbaycanın işğalçı Ermənistana qarşı iddiasına da baxılacaq. O halda da BCM analoji qərarmı verəcək?

Beynəlxalq hüquq istiqamətindən baxsaq, Azərbaycan Gürcüstanla bağlı presedentdən hansı nəticəni çıxarmalıdır?

Razi Nurullayev “Azəriqaz”la bağlı şikayətlərdən yazdı: “Qərara gəldik ki,  15 nəfərlə danışaq...”

Razi Nurullayev: “Azərbaycanla bağlı analoji qərarın verilməsi inandırıcı deyil”

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev burada Azərbaycan və Gürcüstan arasında ciddi fərqlərin olduğu qənaətindədir: “Beynəlxalq Cinayət Məhkəməsinin Gürcüstanla bağlı verdiyi qərarı təbii ki, mübahisələndirmək olar. Bu artıq Gürcüstan dövlətinin öz işidir. Amma Azərbaycan təbii ki, bu cür məhkəmə proseslərindən və onlardan doğan nəticələri analiz edərək, müəyyən qabaqlayıcı tədbirlərə əl atmalıdır. Bu indiki məhkəmələrdə olan işlərimizə və bundan sonra atacağımız addımlara aiddir. Gürcüstanla bağlı cəmi dörd nəfərin günahkar bilinməsi, Rusiya tərəfindən yalnız hərbi hava qüvvələri generalının təqsirli hesab olunması və onun da dünyasını dəyişməsi səbəbindən artıq məsələyə xitam verilməsi təbii ki, müəyyən suallar doğurur.

Bilmək lazımdır ki, Gürcüstan hansı məsələ ilə bağlı ora müraciət edib. Biri var ki, Rusiyanın Gürcüstanı ilhaq etməsi ilə bağlı, biri də var ki, Kremlin Gürcüstan ərazilərində törətdiyi müharibə cinayətləri ilə bağlı müraciət olsun. Bunlar tam ayrı-ayrı məsələlərdir. Yəqin ki, Gürcüstan rus əsgərlərinin və onların komandirlərinin gürcü əsgərlərinə, yaxud da mülki əhaliyə divan tutması ilə bağlı məsələləri qaldırıb. Bu məsələlər cəmi 5 gün ərzində baş verib. Bu qısa günlər ərzində baş verən hadisələrə qiymət verib cavab almaq çətin bir məsələdir. Müddət çox azdır, yəqin ki, sübut və faktlar elə də çox deyil. O baxımdan Gürcüstanla bağlı belə bir qərar verilə bilər.

Azərbaycan və Ermənistan arasındakı mübahisələndirmələrə gəlincə, təbii ki, ölkəmizlə bağlı da məsələlərə baxılacaq. Unutmaq lazım deyil ki, Azərbaycan əraziləri 30 il müddətdə işğalda qalıb. Konkret olaraq, ermənilərin orada törətdikləri vəhşiliklərin hamısı sübutlaşdırılıb. Video-şəkillər mövcuddur. Bunlar bütün dünyanın göz qarşısında baş verib. O baxımdan Azərbaycanla bağlı analoji qərarın verilməsi inandırıcı deyil. Çünki Gürcüstanla bağlı 5 gün analiz edilib, 5 gün dəyərləndirilib və bu nəticəyə gəliblər. Azərbaycanın Ermənistanla bağlı şikayəti isə 30 illik bir tarixi əhatə edir. Bu baxımdan qərarların eyni olmayacağı düşüncəsindəyəm".

Ərdoğana ABŞ-dan seçki öncəsi təzyiq - eyni tələb Azərbaycana da edilə  bilər...

Züriyə Qarayeva: “Bu məhkəmənin qərarları məcburetmə mexanizminə malik deyil”

Beynəlxalq münasibətlər üzrə şərhçi Züriyə Qarayeva da fərqli düşünmür. O hesab edir ki, belə qərarların icrasının heç bir məcburi tərəfi yoxdur: “Gürcüstan presedentindən çıxarılan nəticə ondan ibarətdir ki, qanun güc deyil, güc qanundur. Beynəlxalq Haaqa Məhkəməsi BMT-nin alt qurumudur və BMT-nin Baş Assambleyası tərəfindən seçilən 15 hakimdən ibarətdir.

Əvvəla, təyinatın hansı prinsiplər əsasında icra olunması böyük sual doğurur. Digər tərəfdən, bu məhkəmənin qərarları heç bir məcburetmə mexanizminə malik deyil. Bundan öncəki təcrübələr bunu deməyimizə əsas verir. Böyük Britaniya, Rusiya, Fransa da vaxtilə beynəlxalq məhkəmənin qərarlarını icra etməkdən boyun qaçırıblar. Belə olduğu halda bu gün məhz Gürcüstanla bağlı hansısa ədalətli qərarın çıxarılması da onsuzda nəyisə dəyişməyəcək. Bu gün Rusiya Ukraynada qanunsuz əməllər törədir. Başqa ölkənin ərazisinə, suverenliyinə təcavüzdən tutmuş, mülki insanlara qarşı törədilən cinayətlərə qədər çox sayda beynəlxalq konvensiyaların prinsipləri pozulub. Hüquqi kontekstdə hansı cəzalar tətbiq olunub və ya preventiv addımlar atılıb?"

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR