Onlayn ictimai-siyasi qəzet
Laçında üç liderin görüşü haqda təhlilçilər çox yazıb, ona görə oxucunun diqqətini Azərbaycanın və Prezident Əliyevin mesajlarını doğru oxumayanlara yönəltmək olar. Əlbəttə, ölkə xaricində Azərbaycana münasibət birmənalı deyil, dostlarımız kimi bədxahlarımız da artıb.
Ermənistanın içində də revanşist və düşmən əhval-ruhiyyənin artdığı hiss edilməkdədir. Qarabağdan könüllü rədd olub gedənlərlə bağlı yenidən “bəlkə də qaytardılar” sayaq xəyalpərəstlər var. Bunlar ayrı, məncə, daxildə də hələ bəziləri Azərbaycanın gündəmini çox dar çərçivəyə çəkməyə çalışır.
Bu mövzuda ötən yazıda da qeyd etmişdik ki, Qarabağdan sonra biz dövlət olaraq özümüzə yeni hədəflər müəyyənləşdirdikdə, özümüzü hədəf(r) etməməliyik. Konkret olaraq Cənubi Azərbaycan mövzusunun dövlətin gündəmi olmadığını qeyd etmişdik. Əlbbətə, iddia etmirəm ki, tam haqlıyam, çünki o taylı-bu taylı Azərbaycan, Araz çayı, Xudafərin körpüsü, Şəhriyar ortaq niskildir. Amma ölkəmizlə, regionla bağlı daha ciddi çağırışlar gündəmdə olduğu zamanda cənub mövzusu gündəm deyil, hətta məlum təyyarə olayından sonra səngiməyən “Şimalla gərginlik” də xüsusi əhəmiyyətli hadisə deyil. Bunu diplomatlar həll edə bilməz, İlham Əliyevlə Putin isə çözər. Rusiya mediasındakı anti-Azərbaycan isterikası Kremlin rəyinə təsir edə bilməz, eləcə də bəzi dairələrin yeri gəldi-gəlmədi anti-Rusiya simlərinə “daha bərk mizrab vurması” dövlət iqamətgahının hasarlarını keçə bilməz. Dövlətlərarası elə məsələlər var ki, bunları ictimai rəyin öhdəsinə buraxmaq olmaz. Məncə, Rusiya ilə bağlı məsələ də bu qəbildəndir. Bunları yeri gəlmişkən qeyd etdim.
Ölkədə fəal siyasi kəsim fərqindədir ki, dünya “soyuq müharibə” dövrünə qayıtdığı üçün müttəfiqlik çox vacib şərtdir. Baxın, Rusiya indi o günə qalıb ki, Ermənistanı KTMT-də yanında oturda bilmir, bunun əvəzində özünün silahlandırıb yaratdığı separatçı qurumları dünyaya “müttəfiqi” kimi sırımağa məcburdur. Azərbaycanın bu tip formal müttəfiqliyə ehtiyacı yoxdur,ona görə özü üçün əsas prioritetləri müəyyənləşdirib.
Regional gücə çevrilən Azərbaycanın özünə inamının bəzi qonşu dövlətlərdə yaratdığı narahatlığı da anlayışla qarşılamaq lazımdır. Kim istəməz ki, Türkiyə kimi müttəfiqi olsun. Pakistan özü bir dünya gücüdür. Qonşusu Çinlə də, uzaqdakı müttəfiqi ABŞ-la da ortaq maraqları uzlaşdıra bilən nüvə ölkəsidir. Azərbaycan heç bir dövlətin yanında özünə yer arayacaq siyasət aparmır, əksinə regionda onunla anlaşmağa can atanlar artır.
Azərbaycanın xarici siyasət kursunda Türk Dövlətləri Təşkilatından yana(tərəf) seçimi etdiyi üçün enerjisinin “cənuba” və ya “şimal”a yox, məhz bu təşkilatın möhkəmlənməsinə sərf edir. Telekanallar, azsaylı qəzetlər daxili auditoriyaya Prezidentin “bizim ailəmiz” dediyi Türk Dövlətləri Təşkilatına verdiyi önəmi izah edir. Amma görünür, bunlar azdır.
İki gün əvvəl AXP sədri Pənah Hüseyn musavat.tv-nin efirində bu mövzuda Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanı inandırmağa çalışırdı ki, “Vahid Azərbaycan mövzusu” hələ də aktuallığını qoruyur və sairə. Mən debatdan qısa parçalara baxdım, ümid edirəm ki, gəldiyim nəticə yanlış deyil. Hesab edirəm ki, Fazil Mustafa Cənub mövzusuna heç də opponentindən az bələd deyil, amma hesab edir ki, o zaman da, indi də Vahid Azərbaycan ideyasını ortaya atmaq yanlışdır. Mən də o rəydəyəm ki, bizim yaxın 50 ildə gündəm məsələmiz bu olmamalıdır. Tarixçi Pənah Hüseyn yaxşı bilir ki, dünyanın dəyişən dəngələri-SSRİ-nin süqutu vahid Almaniya arzusunu gerçəkləşdirdi, Berlin divarları yıxıldı. 1990-cı ilin oktyabrından ötən müddətdə Vahid Almaniya ancaq sənəd üzərindədir.
İllər ötsə də, hələ də şərqi almanlarla(ADR) qərbi almanlar(AFR) arasında mənəvi, siyasi və psixoloji sərhədlər var, bir-birlərini bəyənmirlər, vahid Almaniya ola bilməyiblər. Şərqi və Qərbi Almaniya arasındakı uçurum təkcə siyasi baxışlarındakı fərqlər və ya emosional hislərlə məhdudlaşmır. Şərqi və Qərbi Almaniya arasında əhəmiyyətli dərəcədə həm də iqtisadi bərabərsizlik var. Məsələn, “şərqi almanlar” Qərbdəki həmvətənlərinə nisbətən təxminən 13-15 min avro az qazanırlar. Ölkənin şərqində tam ştatlı işçilərin illik məvacibi Qərb tərəflə müqayisədə xeyli aşağıdır və bu fərq son illərdə azalmayb, əksinə artıb. Berlin divarının yıxılmasından 35 il keçməsinə baxmayaraq, son sorğulara əsasən, şərqi almanların 57 faizi özünü vahid Almaniyada ikinci dərəcəli vətəndaş kimi hiss edir. Azərbaycanın “birləşməsindən” nələr doğa biləcəyi haqda ancaq fərziyyələr irəli sürmək olar. Əminəm ki, ölkədə tam əksəriyyət bu “mümkün(süz) birləşmə”ilə bağlı optimist rəyi yoxdur.
Eləcə də AXCP sədri Əli Kərimlinin liderliyi altında toplaşanların Cümhuriyyətin 107-ci ilində Rəsulzadə abidəsinin yanında Avropa İttifaqının bayrağının dalğalandırması da ölkənin ali siyasətini anlamadıqlarını göstərdilər. Əlbəttə, vaxtilə müxalifətin mintinqlərində təkcə Aİ-nin deyil, ABŞ prezidenti kiçik Buşun portretini də, narıncı köynəyi də görmüşük. Amma Qərbə bu kimi reveranslar çox keçmişdi, gülməli və yersizdir.
Azərbaycan Aİ ilə münasibətlərində əvvəlki siyasətini davam etdirir, amma Ukrayna kimi ölkələrin Avrointeqrasiyasının nə ilə nəticələndiyini də unutmur...
Nazim SABİROĞLU,
Musavat.com
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ