Onlayn ictimai-siyasi qəzet
Fransa prezidenti Emmanuel Makron Vaşinqtona planlaşdırılan səfəri ərəfəsində “Ukrayna öz ərazilərini hərbi yolla geri ala bilməz” – deyib və müharibənin dayandırılmasının vacibliyini bildirib. Üstəlik də Ukraynaya qoşun göndərmək niyyətində olmadığını vurğulayıb.
Bu həmin Makrondur ki, cəmi bir neçə gün əvvəl “Paris masası” qurmuşdu, Ukrayna və Avropada təhlükəsizliyin müzakirəsi üçün bir sıra Avropa liderlərinin qeyri-rəsmi sammitini keçirirdi. Bir az da uzağa gedərək əslində bu tədbirin Ukraynaya dəstək xarakterli olduğunu bəyanlayırdı. Bəziləri də Ukraynaya 700 milyardlıq nəhəng dəstəyin gələcəyi xəbərinin eyforyiyasına düşmüşdülər. Bəs, nə oldu? Fransa ordusunun Ukraynada döyüşəcəyi barədə yalançı vədlər verənlər nə tez “val”I geri çevirdilər?
Son günlər Qərb dünyası Ukraynaya “asi” kəsilib, görürük. Deyək ki, Donald Tramp yeni gəlib və baş verənlərə görə sələfini, Bayden komandasını günahlandıra bilər. Necə ki, deyir mən olsaydım, müharibə başlamazdı. Bəs, Makron? Makron ilk gündən bu işin içindədir və Ukraynaya “qorxma” deyənlərdən biri olub. Dövlət başçısı sıradan biri deyil, o məgər hələ müharibə başlamamışdan bilmirdimi ki, Rusiya kimi nəhəng imperiya varisi ilə baş-başa qorduqları Ukrayna hər cür dəstəklə əhatə olunmasa, fəlakətli tale ilə üzləşəcək? Anlamırdımı ki, bu məsələni müharibə ilə həll etmək olmaz? Hansı ağılla yenə də belə fikirlər səsləndirirlər ki, Ukraynanın qalan hissəsində NATO qoşunları yerləşdirmək, yaxud bu ölkənin yarımçıq qalmış ərazilərini Avropa İttifaqına, ya da Alyansa üzv etmək olar? Bu dəqiqə kifayət qədər iştahlanan və hətta Ukraynanın bir sıra ərazilərini də tələb edən Rusiya NATO və Aİ-yə bu imkanı verərmi? Üstəlik, Kreml Avropanın bəzi ərazilərinə iddialıdır, SSRİ-nin “sosialist məkanı”nı yenidən ələ keçirməyə hazırlaşır. Moskva əldə etdiklərindən kifayətlənməyə bilər. Üstəlik də Rusiyanın Avropa məkanında “buffer zona” yaratmaq niyyəti göz qabağındadır.
Anlayır ki, NATO ona yaxınlaşsa, fəlakət olacaq, ona görə də düşməni maksimum uzaqda saxlamaq üçün daha çox əraziləri təsir zonasına daxil etmək lazımdır. Bax, Makron və digərləri sanki bunu istəyirdilər. İllərdir “sarı jiletlilər”in tələblərinə əməl edə bilməyən, onların əlində əsir-yesir qalan Makron Fransası guya mavi-sar bayraqlıların taleyüklü məsələsini həll edəcəkmiş…Bu da həll: “Ukrayna öz ərazilərini hərbi yolla geri ala bilməz”. Bəs, sülh yolu ilə necə? Tarixdə belə bir həll yolu varmı? Azərbaycan özünün halal ərazilərini azad etməkdən ötrü 30 il ərzində Fransanın da moderator olduğu danışıqlara 30 ilini xərclədi. Nəsə əldə olundumu? Əksinə, Ermənistan elə Makron Fransasından aldığı dəstək hesabına yeni ərazilərin işğalı planını həyata keçirməyə çalışdılar. O Makron idi 44 günlük müharibənin ilk günlərində Azərbaycanın öz ərazilərini hərbi yolla azad etməsinə imkan verməyəcəyini deyirdi. BMT Təhülkəsizlik Şurasının daimi üzvü idi Allah qoymasa. Üstəlik də ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri. Bunların gerçək simalarını tanıyırıq axı. Ona görə də həqiqətləri yazanda bəziləri inciyir, bununla guya Rusiyanın maraqlarına uyğun mövqe ortaya qoyulduğu haqda mənasız iddialar irəli sürürlər. Amma…El misalı var: “Qaza deyir: “Dibim qızıldır”, qaşıq deyir “gəzib gəlmişəm”. Axı, biz “dibi qızıl olanların” gerçək simasına bələd olmuşduq on illər boyunca, istəmirdik ki, dost, qardaş Ukrayna xalqı da o taleyi yaşasın. Volodimir Zelenski Ukrayna xalqının qəhrəmanıdır, tarixdə qalacaq. Amma axı, onu Avropa İttifaqı və NATO-ya üzvlük vədləri ilə Rusiya ilə döş-döşə gəlməyə vadar edən Qərbdəki müttəfiqləri oldu, bunu necə danmaq olar? Bu gün özləri pərən-pərən düşmüş Qərb təsisatlarına üzv olmaq naminə bir cənnət ölkəni dəhşətli savaşa sövq etməyə dəyərdimi? Türkiyə NATO dövlətidir, amma bir sıra hallarda elə NATO üzvü olanlardan ən böyük hazsızlıqları görmürmü? Hətta bu gün köməksiz buraxılmış Ukraynaya Türkiyənin sahib çıxmasına qıcıqlı reaksiya Rusiyadan daha çox Qərbdən gəlir. Bax, Ukraynanı belə “sevirlər”. Ukraynanın 26 trilyonluq sərvətləri uğrunda diş qıcayanlar ona üç il ərzində ayırdıqları pulları geri istəyirlər. Bir-birinin ardınca “pulumuzu qaytar” hayqırmaqla Ukrayna ərazilərindən pay umurlar.
Ukrayna yüz minlərlə insan, 20 faiz ərazi itirib, fəlakətli durumdadır. ABŞ Prezidenti deyir Zelenski “qeyri-legitimdir”, “diktatordur”, “seçki keçirilməlidir”. Döngədə heç atları dəyişmirlər, o da ola ölkənin savaş aparan Ali Baş Komandanını, Prezidentini. Bunu ABŞ lideri bilmirmi? Ukraynanın “dağıldığını”, milyonlarla insanın “lazımsız yerə” həyatını itirdiyini demək indiyəmi qalmışdı? .
Təsəvvür edin, dünyanın supergücünün lideri nə deyir: “Bir düşünün: yüksək dərəcədə uğurlu komediya ustası Volodimir Zelenski qalib gələ bilməyəcəyi və heç vaxt başlamamalı olduğu müharibə üçün ABŞ-ı 350 milyard dollar xərcləməyə inandırdı. ABŞ və Tramp olmadan o bu münaqişəni heç vaxt həll edə bilməyəcək. ABŞ bu müharibəyə Avropadan 200 milyard dollar çox xərcləyib. Avropaya pulun geri qaytarılmasına zəmanət verilib, ABŞ isə əvəzində heç nə almır”.
Qarabağ məsələsində “həmsədr” olanların biri Ukraynanı işğal edir, digər ikisi də qalan Ukraynanı bölüşdürmək üçün hərəkətə keçib. Bəlkə təzədən yığışıb, Ukrayna məsələsi ilə bağlı da “həmsədrlik institutu” elan etsinlər, adını qoysunlar “ATƏT-in Ər-Riyad Qrupu”. Səudiyyə Ərəbistanında beş saatlıq danışıqlar aparmadılarmı? Artıq ABŞ Rusiyanın sözünü deyirsə, onda fikirayrılığı qalmır məntiqlə…
Heyif Ukraynadan, çox heyif! Bu arada, son iki gündə iki azərbaycanlı Rusiya-Ukrayna müharbəsinin qurbanı olub. Biri Şəmkirdən, digəri Astaradan…Vaxtilə bir tikə çörək ardınca getmişdilər…Bu müharibə həm də azərbaycanlıların taleyinə böyük zərbə oldu: yarım milyon Ukraynada, 3 milyon Rusiyada idik…Tez bitsin bu, mənasız müharibə!
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ