İnsanlara hürriyət, millətlərə istiqlal!

Belçika deputata hücumu Çinlə əlaqələndirir – “Financial Times”

Belçikanın Kibertəhlükəsizlik Agentliyi ölkənin tanınmış siyasətçisi, parlamentin üzvü Samuel Koqolatiyə qarşı həyata keçirilən kiberhücumu Çinlə əlaqələndirir. Novator.az-ın məlumatına görə, Böyük Britaniyanın “Financial Times” qəzetində dərc olunan yazıda belə deyilir.

Bildirilir ki, Samuel Koqolati 2021-ci ilin yanvarında Çində müsəlman uyğurların soyqırımına məruz qaldığı barədə qətnamə layihəsinin mətnini hazırlayırmış. Məhz həmin dövrdə o, kiberhücumun hədəfinə çevrilib.

“Financial Times”in əldə etdiyi məlumata görə, 2023-cü ilin yanvarında Belçikanın Kibertəhlükəsizlik Agentliyindən deputata məktub göndərilib. Məktubda bildirilib ki, 2021-ci ildə ona qarşı həyata keçirilmiş hakerhücumun arxasında Çinin dövlət səviyyəsində maliyyələşdirdiyi “APT31” adlı xüsusi qrup dayanıb.

“Financial Times” yazır ki, Belçikanın rəsmi agentliyinin Çin dövlətinin himayə etdiyi qrupun adını çəkməsi artıq Avropanın kibertəhlükəsizlik orqanlarının Pekin rejiminin qanunsuz əməllərinə dözmək istəmədiyini göstərir.

Məqalədə xatırladılır ki, 2022-ci ildə Belçikanın Xarici İşlər Nazirliyi qeyri-adi addım atıb, Çin hökumətindən məkrli kiberfəallığa son qoymağı tələb edib: “Bundan bir qədər əvvəl – 2021-ci ildə Avropa İttifaqı da Çinə kiberhücumlarla bağlı xəbərdarlıq çatdırmışdı”.

Kiberkəşfiyyatla məşğul olan “Recorded Future” şirkətinin həmtəsisçisi Kristofer Albert qəzetə açıqlamasında deyib ki, son illər Avropanın kiberməkanında Çinlə əlaqəli bədxah qruplar xeyli fəallaşıb: “Ancaq Avropa ölkələri iri iqtisadi imkanlara malik Çinlə münasibətləri korlamaqdan çəkindiklərinə görə bir qayda olaraq kiberhücumların arxasında Pekinin dayandığını açıq şəkildə söyləməkdən çəkiniblər. Bu baxımdan Belçika kimi kiçik bir ölkənin Çin dövlətinin himayə etdiyi qrupun adını hallandırmsı cəsarətli addımdır. Beş-altı il əvvələdək Avropa dövlətlərinin Çini kiberhücumda ittiham etməsinə rast gəlmək mümkün deyildi”.

“Financial Times” yazır ki, deputat Koqolati uyğurlarla bağlı qətnamə layihəsinin mətni üzərində işlədiyi dövrdə guya media qurumu olan bir təşkilatdan elektron məktublar almağa başlayıb. Məktublarda saxta təşkilat özünü Çində insan hüquqlarının pozulması halları barədə informasiyalara malik media qurumu kimi qələmə verib. Koqolati bu ad altında məktubların ona nə məqsədlə göndərildiyini yalnız Belçikanın Kibertəhlükəsizlik Agentliyi uydurma təşkilatı ifşa edəndən sonra anlayıb. Demə, elektron məktublaşma sayəsində “ART31” deputatın kompüterinə, eyni zamanda bütövlükdə Belçika parlamentinin kompüter sisteminə zərərli proqramlar yükləmək, sistemə müdaxilə etmək imkanı qazanırmış.

Kibertəhlükəsizlik Agentliyi deputata məktubunda vurğulayıb ki, 2021-ci ildə əslində onunla yazışan “ART31” qrupu olub və bu qrupun əsas işi Çinin hakim rejimini – Kommunist Partiyasını tənqid edən insanları hədəfə almaqdır.

Məsələ ilə bağlı “Financial Times” qəzeti Belçika Kibertəhlükəsizlik Agentliyi ilə əlaqə saxlayıb. Agentlikdən qeyd ediblər ki, onların mənbəsi kiberhücumlarda “APT31”in əli oduğunu söyləyib, lakin agentlik bunu birmənalı şəkildə, tam əminliklə bəyan etməyə tələsmir.

Qəzet Samuel Koqolatiyə də müraciət edib. Deputat Kibertəhlükəsizlik Agentliyindən məktub aldığını təsdiqləyib və deyib ki, indi onun əsas məqsədi Çinin Belçikaya qarşı həyata keçrdiyi bütün kiberhücumları ifşa etmək, bu tip əməllərin hamısını üzə çıxarmaqdır.

2021-ci ilin may ayında Belçika parlamenti müsəlman uyğurlarla bağlı dinləmələri nəzərdə tutduğu vaxtda keçirə bilməmişdi. Çünki parlament kütləvi surətdə kiberhücumlara məruz qalmış və fəaliyyətini bir müddətə dayandırmalı olmuşdu. Lakin iyun ayında parlament Samuel Koqolatinin hazırladığı qətnamə layihəsini qəbul edə bildi.

2022-ci ildə Çin Xarici İşlər Nazirliyinin rəsmisi Belçikanın kiberhücumlarla bağlı irəli sürdüyü iddialara belə cavab verib: “Biz nə kiberhücumları dəstəkləyirik, nə də bu cür hücumlara şərait yaradırıq. Belçika tərəfinin məsuliyyətsiz iddiasını rədd edirik”.

“Financial Times” qəzeti deputat Koqolatinin məruz qaldığı hücumlarla bağlı Çinin Belçikadakı səfirliyinə də sorğu göndərib. Səfirlik hələ ki, qəzetin suallarını cavablandırmayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR