Onlayn ictimai-siyasi qəzet
Bakı Dövlət Universitetinin (BDU) rektor müşavirini və komendantını bıçaqlayan İsmixan Mirzəyevin barəsindəki hökmdən kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası avqustun 29-na təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmixan Mirzəyev 7 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb.
Xatırladaq ki, hadisə 2021-ci il iyul ayının 27-də baş verib. Həmin vaxt Bakı Dövlət Universitetinin təsərrüfat şöbəsində fəhlə işləyən İsmixan Mirzəyev rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirib. Hadisəni törətməkdə təqsirli bilinən İ.Mirzəyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 126.2.1 (qəsdən sağlamlığa ağır zərər vurma iki və daha çox şəxsə qarşı törədildikdə) və 126.2.2 (qəsdən sağlamlığa ağır zərər vurma - zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə) cinayət işi başlanıb. Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində qəfildən maaşının azaldılmasına, sonra isə işdən azad edilməsinə görə gərgin olmasını hadisənin baş verməsinə gətirib çıxardığını deyib.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ