Onlayn ictimai-siyasi qəzet
Bakıda məktəb direktoru tərəfindən təhdid edilən müəllimə "Xəzər Xəbər"ə açıqlama verib və baş verənləri danışıb.
Musavat.com Xəzər TV-yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda paytaxtın 201 nömrəli tam orta məktəbinin direktoru Afaq Əliyeva müəllimdən keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etməyini tələb edib. Müəllim buna etiraz etdiyi üçün direktor onu hədələyir.
Səs yazısında adı keçən məktəbin müəllimi Lalə Şəfaqətova deyib ki, direktor Afaq Əliyevanın işdən çıxan keçmiş direktor müavini ilə şəxsi problemləri olub.
Digər müəllimləri də bu münaqişəyə cəlb edib. Direktor bütün müəllimlərə məhkəmədə Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etmələri üçün təzyiq edib.
Keçmiş direktor müavini Svetlana Hüseynova bildirib ki, işdə olduğu dönəmlərdə direktorun bir neçə qanunsuz əməllərini aşkar edib. Aralarındakı problem də elə bundan sonra başlayıb.
Svetlana Hüseynova bildirib ki, müəllimlər işdən çıxarılmaqdan qorxduqları üçün direktorun dediklərini etməyə məcbur olublar.
Səslənən iddiaları aydınlaşdırmaq üçün televiziya əməkdaşları paytaxtın Nizami rayonunda yerləşən məktəbə üz tutublar. Amma içəri buraxılmayıblar.
Məsələ ilə bağlı Bakı şəhər Təhsil İdarəsindən bildirilib ki, 201 nömrəli tam orta məktəbin direktorunun səs yazısı olduğu iddia edilən məsələ ilə bağlı araşdırma aparılacaq və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. O da qeyd olunub ki, məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.
Videomaterialı təqdim edirik:
23 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ