Onlayn ictimai-siyasi qəzet
Gürcüstan Müstəqillik Günü ərəfəsində ABŞ rəsmilərindən ikitərəfli münasibətlərə necə baxdıqları ilə bağlı suala cavab alıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Donald Tramp administrasiyasından “Gürcü arzusu” hökumətininə gələn cavabdan belə anlaşılır ki, Ağ Ev gürcü hakimiyyətini düşmən hesab edir. Bu, respublikada siyasi böhranı daha da kəskinləşdirib.
ABŞ dövlət katibi Marko Rubio Gürcüstan hökumətini “antiamerikan” adlandırıb və Tiflisə qarşı yeni sanksiyalar tətbiq edəcəyinə söz verib. "Dünyanın mühüm bir hissəsini idarə edən anti-Amerika hökumətinin olması bizim maraqlarımıza uyğundurmu? Yoxsa, bu hökumətin bədəl ödəməsi üçün müvafiq tədbirlər görəcəyik", - Rubio vurğulayıb.
Diplomatın sözlərinə görə, Vaşinqton hələlik “Gürcü arzusu”nu dəqiq necə vuracağına qərar verməyib, lakin bu barədə düşünür. Xüsusilə, Dövlət Departamenti ABŞ-nin Gürcüstandakı səfirliyindən müvafiq tövsiyələr gözləyir.
Əslində, bu, Amerika hakimiyyətinin Tiflisin ikitərəfli münasibətləri sıfırdan başlamaq çağırışlarına ilk rəsmi cavabı sayıla bilər.
Xatırladaq ki, bir müddət əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ prezidenti Donald Trampa açıq məktub yazaraq, onun təmas qurmaq cəhdlərinə məhəl qoyulmamasından qəzəbləndiyini bildirib.
Daha sonra Gürcüstan parlamenti oxşar qətnamə qəbul edərək, ABŞ Konqresindən Gürcüstana qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı təhdidləri dayandırmağı xahiş edib.
Bununla belə, Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri Maka Boçorişvili narahat deyil. Onun fikrincə, Rubionun sözləri ABŞ-nin ölkəsi ilə bağlı hələlik dəqiq mövqe tutmadığını təsdiqləyib.
Bu arada Gürcüstanda siyasi böhran həmişəki kimi davam edir. Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili müxalifət liderləri ilə mayın 26-da keçiriləcək respublikanın Müstəqillik Gününə hazırlığı müzakirə edib. “Gürcü arzusu”nun əleyhdarları əmin ediblər ki, təxribat törətmək niyyətində deyillər və buna görə də öz tədbirlərini hökumətin aksiyasından kənarda keçirəcəklər. Eyni zamanda, onlar indiki hakimiyyətin tərəfdarlarına öz cəlbediciliklərini nümayiş etdirmək niyyətindədirlər.
Musavat.com
23 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ