Onlayn ictimai-siyasi qəzet
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Bərk cisimlər fizikası kafedrasının professoru Sofya Fiqarova vəfat edib.
Musavat.com xəbər verir ki, bu barədə BDU-nun Mətbuat xidmətindən bildirilib.
Sofya Fiqarova 1949-cu ildə Bakı şəhərində anadan olub. 1966-1971-ci illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. 1971-1973-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda işləyib. 1973-cü ildən ömrünün sonunadək BDU-nun Fizika fakültəsinin Bərk cisimlər fizikası kafedrasında çalışıb. 1981-ci ildə fizika-riyaziyyat elmləri namizədi, 2008-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi, 1997-ci ildə dosent, 2013-ci ildə isə professor elmi adı alıb.
Sofya Fiqarovanın elmi fəaliyyəti bərk cisimlərin kvant nəzəriyyəsi, aşağıölçülü sistemlərdə elektron köçürmə hadisələrinə həsr olunub. Güclü maqnit sahəsində yerləşmiş ifratqəfəslərin qalvano- və termomaqnit hadisələrinin kvant nəzəriyyəsinin, həm klassik, həm də ölçüyə görə kvantlanmış keçirici təbəqələrdə köçürmə hadisələrinin ardıcıl nəzəriyyəsinin qurulmasında yaxından iştirak edib. Buraxılış işləri və magistr dissertasiyalarına rəhbərlik edib. Onun rəhbərliyi ilə 20-yə yaxın magistr dissertasiya işi müdafiə olunub, üç elmlər namizədi, bir elmlər doktoru yetişdirilib.
Sofya Fiqarova 2019-cu ildə Azərbaycan Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adını alıb. 2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ