Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidentinin Azərbaycana səfərindən sonra Türkiyə ilə məsləhətləşmələrə niyə ehtiyac yaranıb?
Xarici işlər naziri Ceyhun Bayramov avqustun 27-də Ankaraya səfər edib. Səfər çərçivəsində Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq məsələlərin müzakirə edilib. İstisna deyil ki, Rusiya prezidentinin Azərbaycana səfərindən sonra Türkiyə ilə məsləhətləşmələrə ehtiyac yaranıb.
Məlumdur ki, Cənubi Qafqazda təhlükəsizlik sisteminin qurulması yolunda Bakı və Moskva arasında davamlı məsləhətləşmələr, siyasi müzakirələr aparılır. Bu gün şimalda və cənubda baş verən qlobal müharibələr fonunda Cənubi Qafqazda nizamın qurulması müstəsna əhəmiyyətə malikdir. Rusiya Cənubi Qafqazda ənənəvi maraqlarını güdməsi ilə yanaşı, qardaş Türkiyənin də yeni reallıqlarda bu regionda mövqeyi çox möhkəmdir. Şübhəsiz ki, Rusiya, Azərbaycan və Türkiyənin Cənubi Qafqazda da etibarlı münasibətlər qurması kənar güc mərkəzlərini, böyük dövlətləri, qurumları narahat edir. Azərbaycan və Türkiyənin ortaq yanaşması, davamlı olaraq qarşılıqlı görüşlərin keçirilməsi, beynəlxalq texnologiya ilə ifadə etsək, saat əqrəblərinin tutuşdurulması indiki reallıqda müstəsna əhəmiyyətə malikdir. Görünür, tərəflərin bölgədəki mövcud durumla bağlı müxtəlif mövzuları müzakirə etmələrinə ehtiyac yaranıb.
Yada salaq ki, iyunun 10-da Azərbaycan Prezidenti İlham Əliyev də Türkiyəyə işgüzar səfər edib, Rəcəb Tayyib Ərdoğanla təkbətək görüş keçirib.
Fəzail Ağamalı
VI Çağırış Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında bu səfərin təsadüfi olmadığını qeyd etdi: “Ceyhun Bayramovun qardaş Türkiyəyə səfəri, əlbəttə, təsadüfi deyil. Baxmayaraq ki, iki qardaş ölkə arasında istənilən məsələlər ətrafında, xüsusi olaraq, dünyada və regionda gedən hadisələrlə bağlı intensiv məsləhətləşmələr aparılır. Bu həm ölkə prezidentləri səviyyəsində, qarşılıqlı səfərlər, telefon danışıqları və heç şübhəsiz ki, xarici işlər nazirləri arasındakı görüşlərlə həyata keçirilir. Bu səfər də bu baxımdan təsadüfi hesab oluna bilməz. Nəzərə alsaq ki, Cənubi Qafqaz ətrafında ciddi proseslər gedir. Amerika və Avropa Ermənistan vasitəsilə Qafqaza daxil olub orada möhkəmlənib, Rusiyanı sıxışdıraraq, eyni zamanda Türkiyəni kənarlaşdıraraq hakim mövqe tutmağa çalışır. ABŞ-ın son addımları da bu baxımdan ciddi mahiyyət kəsb edir. Cənubi Qafqazda ciddi nüfuz sahibi olan və həlledici mövqeyə sahib olan Azərbaycanın rəyi nəzərə alınmadan Cənubi Qafqaza gəlmək və burada möhkəmlənmək, sadəcə olaraq, problemlidir. Əlbəttə, biz Amerikanın beynəlxalq güc statusunu nəzərə almalıyıq. Ona görə də indiki situasiyada görünən budur ki, Azərbaycan, Rusiya və Türkiyənin Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində vahid cəbhədən çıxış etməsi daxili zərurətə çevrilib. Çünki Amerika və Avropanın regiona yerləşməsi hər üç dövlət üçün ciddi təhdidlər yaradır. Türkiyənin Cənubi Qafqazda mövcudluğu, onun strateji maraqlarının bu regionda əhəmiyyət kəsb etməsi və burada Orta Asiyanın türk dövlətləri ilə bir coğrafiyanın yaradılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Burada yad qüvvələrin olması heç cür Türkiyəni təmin edə bilməz. Yad ünsürlərin regionun içərisinə girərək, Türkiyə və Azərbaycanın çox ciddi, strateji xarakter daşıyan türk birliyi dövlətlərinin, Turanın yaradılmasına mane olacaq başlıca amillərdən biridir. Rusiyanın ənənəvi maraqları var. Rusiya da Qafqazdan getmək istəmir. Ermənistandan da çıxmaq niyyətində deyil. Deməli, eyni zamanda istər-istəməz Rusiyanın maraqları ilə Azərbaycan və Türkiyənin maraqları üst-üstə düşür. Bunların uzlaşdırılması baxımından Putinin Azərbaycana gəlişindən, Türkiyə və Azərbaycan prezidentlərinin telefon danışığından sonra görünür ki, məsələlərin masa üzərində xarici işlər nazirləri səviyyəsində müzakirəsinə ciddi ehtiyac duyulub. İstisna etmirəm ki, XİN rəhbərləri arasındakı görüşdə Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan məsələsi müzakirə mövzusu olub. Hesab edirəm ki, bu səfər Azərbaycan, Rusiya və Türkiyə arasındakı münasibətlərin strateji və geosiyasi maraqlarının uzlaşdırılması baxımından xüsusi məna kəsb edir. Amerika və Avropanın Ermənistan vasitəsilə Cənubi Qafqaza yerləşməsinin qarşısının nə dərəcədə alınmasının detallarının yaxın gələcəkdə şahidi olacağıq. Hər halda, Amerika və Avropanın Cənubi Qafqaza yerləşmək niyyəti Azərbaycanın strateji maraqlarına və milli təhlükəsizliyinə təhdid yaradan hadisə olardı. Çünki hazırkı dövrdə Azərbaycan-Rusiya münasibətlərində kifayət qədər qarşılıqlı etimad var. Qardaş Türkiyə ilə Rusiya arasında da qarşılıqlı etimada söykənən münasibətlər mövcuddur. Azərbaycanın burada əli daha güclüdür. Çünki özünün Rusiya ilə münasibətləri, digər tərəfdən, Türkiyə amili var. Bu üç dövlətin Cənubi Qafqazda fəaliyyəti məqbul hesab oluna bilər, nəinki Amerika və Avropanın Cənubi Qafqaza yerləşməsi...”
Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva bu səfəri bir neçə istiqamət üzrə önəmli sayır: “Xarici işlər naziri Ceyhun Bayramov çox həssas məqamda qardaş ölkəyə səfərə yollandı. Baş diplomatımızın Türkiyə səfəri bir neçə istiqamət üzrə önəmlidir. Birincisi, son zamanlar Ermənistanın silahlandırılması regionda sülhə olan təhdidi daha da artırır. Bu, indiki məqamda Azərbaycanla yanaşı, Türkiyə və Rusiyanın da maraqlarına təhdiddir. İkincisi, Şimali Kipr Türk Respublikasının müstəqilliyinin Azərbaycan tərəfindən tanınması məsələsi masa üzərindədir. Çox güman ki, Ankara və Bakı bu məsləhətləşmələrdə son mərhələyə qədəm qoyur. Üçüncüsü, Fransanın simasında Qərbin bu regiona təhdidləri daha da artmaqdadır. Bu önəmli təhlükəsizlik məsələsi ilə bağlı iki qardaş və müttəfiq ölkənin ciddi məsləhətləşmələrinə ehtiyac var. Digər məsələ, embarqo altında çabalayan Rusiya neftinin, qazının Azərbaycan və Türkiyə vasitəsilə dünya bazarına çıxarılması da gündəmdədir. Çox güman ki, prezident Putinin Bakı qovluğunda bu məsələ də olub. Ona görə də Bakı Ankaranın bu məsələdəki mövqeyi ilə tanış olmalıdır. Başqa bir nüans isə Ukrayna-Rusiya savaşı ilə bağlı Bakı və Ankaranın birgə vasitəçilik missiyasıdır. Çox güman ki, ilin sonundan etibarən Şərqi Avropa cəbhəsində sülh gündəlikləri və sülhə gedən yol müzakirəyə çıxarılacaq. Bu baxımdan, Bayramovun türkiyəli həmkarının mövqeyini öyrənməyə çalışacağı da istisna deyildi. Unutmamalıyıq ki, Bakı və Ankara vahid diplomatik xəttin iki çoxistiqamətli vektorudur”.
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bəzi məsələlərlə bağlı iki qardaş ölkənin XİN rəhbərlərinin bir-birini məlumatlandırdığını istisna etmir: “Xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə hazırkı səfəri iki dövlət arasında strateji müttəfiqliyin - Şuşa Bəyannaməsinin xarakterindən irəli gəlir. Ceyhun Bayramovun türkiyəli həmkarı Hakan Fidanla Bakı ilə İrəvan arasında sülh prosesini müzakirə edəcəyi gözlənilirdi. Ceyhun Bayramov İrəvanla danışıqların gedişi və yazışmalar barədə Hakan Fidanı detallı məlumatlandırmalı idi ki, Ankara gələcək addımlarını buna uyğun müəyyənləşdirə bilsin. Çox güman ki, Hakan Fidan da paralel olaraq Ceyhun Bayramovu İrəvanla apardığı danışıqların təfərrüatları barədə məlumatlandırıb. Bu haqda da detallı bilgi Bakıya lazımdır ki, Ermənistan hökumətinin niyyətini analiz edə bilsin. Bütün hallarda Bakı ilə Ankara birgə səylərlə qısa müddətdə İrəvanı tərəfləri razı salacaq sülh və ya çərçivə sazişini imzalamağa məcbur etməlidir. Birinci məqsəd bölgədə davamlı sülhə nail olmaqla regional əməkdaşlığın yollarını açmaqdırsa, ikinci məqsəd Ermənistanı mövcud alətlər vasitəsilə anti-Azərbaycan və anti-Türkiyə bloklarında iştirakdan uzaqlaşdırmaqdır".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ