Onlayn ictimai-siyasi qəzet
Öncə uca millətimizin müsəlman hissəsini Qurban bayramı münasibətiylə təbrik edirəm. “Müsəlman hissəsi”ni ona görə xüsusi vurğulayıram ki, maşallah, bizdə tolerantlıq, demokratiya zirvələrə yüksəlib, hər dindən, etiqaddan adamlarımız, o cümlədən oxucularımız var və onların hamısını islam dininin bayramı münasibətiylə qutlamağın mənası yoxdur. Bəlkə kimsə krişnaitdir? Ya da buddist. Buddistlər əsasən canlıları öldürmür. Maraqlıdır ki, təriqətin qurucusu Budda müəllim keşməkeşli yollardan keçəndən sonra, nirvanaya çatanda ət yeməyi də bərpa edibmiş, lakin şərt qoyubmuş: “Ətini yediyim heyvanı gözümün qabağında kəsməyin!”. Mükəmməl riyakarlıqdır. Lap paxıllığım tutur. Düşünürəm Budda azərbaycanlı olmuşdur.
Hətta caynist azərbaycanlılar var, onlar heç qarışqanı öldürmür, yeriyəndə qarşılarına süpürgə çəkirlər.
İldən-ilə Qurban bayramını daha mütərəqqi qeyd edirik, məsələn, mənim yadımdadır, qabaqlar bu bayram gələndə bəzi ateistlər mırıldaşırdılar: “Məni qoyun şəklinə tag eləyən filan-filan olsun”. Sonra qoyun əti bahalaşdı, camaatın çoxu ətin şəklinə baxmağa başladı, ta qoyun şəklindən narazılıq edən azaldı, demək olar yoxdur. Hətta deyərdim ki, hazırda qoyun şəklinə tag olunmaq xüsusi, əlamətdar, seçkin insanlara məxsus keyfiyyətdir, hər binəvaya qismət olmur. İnşallah, bu əziz bayram günündə rəisiniz, prokurorunuz, icra başçısı və deputatınız sizi qoç şəklinə tag eləsin, ilahi, amin!
Bəzi rayonlarda polis rəisləri əhalinin imkansız təbəqələri üçün qoyun kəsib paylamışdır, bunun özü alqışa layiqdir. Güman edirəm bunun üçün idarənin yardımçı təsərrüfatları yaradılmışdır.
Bu arada, sözgəlişi, çörəyin qiyməti bayram öncəsi 5 qəpik ucuzlaşmışdır, bunun özü xalqa yüksək qayğının əlamətidir. Şəxsən mən o xəbəri oxuyanda ağladım. Sevindiyimdən. Sonra axmaq müxalifətçilər deyirlər guya bizdə hər şey, hər il, dayanmadan bahalaşır. Niyə müsbət şeyləri də görmürlər? Bunu göstərmək üçün mütləq idarəyə aparılmalısınız? Müstəqil, özxoşuna da mümkündür axı. Şəxsən mən son illər müsbət şeyləri özüm, yalqız şəkildə görməyə alışmışam. Heç vaxt hökumətə əziyyət vermirəm ki, məni aparıb müsbət şeyləri göstərsinlər. Onsuz işləri başlarından aşır.
Qayıdaq əziz bayrama. Şəhərdə bir elektron mallar dükanı Qurban bayramı münasibətiylə kampaniya elan edib, onun reklamında ağ və qara rəngli 2 qoyun həmin bu dükandan alver edib hədiyyə paketiylə yola düzəlirlər. Olduqca kreativ reklamdır. Həmin dükandan mal alanların, necə deyərlər, “mal olmasını” daha necə izah etsinlər? Doğrudan da həmin dükanın müştərilərinin narazılıq qışqırtıları son illərdə dəfələrlə yüksəlmişdir. İndi yenə narazı qalanlar olsa, “sizə öncədən reklamda xəbərdarlıq etmişdik” söyləməyə tam əsasları var. Şair demişkən: “İt olub hürmədik aya, Yıxdı bizi abır-həya, Qoyun olmaya-olmaya, Qoyun olmaq çətin şeydir”.
Abır-həyaya ciddi fikir veririk. Abır dövlət tərəfindən tənzimlənən xidmətlər sferasına daxildir. (Hörmətli oxucular “tərəfindən” sözünü qəsdən işlətdiyimə fikir versinlər. Bu, ana dilimizi zibilləyən əsas alaq otlarından biridir. Hara baxırsan “tərəfindən” görürsən. Təklif edirəm bu sözü yazanlara 15 sutka verilsin. Polis tərəfindən). Doğrudan da, millət abrına-həyasına qısılıb yıxılır. Ayaq üstdə, dik durmaq üçünsə bir qədər həyasız olmaq labüddür. Yazı dini bayram gününə təsadüf etsə də, qeyd etməliyəm ki, təkamül nəzəriyyəsinə görə çox utancaqların, abır-həya gözləyənlərin nəsli tükənir, kəsilir. Bu, eynilə cəsurlara, qəhrəmanlara da aiddir. Adətən cəsurlar ölür, qorxaqlar isə yaşayır. Hazırda planetimizdə yaşayan canlıların hamısı, içi biz insanlar daxil, qorxaqların nəsliyik. Təbii seçmənin amansız qanunları belə sonuclara gətirmişdir.
Niyə bu yerə gəlib çıxdıq heç bilmirəm. Hələ yadıma ata sözü düşüb: “Çobanın könlü olsa, təkədən pendir tutar”. Söhbətə bax, sən canın.
Təkə keçinin erkəyinə deyilir, bunu da yazım, mənzərəni tam təsəvvür eləyəsiniz.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ