İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenin təşəkkürü - bəs Putinin məktubunda nələr yer alacaq...

28 May Müstəqillik Günü münasibətilə Amerika prezidenti Co Baydenin mayın 20-də Prezident İlham Əliyevə göndərdiyi məktub günlərdir müzakirə olunur. Ağ Ev sahibinin məktubunda ən  çox diqqətçəkən məqamlardan biri Ukraynaya verdiyi dəstəkdən dolayı rəsmi Bakıya təşəkkür etməsi oldu.

Baydenin bu məktubu Ukraynada hazırda müharibə aparan Rusiya prezidenti Vladimir Putini də gündəmə gətirib. Kreml sahibinin nə vaxt ölkəmizə təbrik mesajı göndərəcəyi, onun məktubunda nələrin yer alacağı müzakirələr sırasındadır. Bu da təsadüfi deyil. Çünki hazırda Rusiya-Ukrayna qarşılaşması ilə yanaşı, həm də daha çox Rusiya ilə Qərb üz-üzə dayanıb. 

Bu barədə əməkdar jurnalist, politoloq Elçin Mirzəbəylinin şərhi çox maraqlıdır: “Baydenin İlham Əliyevə ünvanladığı məktubda yer alan fikirlər həm də zamanlama və məzmun baxımından qarşılıqlı münasibətlərin perspektivi ilə bağlı önəmli mesajlarla zəngindir. Zamanlama və məzmunla bağlı məqamlara eyni müstəvidə diqqət çəkməyim, şübhəsiz ki, təsadüfi deyil. Əks təqdirdə, Baydenin məktubuna dövlətlərarası münasibətlərin tərkib hissəsi, protokol və etiket qaydalar kimi də yanaşmaq olardı. Amma məktubun məzmunu və burada yer alan mesajlar ABŞ prezidentinin Azərbaycanın Dövlət müstəqilliyi günü ilə bağlı mövqeyini, dövlətçilik, daha dəqiq desək, Cümhuriyyətçilik ənənələrimizin çağdaş Azərbaycan Respublikasının siyasi-ideoloji əsaslarını təşkil edən strateji hədəflərinə münasibətini əks etdirir. Müasir Azərbaycan dövləti müsəlman Şərqinin ilk respublikasının varisi, nəhəng bir ərazinin kiçik hissəsində demokratik ənənələrin təməlini qoyan Azərbaycan Xalq Cümhuriyyətinin xələfidir. Azərbaycan müsəlman Şərqinin qaranlıqlarından milyonlarla insana işığı, inkişafın yolunu nişan verən Dan ulduzudur. Vaxtilə real müstəqilliyə can atan Azərbaycan Xalq Cümhuriyyətinin arzuları müasir Azərbaycan Respublikasının liderinin zəkası və dəmir iradəsi nəticəsində gerçəkliyə çevrilib. Azərbaycan Cənubi Qafqazda öz gücü və potensialı hesabına ayaqda durmağı bacaran, dövlətçiliyini real və müstəqil iqtisadi-siyasi əsaslar üzərindən inkişaf etdirən yeganə dövlətdir, müasir geosiyasi reallıqlar çərçivəsində öhdəliklərinə sadiq qalaraq, qürurunu, şərəfini qoruyaraq, sülhün, əmin-amanlığın, təhlükəsizliyin, milli və bəşəri dəyərlərin keşiyində dayanaraq, irəliyə doğru addımlamağı bacaran respublikadır. Azərbaycan dövlətinin müstəqilliyini, torpağının bütövlüyünü canından üstün tutan azad insanların Vətənidir. İdeoloji baxımdan bir az yüklü görünsə də Co Baydenin məktubunda yer alan məqamlara, məhz ABŞ-ın Azərbaycanın çağdaş obrazına - müstəqil mahiyyətinə və hədəflərinə verdiyi dəyər kimi qiymətləndirirəm. Mənə görə, dövlətlər də insanlar kimidir. Güclü, ədalətli və azad olanları, öz maraqlarını sonunadək qorumağı bacaranları sevməyə bilərlər, amma hörmət bəslədiklərinə zərrə qədər də şübhəm yoxdur. Azərbaycan dövlət olaraq, məsuliyyətli davranışları ilə, öhdəliklərinə sədaqəti ilə, prinsipallığı, qətiyyətli mövqeyi ilə bu gün dünyanın bir çox ölkələrinə nümunə ola bilər.

Elçin Mirzəbəyli: Ermənistan tarixinin ən acınacaqlı günlərini yaşayır -  AZƏRTAC

Elçin Mirzəbəyli: “ABŞ prezidenti bəyan edir ki...”

ABŞ prezidentinin 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycanla əməkdaşlığa verdiyi yüksək dəyərin əsasında dayanan amillərdən biri də məhz yuxarıda sadaladığım məqamlarla bağlıdır. 1994-cü ildən, ”Əsrin müqaviləsi"ndən başlayaraq, Cənub Qaz Dəhlizinədək keçilən yolda ölkəmizin qarşılaşdığı saysız-hesabsız və keçilməz görünən maneələrin hansı çətinliklər hesabına dəf edildiyini nəzərə alsaq, milli hədəflərimizə çatmaq üçün sərf etdiyimiz əməyin nə qədər böyük olduğunu müəyyənləşdirə bilərik. Baydenin məktubunda Azərbaycanın enerji resurslarının Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynadığının xüsusi olaraq vurğulanması da, istinasız olaraq, sözügedən istiqamətdə çəkilən zəhmətin, nümayiş etdirilən qətiyyətin bir daha diqqətə çatdırılması, ölkəmizin etimadlı tərəfdaş kimi qiymətləndirilməsidir. Məktubda diqqət çəkən önəmli məqamlardan biri də Azərbaycanın Ukraynanın suverenliyinə verdiyi dəstəyin, göstərdiyi humanitar yardımların əhəmiyyətinin qeyd olunması, ölkəmizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələrin təqdir edilməsi, bütövlükdə dövlətimizin beynəlxalq hüququn qlobal məsuliyyətini yüksək səviyyədə dərk edən müstəqil subyekti kimi bəşəriyyət üçün həyati önəm daşıyan proseslərdəki müsbət rolunu ifadə edir. Bu və digər məqamlar, eləcə də hazırkı vəziyyətin Cənubu Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkan kimi qiymətləndirilməsi, ABŞ-ın regiondakı mövcud reallıqları qəbul etdiyini bir daha təsdiqləyir. Bu yanaşma, eyni zamanda Birləşmiş Ştatların Azərbaycanın suverenliyinə, ölkəmizin bölgədə oynadığı mühüm sabitləşdirici rola açıq və birmənalı dəstəyi kimi də qəbul oluna bilər. Azərbaycan-Ermənistan münasibətlərinin bu günü və perspektivi ilə bağlı ABŞ prezidentinin məktubunda yer alan fikirlər də sübuta yetirir ki, rəsmi Vaşinqton sərhədlərin delimitasiyası və sülh müqaviləsi ilə bağlı birbaşa təmasların qurulmasında və davam etdirilməsində maraqlıdır. Bu isə Azərbaycanın mövqeyi ilə tamamilə üst-üstə düşdüyü üçün rəsmi Bakının təşəbbüslərinin və cəhdlərinin dəstəklənməsi anlamına gəlir. Prezident Bayden məktubunda bəyan edir ki, Birləşmiş Ştatlar qarşıdan gələn illər və onilliklərdə Azərbaycanla münasibətlərini daha da genişləndirmək arzusundadır. Bu isə dünyada və subregionda baş verən proseslərin, mövcud geosiyasi kataklizmlərin fonunda verilən çox ciddi mesajdır və Azərbaycanın müstəqil inkişafına, işıqlı gələcəyinə olan inamı ifadə edir. Adətən Rusiya prezidentinin 28 Mayla bağlı məktublarında strateji əhəmiyyət daşıyan mesajlar yer almır, əsasən iki ölkə arasındakı mövcud münasibətlərə və bu münasibətlərin perspektivinə ümumi ifadələrlə diqqət çəkilir".

Akif Nağı MSK-dan cavab gözləyir – Novator.az

Akif Nağı: “Məktubun məzmunu ilə əlaqəli ciddi bir dəyişiklik hiss olunmadı”

QAT sədri Akif Nağının isə mövqeyi belədir: “Azərbaycanla Ermənistan arasında həssas proseslər gedir. Ermənistan çalışır ki, Azərbaycanın qələbəsinin nəticələrini heçə endirsin və revanş almaq üçün əlverişli məqama qədər vaxtı uzatsın. Onlar bu cəhdlərində Rusiyanın və ABŞ-ın dəstəyinə ümid edirlər. Ona görə də bu iki dövlətin özlərini necə aparacaqları, nə deyəcəkləri bizim üçün maraqlıdır. ABŞ-ın mövqeyində hələ ki müsbət tendensiya görmürük, daha çox erməniləri müdafiə edir, ”status" deyib dururlar. Bu təbrik məktubu da bizim üçün rəsmi Vaşinqtonun mövqeyini dəyişib-dəyişmədiyi baxımından əhəmiyyətlidir. Məktubun məzmunu ilə əlaqəli ciddi bir dəyişiklik hiss olunmadı. Daha çox Ukraynaya dəstək məsələsi qabardıldı, belə təsəvvür yarandı ki, ölkələrə onların Ukraynaya dəstəyinin miqdarına uyğun dəyər verirlər. Bizim gözlədiyimiz məsələ ilə bağlı "Azərbaycanla Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə kömək etməyə hazırıq" ifadəsi işlədildi. Bu isə bizi qətiyyən qane edə bilməz. Azərbaycan torpaqlarını işğaldan azad edib, işğalçını öz ərazilərindən çıxarıb. ABŞ da buna uyğun mövqe sərgiləməlidir. 30 il işğalçı ilə işğala məruz qalan arasında fərq qoymadılar. İndi də həmin siyasəti davam etdirirlər. Diqqəti çəkən məqam məzmunla deyil, forma ilə bağlıdır. Birincisi, ABŞ prezidenti təbrikini bayramımıza 10 gün qalmış göndərdi, belə şey olmamışdı. İkincisi, Ermənistana hələ də təbrik göndərməyiblər. Üçüncüsü, bu təbrik kritik Brüssel görüşü ərəfəsində baş verdi. Mənim qənaətim ondan ibarətdir ki, Bayden Azərbaycanı daha yumşaq mövqe tutmağa, ermənilərə güzəştə getməyə sövq etdirməyə çalışır. Yuxarıda qeyd etdiyimiz üç amil bununla bağlıdır. Ya da ola bilər ki, Azərbaycanın Ukrayna məsələsində daha çox Vaşinqtonun mövqeyinə meyillənməsini, onların diqqətinə uyğun hərəkət etməsini istəyirlər. Putin isə hələ təbrik göndərməyib. O, təbrikini adətən tarixi günə bir-iki gün qalmış, özü də qısa və quru formada göndərir. İndi vəziyyəti ağırdır, ola bilər ki, o da əl-ayağa düşsün, ifadələrini bir qədər ”istiləşdirsin"".

 İlyas Hüseynov: Paşinyanın deyə bilmədiyini Tatoyanın söyləməsi digər  qüvvələrin istəyi kimi sezilir FOTO - "İki sahil"

İlyas Hüseynov: “Məktubun 8 gün öncə göndərilməsi göstərir ki...”

Politoloq İlyas Hüseynov bildirdi ki, Baydenin cənab Prezident İlham Əliyevə 28 Mayla bağlı məktubu bir sıra xüsusiyyətlərinə görə diqqət çəkir: “Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə toxunan Bayden ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığımız tarixin mühüm anında öz bəhrəsini verdiyini, Azərbaycanın Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynadığını qeyd edir. Hazırda enerji təhlükəsizliyi dünyanın ən prioritet sahəsidir. Bu xüsusda rəsmi Bakının qlobal təşəbbüsləri ABŞ tərəfindən təqdir olunur. Digər məqam, Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımın vacib ismarış verməsi ilə bağlıdır. ABŞ həmçinin terrorizmə qarşı qlobal mübarizəyə Azərbaycanın verdiyi əhəmiyyətli töhfələri təqdir edir. Məktubda ABŞ lideri Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində Amerika Birləşmiş Ştatlarının Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir. Bu çox önəmli bir amildir və rəsmi Vaşinqtonun konkret mövqeyini ortaya qoyur. Qarşıdan gələn illər və onilliklərdə münasibətləri daha da genişləndirmək arzusu ilə bağlı fikirlər də göstərir ki, ABŞ regiondakı yeni geosiyasi reallıqları qəbul edir və bu istiqamətdə rəsmi Bakı ilə işləməkdə maraqlıdır. Amerika Birləşmiş Ştatları tərəfindən bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycanla Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırlıq ifadə olunur. Müstəqillik gününün ölkəmizdə qeyd olunmasından 8 gün öncə Bayden tərəfindən məktubun göndərilməsi göstərir ki, Azərbaycana maraq çox böyükdür və əməkdaşlıq perspektivləri çox genişdir. Şimal qonşumuz Rusiyadan da hər il 28 May günü ilə bağlı təbrik göndərilir. Lakin bu il hansı fikirləri əhatə edəcəyini yaxın günlərdə izləyə bilərik”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR