İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenin Bakıya kritik məktubu, Blinkenin zəngi - İrəvan siqnalları düz tutmasa...

Erməni radikalların bir aydır davam edən etirazlarının kütləvilik qazanmamasının əsas səbəbi; “status məsələsi qeyri-müəyyən gələcəyə qalıb” mesajının tək anlamı budur ki...

Rəsmi İrəvan budəfəki Brüssel görüşündən sonra da “xarici oxumağa” başlayıb. Baş nazir Nikol Paşinyan erməni toplumunu təsəlli edərək bildirib ki, Avropa İttifaqı Şurasının baş katibi Şarl Mişelin 22 may görüşünün yekunu ilə bağlı söylədiyi, erməni cəmiyyətinin radikal kəsimində bomba effekti yaradan “Qarabağın etnik erməni əhalisi” ifadəsi sırf onun özünə məxsusdur və Brüsseldə “İrəvanla Bakı arasında ortaq ifadələr məsələsində hər hansı anlaşma olmayıb”.

“Bakı hesab edir ki, Qarabağ münaqişəsi həll olunub. Ermənistan isə əmindir ki, belə deyil. Sülh müqaviləsinin imzalanması ilə bağlı mümkün danışıqlar kontekstində Bakı 5 təklifini, İrəvan isə öz gündəliyini təqdim edib. Məhz bunun əsasında sonrakı danışıqlar aparılmalıdır. Bizim təklif etdiyimiz prinsiplər Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyini və hüquqlarını, eləcə də yekun statusunun dəqiqləşdirilməsini nəzərdə tutur. Bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur”.

Bu sözləri də srağagün parlamentin iclasında N.Paşinyan söyləyib.

Xarici işlər naziri Ararat Mirzoyan isə yenə “ATƏT-in Minsk Qrupu”, “status” arzularını dilə gətirərək, “Dağlıq Qarabağ konflikti”ndən dəm vuraraq, gileylə iddia edib ki, “Rusiya-Ukrayna müharibəsi səbəbindən Minsk Qrupu həmsədrliyinin fəaliyyəti, yumşaq desək, qeyri-aktivdir”.

“Ukrayna müharibəsindən sonra həmsədrlər arasında müəyyən fikir ayrılıqları var. Amma biz ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların yerini və formatını görməkdə davam edirik. Biz bu barədə bütün beynəlxalq tərəfdaşlarla və ən əvvəl də həmsədrlərlə daim danışırıq. Məmnuniyyətlə qeyd etməliyəm ki, həmsədr ölkələr son vaxtlar bu formatda işi davam etdirmək öhdəliyini bir daha təsdiqləyirlər”, - deyə köhnə bayatını oxumağa davam edən XİN başçısı sırtıqcasına bildirib.

Paşinyan radikalların qarşısına hansı həll yolu ilə çıxacaq?

Mirzoyan onu da deyib ki, Minsk Qrupu həmsədrliyində hansısa konsensusdan danışmaq şişirtmə olsa da, bu formatın “öldüyü” barədə fikirlər də guya şişirtmədir. Yəni ki, ermənilərin arzusunu ürəyində qoyan MQ, sən demə, heç də ölməyib, yaşayır...

*****    

Erməni tərəfinin bu qəbildən davam edən siyasi-diplomatik hoqqabazlıqları haradasa anlaşılandır. Hələ ki “miatsum” havasından tam çıxmayan erməni xalqı acı gerçəyi qəbul eləməyə hazır deyil. Bununla belə, iqtidar düşərgəsindən cəmiyyətə verilən praqmatik siqnallar artır.

Məsələn, xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan XİN binasına soxulan müxalif deputatların tələblərinə baxmayaraq, “artsax Azərbaycanın tərkibində olmayacaq” cümləsini söyləməkdən imtina edib. Qeyd edək ki, Səfəryan dövlət sərhədinin delimitasiyası və təhlükəsizliyi üzrə yenicə yaradılan komissiyanın üzvüdür.

Paşinyan Səfəryana yüksək vəzifə verdi

Öz növbəsində parlamentdəki hakim “Mülki müqavilə” fraksiyasının üzvü Arman Yeqoyan radikal-şovinistləri şoka salan belə bir cümlə işlədib: “Bu gün ”artsax"ın statusu məsələsi 2016-cı ildən bəri olduğu kimi, qeyri-müəyyəndir, yəni qeyri-müəyyən gələcəyə saxlanılıb".

Yəni əslində Ermənistan rəhbərliyi reallığı çox yaxşı bilir. Bəyan edilənlər isə radikal erməni ictimai rəyini, daha dəqiqi revanşist kəsimi sakitləşdirmək üçün taktiki gedişlər sayıla bilər. Aydındır ki, bu, elə gələcəkdə “artsax üçün heç bir status olmayacaq” anlamını verir. Yaxşı olar ki, iqtidarlı-müxalifətli Ermənistan cəmiyyəti müharibə sonrakı gerçəyi tezliklə qəbul eləsin. Çünki başqa yol yoxdur. Bu, ən əvvəl kapitulyant ölkənin öz qurtuluşu üçün vacibdir.

Enində-sonunda sözsüz ki, belə də olacaq. Radikal müxalifətin iqtidar əleyhinə bir aydır davam edən aksiyalarının kütləvi dəstəyə həsrət qalması bunun bariz təzahürüdür. Bu xüsusda Ermənistanda reallığın fərqində olanlar artmaqdadır. Revanşistlərin aksiyalarında anti-Türk xarakterli, irqçi şüarlara ermənilərin özləri arasında etirazın artması bu yöndə ehtiyatlı nikbinliyi gücləndirir.

*****

“Ermənistanda həqiqətən türklər və bazaları olsaydı, ”Türksüz Ermənistan" şüarını mən başa düşərdim".

Yalnız bu halda "Türksüz Ermənistan" şüarını başa düşərdim" - Babayan

Bunu İrəvan Dövlət Kukla Teatrının bədii rəhbəri və direktoru Ruben Babayan deyib. O, Ermənistanda hazırda baş verən prosesləri anlamadığını söyləyb.

“Türkiyənin 102-ci hərbi bazası Gümrüdə yerləşsəydi, sərhədlərimiz türk sərhədçiləri tərəfindən qorunsaydı, mən ”Türksüz Ermənistan" şüarını başa düşərdim. Əgər qaz təsərrüfatımız tamamilə türklərin əlində olsaydı, başa düşərdim. Atom elektrik stansiyası, eləcə də elektrik enerjisi sənayesi türklərin olsaydı, yenə başa düşərdim. Dəmir yolumuzu türklər idarə etsəydi, bu da anlaşılan olardı. Türkiyə türk məktəbləri açmağa məcbur etsəydi və türk dilini də ikinci dil qəbul etdirsəydi, o zaman başa düşərdim ki, “Türksüz Ermənistan” şüarı nə deməkdir", - Babayan vurğulayıb.

*****

Bu arada ABŞ dövlət katibi Entoni Blinkenlə Nikol Paşinyan arasında son Brüssel görüşü ilə bağlı aparılan telefon danışığı diqqət çəkir. Dövlət Departamentinin yaydığı pres-relizdə deyilir ki, Blinken danışıq zamanı Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasına Vaşinqtonun köməyini təklif edib.

“Dövlət katibi və baş nazir Cənubi Qafqazda sülhün əldə olunması üçün müsbət impulsu müzakirə ediblər. Dövlət katibi sərhədlərin delimitasiyası və demarkasiyası səylərində ABŞ-ın yardımını təklif edib və regional nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafında irəliləyişə çağırıb. Bundan əlavə, Blinken ABŞ-ın ikitərəfli əsasda, eləcə də həmfikir tərəfdaşlarla birgə Ermənistan və Azərbaycan arasında uzunmüddətli hərtərəfli sülhün əldə edilməsinə töhfə vermək üçün kömək etməyə hazır olduğunu təsdiqləyib”, - məlumatda vurğulanır.

Göründüyü kimi, rəsmi Vaşinqton üçün artıq hansısa status məsələsi yox, Azərbaycanla Ermənistana arasında daimi barışıq, sülh anlaşması ön plana keçməkdədir. Bu mühüm gəlişmə ABŞ prezidenti Co Baydenin az öncə Müstəqillik Günü ilə bağlı İlham Əliyevə göndərdiyi təbrik məktubunda da yer almışdı. Bu, Ağ Evin hazırkı sahibinin rəsmi Bakıya ünvanlandığı və əvvəlki 3 məktubdan fərqli olaraq siyasi məzmun və strateji dəyər baxımından ən sanballısı hesab olunur.

Həmin məktubdan sitat: “Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Transxəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan-Ermənistan diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır. Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində ABŞ Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir”.

Odur ki, İrəvan xaricdən gələn siqnalları düz tutmalıdır. Əks halda, növbəti sarsıdıcı zərbənin haradan gələcəyi gərək ki, qaranlıq olmasın...  

Analitik xidmət,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR