Onlayn ictimai-siyasi qəzet
Kiyev üçün sülh o deməkdir ki, Rusiya bir daha heç vaxt Ukraynaya hücum etməyəcək.
Bunu ABŞ prezidenti Co Bayden Time jurnalına müsahibəsində deyib.
Prezidentin sözlərinə görə bunun üçün Ukraynanın NATO üzvü olması zəruri deyil:
"Bu o deməkdir ki, bizim münasibətlərimiz özlərini gələcəkdə müdafiə etmələri üçün silah verdiyimiz başqa ölkələrlə münasibətlərimiz kimi olacaq”.
Bayden vurğulayıb ki, Qərb Ukraynanın məğlubiyyətinə yol verə bilməz, çünki bu Rusiya və Belarus əraziləri ilə həmsərhəd olan bütün ölkələr üçün sabitsizlik demək olardı.
Time jurnalına müsahibəsində Bayden NATO-nun Ukraynaya kömək etməklə Rusiya ilə “müharibəyə doğru sürüşkən yolda” olduğuna dair tezisi rədd edib:
“Biz əgər Ukrayna üçün heç nə etməsək müharibəyə gedən sürüşkən yolda olarıq”.
Qəzza və Tayvan barədə
Ötən il oktyabrın 7-dən sonra İsrailin Qəzzada, ABŞ-ın və Avropa İttifaqının terrorçu təşkilat kimi tanıdıqları HƏMAS-a qarşı əməliyyatını şərh edən Bayden deyib ki, fələstinlilər ərzaq və dava-dərmanın çatışmazlığından çox əziyyət çəkiblər.
Lakin Bayden əlavə edib ki, bu təkcə İsrail tərəfi ilə deyil, həm də adamları qorxudan cihadçıların hərəkətləri ilə bağlıdır.
ABŞ prezidenti bir daha bəyan edib ki, israillilər və fələstinlilər arasında münaqişənin həlli yalnız iki dövlət yaradılmasından keçir.
Bayden habelə ABŞ-ın Tayvanla bağlı mövqeyi məsələsinə toxunub.
Onun sözlərinə görə əgər Çin adanı birtərəfli qaydada zorla özünə birləşdirməyə çalışsa, Birləşmiş Ştatlar hərbi gücə əl ata bilər.
O bununla yanaşı qeyd edib ki, “ABŞ Tayvanın müstəqilliyinə can atmır”.
ABŞ qitələrarası ballistik raketi sınaqdan çıxarıb
Bu arada verilən xəbərlərdə deyilir ki, ABŞ iyunun 4-də səhər, döyüş başlığı olmayan Minuteman III qitələrarası ballistik raketinin atış sınağını keçirib.
Raket Kaliforniyadakı Vandenberq poliqonundan atılıb.
Mətbuat üçün məlumatda deyilir ki, bugünkü sınaq cari fəaliyyətin bir hissəsidir, həm də “Vaşinqtonun müttəfiqlərini əmin etmək üçün” ABŞ-ın çəkindirici nüvə vasitələrinin XXI əsrin hədələrinə qarşı “təhlükəsiz, etibarlı və səmərəli” olmasını nümayiş etdirir.
Vandenberq bazasının mətbuat məlumatında bu sınağın hazırkı beynəlxalq hadisələrlə bağlı olmadığı bildirilir.
Minuteman III raketinin iki planlaşdırılmış atışı barədə məlumatı ABŞ hərbi kosmik qüvvələrinin komandanlığı mayın sonlarında elan etmişdi. Həmin məlumata görə ikinci atış iyunun 6-a təyin edilib.
Bu da bildirilir ki, ABŞ mövcud razılaşmalara uyğun olaraq Rusiya hökumətini sınaqlar barədə əvvəlcədən məlumatlandırıb.
Bərk yanacaqlı Minuteman III qitələrarası ballistik raketi 9.5 min kilometrlik məsafədə olan hədəflərin vurulması üçün nəzərdə tutulub.
Son dəfə bu raketin sınaqları ötən ilin payızında keçirilib.
Rusiya Müdafiə Nazirliyi may ayında Krasnodar diyarında taktiki nüvə silahları ilə təlim keçirəcəyini elan etmişdi.
Nazirlik bunun “müəyyən Qərb siyasətçilərinin təxribatçı bəyanatlarına cavab olduğunu” bildirmişdi.//AzadlıqRadiosu
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ