İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Putinin “hərbi cinayətkar” ittihamı ilə mühakiməsinə çalışır

ABŞ prezidentinin bu çağırışı və ağır ittihamları gözlənilən sülhə, müharibənin yekunlaşmasına olan ümidlərə zərbədirmi?

Bayden Putinin Ukraynada hərbi cinayətlərə görə mühakimə olunmasına çağırır. Soyuq müharibə dövrü də daxil olmaqla ABŞ prezidentlərindən kimlər SSRİ-nin, Rusiyanın dövlət başçısını bu cür ağır cinayətlərdə suçlayıb və onun cəzalandırılmasına çağırış edib? Baydenin bu çağırışı və ağır ittihamları gözlənilən sülhə, danışıqlara, müharibənin yekunlaşmasına olan ümidlərə zərbədirmi? Putin hansı formada hərbi tribunala verilə bilər və müttəhimlər kürsüsündə əyləşdirilər? Gərək bunun üçün üçüncü dünya müharibəsi olsun. NATO, ABŞ, Britaniya, Avropa Birliyi ölkələri Rusiyaya hücum etsinlər, Putini sağ ələ keçirsinlər, sonra da məhkəmə önünə çıxarsınlar. Bunlar olmadan Putin necə cinayət məsuliyyətinə cəlb ediləcək? Bayden bilir ki, indiki halda bunlar mümkünsüzdür. Bəlkə ABŞ aranı daha çox qızışdırmaq üçün sərt ritorikanı davam etdirir? Müharibənin davam etməsi kimə sərf edir: Ukraynaya, Rusiyaya, ABŞ-a?

Bu arada Rusiya xarici işlər naziri Segey Lavrov deyib ki, Qərb Buça ətrafında isterikanı qızışdıraraq İstanbulda irəliləyiş əldə olunduğu Rusiya-Ukrayna danışıqlarını pozmağa çalışır. Onun sözlərinə görə, Buçadakı təxribat Ukraynanın o cümlədən Krımla bağlı mümkün sülh müddəalarını ilk dəfə kağıza köçürdüyü zaman baş verib.

Lavrov İstanbulda Ukrayna ilə danışıqlardan sonra yerlərdə gərginliyin azaldılmasının Rusiya Federasiyasının xoşməramlı jesti olduğunu söyləyib: “Rusiya Ukrayna ilə danışıqlar masası arxasında vicdanlı və ardıcıl işləməyə hazırdır”.

Çingiz Qənizadə: Azərbaycan gəncləri Vətən müharibəsində qazanılan Qələbə  ilə nəyə qadir olduqlarını bütün dünyaya göstərdilər - AZƏRTAC – Azərbaycan  Dövlət İnformasiya Agentliyi

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsininn sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Rusiya-Ukrayna müharibəsi başlayan gündən indiyədək Avropa liderləri, həmçinin ABŞ prezidenti dəfələrlə Putin haqqında müxtəlif sərt fikirlər bildiriblər, amma ən sərt formada ittihamedici fikirləri Co Bayden ifadə edib. O, buna qədər də Rusiya prezidentini cinayətkar adlandırmışdı. Hətta onun hakimiyyətdən getməsinin ABŞ-ın əsas məqsədlərindən biri olduğunu demişdi: “Bu həqiqətdir ki, Bayden Putini cinayətkar adlandırır və sərt ittihamlar Amerikadan gəlir. Bax bu ifadələrin fonunda bir sual yaranır, Qərb, ABŞ Rusiya-Ukrayna münasibətlərinin yaxşılaşdırılmasında, müharibənin bitməsində maraqlıdırmı? Yəni o cür ritorikalar təbii ki, Rusiyanın siyasi hakimiyyətini, o cümlədən Putini çox qəzəbləndirir və hər hansı bir məqamda güzəştə getmək ehtimalı yarandıqda həmin addımlardan çəkinir. Onda belə çıxır ki, Ukraynada müharibənin davam etməsində bu və ya digər formada maraqlıdır. Rusiyanı zəiflətmək, Rusiya elitasında Putinə qarşı koalisiya yaratmaq, Rusiya ictimaiyyətində Putinə qarşı etirazlar yaratmaq məqsədilə müharibənin uzanmasında maraqlı olmaq əslində özü də bir cinayətdir”.

Ekspertin sözlərinə görə, Putini Baydenin dediyi kimi cəzalandırmağa nail olmaq asan deyil və bu, çox uzun bir prosesdir: “Hesab edirəm ki, Buçada soyqırımı cinayətinin törədilməsi ilə bağlı 1948-ci il 12 dekabr tarixli soyqırımı cinayətlərinin qarşısının alınması və onu törədənlərin cəzalandırılması konvensiyasını rəhbər tutaraq BMT Buçada dinc əhalinin əli-qolu bağlı halda güllələnməsini əsas götürərək Buçaya müşahidəçilərin, istintaqçıların göndərilməsi barədə qərar qəbul edərsə, BMT öz nəzdində xüsusi bir tribunal yarada bilər. 1993-cü ildə Yuqoslaviyaya qarşı, 1994-cü ildə Ruandaya qarşı belə bir hərbi tribunal yaradılıb. Yəni Rusiyaya qarşı da bu mexanizmi işə sala bilərlər. Bu mexanizmin işə düşməsi isə hələ o demək deyil ki, Putini həbs edəcəklər və haradasa mühakimə edəcəklər. Nə qədər ki, Vladimir Putin hakimiyyətdədir, buna yol verilməyəcək. Amma digər tərəfdən, 1998-ci ildə yaradılan Roma Beynəlxalq Cinayətlər Məhkəməsi var və onun nizamnaməsi təsdiq edildikdən sonra belə bir qərar qəbul olundu ki, Roma cinayətlər məhkəməsi bu nizamnamə təsdiq edildikdən sonra, yəni 2002-ci ildən sonrakı dövrlərdə baş verən müharibə və soyqırımı cinayətlərinə baxa bilər. Ona görə də Roma Beynəlxalq Cinayətlər Məhkəməsi də bu işi araşdıra bilər. Ümumilikdə Ukraynada soyqırımı cinayətlərinin ruslar tərəfindən həyata keçirildiyi faktları varsa, bu, çox ciddi məsələyə çevrilə bilər. Bu, təsdiqini tapacaqsa, Rusiyaya qarşı çox ciddi tədbirlərin görülməsi istiqamətində addımlar atılacaq”.

İlyas Hüseynov: Paşinyanın deyə bilmədiyini Tatoyanın söyləməsi digər  qüvvələrin istəyi kimi sezilir FOTO - "İki sahil"

İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin eksperti İlyas Hüseynov isə bildirdi ki, ABŞ-ın 46-cı prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putini ağır cinayətdə suçlaması ilk hal deyil. O, hələ prezident seçildikdən bir müddət sonra Putini qatil adlandırmışdı. Hazırkı durumda da Rusiya-Ukrayna müharibəsi fonunda Putini hərbi cinayətlərə görə mühakimə olunmasına çağırışlar müharibənin gedişinə əsaslı surətdə təsir göstərir: “Eyni zamanda müharibənin dayandırılacağına olan ümidlərə də zərbə endirir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qara dəniz hövzəsində sülhün, təhlükəsizliyin və sabitliyin qorunması istiqamətində həyata keçirdiyi təşəbbüslərin də üzərindən sanki xətt çəkilir. Baş verənlər Qərbin müharibəni qızışdırmaqda maraqlı olduğundan xəbər verir. Üçüncü dünya müharibəsi ilə bağlı da müxtəlif fikirlər irəli sürülür və bu müharibə şübhəsiz ki, nüvə arsenalının tətbiqi ilə həyata keçiriləcək və bəşəriyyəti böyük fəlakətlər gözləyə bilər.

Digər önəmli və sual doğuran məsələ Putinin hansı formada ittiham edilməsi ilə bağlıdır. Çünki Putin Rusiya kimi böyük dövlətin başçısıdır və toxunulmazlığı var. Bunun üçün beynəlxalq məhkəmələr, tribunallar təşkil olunmalıdır və ittihamlar sübuta yetirilməlidir. Hər hansı cinayət əməli sübuta yetirilməyibsə, bir ölkənin liderini cinayətdə ittiham etmək yanlışdır və özü məsuliyyət yaradır. ABŞ-ın əvvəlki prezidentləri Rusiyaya qarşı Bayden kimi sərt ittihamlarla çıxış etməyiblər. Bu isə Qərb bloku ilə Rusiya arasında münasibətləri daha da gərginləşdirir və dünyada siyasi, iqtisadi, hərbi müstəviyə də təsir göstərir. Müharibənin də müddəti həm də buna görə uzanır. Baydenin məqsədi əslində müharibəni uzatmaq və bununla Rusiya dövlətinə böyük zərbələr vurmaqdır".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR