İnsanlara hürriyət, millətlərə istiqlal!

Başında yumurta sındırılan prezident, get paytaxtındakı peyini təmizlə!

Ehtimallarımız özünü doğrultdu. Əvvəlcədən yazmışdıq və demişdik ki, COP29-a evsahibliyi edən Azərbaycana qarşı ən müxtəlif cəbhələrdə savaş elan edilməsinin arxasında Fransa dayanır. Artıq heç bir şübhə qalmadı ki, ölkəmizə, dövlət başçımıza qarşı elan olunmamış müharibənin “baş komandan”ı statusunda Emmanuel Makron çıxış edib.

Avropadakı “qırğılar”ı bu dərəcədə mütəşəkkil şəkildə hərəkətə keçirən, vətəndaş cəmiyyəti, mətbuat, rəsmi təşkilatlar səviyyəsində Azərbaycana hücum təşkil edən “cümlə-xəyanətlərə bais” məhz odur, əminik! Qarabağ müharibəsində Azərbaycana “kiçik bacı”sı ilə birgə uduzan Makron növbəti dəfə həm də Paşinyanın qisasını almağa cəhd göstərdi.

Budur, məlumat yayılıb ki, Fransa prezidenti Bakıda keçirilən COP29-da fransız danışıqçılar qrupunun işindən son dərəcə narazı qalıb.

COPE.jpg (80 KB)

APA-nın diplomatik mənbələrdən aldığı məlumata görə, Makron Fransa nümayəndə heyətinə Bakıda keçirilən COP29-da konsensus və nəticələrin əldə olunmasının qarşısını almaq barədə tapşırıq veribmiş, lakin arzu-istəyi baş tutmayıb. Nəticədə COP29 danışıqlarında “Bakı dönüşü” adlanan, Böyük Britaniya, ABŞ və Çin tərəfindən təqdir edilən razılaşma əldə olunub. Makron BMT Təhlükəsizlik Şurasında dəfələrlə Azərbaycana uduzduğu kimi, bu dəfə də rəzil oldu. Biabırçılıqla uduzdu. 

Təsəvvür edin də, səviyyəsizlik hansı həddədir? Bu, nə dəniz səviyyəsidir, nə okean. Bu, insan, lider, əxlaq səviyyəsizliyidir. Dünyanı təhdid edən problemlərin aradan qaldırılmasından ötrü 200-dək ölkənin təmsilçiləri bir araya gəlir, konsensusla çıxış yollarını aramağa çalışırlar, Makron “proksi qüvvələr”dən istifadə edərək razılaşma əldə olunmasına çalışır.

Bu davranışla nüvə düyməsinin sıxılmasına qərar vermək arasında prinsipcə fərq yoxdur, ikisi də bəşər insanını öldürməyə yönəlik hərəkətdir. Bir neçə dəfə Azərbaycana qarşı sanksiyaların tətbiqinə cəhd göstərsə də, sonda bunun faydasız olduğunu etiraf edən Fransa prezidenti bu dəfə fərqli yol (suzluq) seçmişdi, başqalarının əli ilə nələrəsə nail olmağa çalışdı, o da nəticə vermədi. COP29-un boykot edilməsi üçün Avropa və Afrika qitəsində diplomatik səylər göstərsə də, uğursuzluğa düçar olan Makron siyasəti bu dəfə də çilik-çilik oldu.

Düzdür, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen, yaxud Almaniya kansleri Olaf Şolts COP29-da iştirak etməkdən yayındılar, məhz Fransanın şantajı nəticəsində.

URSULA.jpg (73 KB)

Həmçinin Niderland, Norveç də Makronun “tələ”sinə düşdü. Amma bunlar heç nəyi dəyişmədi, Azərbaycan yüksək səviyyədə təşkilatçılığı, COP29 konfransının əsas hədəflərinə çatılması ilə hətta Beyden tərəfindən təqdir edildi, təşəkkürlərə layiq görüldü. BMT-nin 5 daimi üzvündən biri kimi BMT-nin tədbirində iştirak etməli, “əlini daşın altına qoymalı” olan Fransa isə bəşəriyyəti təhdid edən problemlərdən xilas tədbirində nəinki iştirak etmədi, hətta anlaşmaları pozmağa çalışdı.

Qarabağın erməni işğalında əbədi qalmasından ötrü “həmsədr” qiyafəsində təslimçiliyi aşılayan Fransa COP29-da da “həmsədr” kimi “status-kvo”nu saxlamaq istədi. Ən azı Paris Sazişinin 6-cı bəndinin razılaşdırılmasını əngəlləmək, bəşəri faciəyə aparan iqlim dəyişikliyi ilə bağlı taleyüklü tədbirlərin görülməsinin qarşısını almaq üçün dəridən-qabıqdan çıxdı. Sanki karbon təhdidi, qlobal istiləşmə və digər səbəblərdən bütün ölkələr məhv olacaqmış, təkcə Fransadan başqa.

Sanki hər hansı fors-major situasiyada dünya prezidentləri içərisində bircə Makron sağ çıxacaqmış kimi davrandı Fransa lideri. Ancaq əslində Makronun bu addımı özünüintihar kimi bir şeydir, lider, prezident adına yaraşmayan davranışdır.

COP29 Azərbaycanın ərazi bütövlüyünün müzakirəsi olsaydı, lap elə Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinə həsr olunsaydı, deyərdik, Makronun qıcığı var bizə, yandığından belə davranır. Amma COP29 dünya-aləmin tədbiridir, BMT-yə aiddir, bu sayaq necə davranmaq olardı?!

COP.jpg (112 KB)

COP tarixində ikinci belə tədbir oldu ki, olduqca böyük kontingenti əhatə etdi, 198 ölkədən 80 minə yaxın insanın iştirakı ilə. Amma Makron bunu da gözləmirdi ki, COP konfransı bu qədər səs-küy doğura, geniş müzakirələrə səbəb ola bilər. Bu həm də Fransa və digər anti-Azərbaycançıların məkrli davranışlarının nəticəsində baş verdi. Aparılan siyasət bumeranq effekti verdi, Fransa istəməyərəkdən Azərbaycanın daha çox təbliğ olunmasına yönəlik hərəkətlər etdi.

Diqqət edin, Fransadakı “Elabe” İnstitutunun keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən, fransızların 63 faizi hökumətə etimadsızlıq göstəriblər, Makronun isə istefasını istəyiblər. Öz “gözündə tiri görməyən”, “özünə umac ova” bilməyən”, diletantlığı, yanlışları ilə “oturduğu budağı kəsən“, yarım milyonluq Marsel ermənisinin əlində yesir qalan Makron Azərbaycanın “daş”ı ilə əlləşir neçə vaxtdır. Afrikadan qovulan ordusu üçün Ermənistanda yer axtarır, casus şəbəkəsini Qafqazda saxlamağa çalışır, bir ucdan erməni revanşistlərinə silahlar, hərbi texnika göndərir. Neçə müddətdir fermerlərin etiraz əlaməti olaraq Eyfelin qarşısına tökdükləri peyini, ot bağlamasını yığışdıra bilmir, burnunu Qafqaza soxur, daha doğrusu, Azərbaycana...

Adama deyən gərək: get yanlarında etimadını itirdiklərinlə, addımbaşına başında yumurta sındıranlarla məşğul ol da, nə veribsən Azərbaycana ala bilmirsən?!

Prezident İlham Əliyevin reytinqinin Avropa miqyasında parlaması fonunda ölkəsində adam yerinə qoyulmayan bəzi “mən-mən” deyən siyasətbazlar hikkədən partlamaq həddindədirlər. Ona görə də imkan düşdükdə pisliklər etməyə çalışırlar.

İLHAMİ SON.jpg (55 KB)

Amma unutmasınlar, Azərbaycanın heç kimə borcu yoxdur, həm də heç bir dövlətə! Fransa daxil, Azərbaycana borclu olanlar isə çoxdur. Eləcə də Azərbaycanın hesabına “ölkə” olan Ermənistan adlı oyuncağın! Odur ki, yerinizi bilin və ciddi olun, müzakirə mövzusu bəşərin problemləridir, özünüzü öz yolu ilə gedənlərə sataşan, “yetənə yetib, yetməyənə daş atan” küçə uşağı kimi aparmayın!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR