Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda əhalinin banklardakı əmanətləri rekord səviyyəyə çatıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu il yanvarın 1-nə əhalinin banklardakı əmanətləri 14 mlrd. 661,9 mln. manat təşkil edib ki, bu da indiyədək olan ən yüksək göstəricidir. Əhalinin banklardakı əmanətləri əvvəlki ayla müqayisədə 3% və ya 426,3 mln. manat, son bir ildə isə 13,2% və ya 1 mlrd. 714,1 mln. manat artıb (“APA-Economics”).
Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri, iqtisadçı ekspert Natiq Cəfərli Musavat.com-a şərhində bildirdi ki, əhalinin banklardakı əmanətlərinin həcminin artmasının əsas səbəbi faizlərin artırılmasıdır:
“Artıq 11-12 faiz divident verən bankların sayı artıb. Siyahıya etibarlı bankların daxil edilməsi də ciddi rol oynayır. Əvvəllər daha kiçik banklar bu civarda faizlə əmanət qəbul edirdi. İndi artıq 4 ən böyük bank da 11-12 faizlik depozit gəliri təklif edir. Bu da vətəndaşlara cəlbedici görünür. Buna görə də əhali əlavə vəsaitlərini banklarda yerləşdirməyə üstünlük verir”.
Qeyd edək ki, əhalinin banklardakı əmanətlərinin həcmində 2021-ci ildən etibarən davamlı artım tendensiyası müşahidə olunur.
Nigar HƏSƏNLİ,
Musavat.com
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ