Onlayn ictimai-siyasi qəzet
"Banklar noyabr ayına da əmanət portfellərində azalma ilə daxil olublar".
Musavat.com xəbər verir ki, bu barədə iqtisadçı alim, millət vəkili Vüqar Bayramov bildirib.
O qeyd edib ki, son 1 ayda banklarda əmanətlərin həcmi 12 milyard 705 milyon manatdan 12 milyard 564 milyon manatadək azalıb.
"Bu o deməkdir ki, yalnız 1 ayda bank əmanətlərində 141 milyon manat azalma qeydə alınıb. Əmanətlərin həcminin azalmasına "Muğan Bank"ın müflis olması təsir göstərsə də, nəzərə alınmalıdıır ki, bu ilin fevralından etibarən depozit məbləğlərində dövrü aylıq enişlər müşahidə edilməkdədir", - deyə Vüqar Bayramov bildirib.
O qeyd edib ki, banklardakı depozit gəlirlərinin fevral ayından etibarən vergiyə cəlb edilməsi də əmanətlərin həcminə təsir göstərib:
"Doğrudur, xərcləmələr və eləcə də real sektora sərmayələr və mövsümi faktorlar da öz təsirlərini saxlamaqdadır. Əmanətlərin daha çox cəlbi real sektorun maliyyələşdirilməsi və kredit faizlərinin aşağı salınması baxımından da əhəmiyyətlidir. Bu baxımdan əmanət portfelinin dayanıqlı artımına nail olmaq çox vacibdir.
Gələn ildən etibarən yenidən əmanət gəlirlərinə vergi güzəştlərinin tətbiq olunmasının yeni dəyişikliklərdə nəzərə alınması azalmaların səngiməsi baxımdan vacib idi. Son dinamika bir daha təsdiq edir ki, vətəndaşların passiv vəsaitlərinin banklar vasitəsi ilə real sektora yönəldilməsi üçün sistemli tədbirlərin gücləndirilməsinə ehtiyac var. Bu, həmçinin evlərdə saxlanılan pulların depozitə çevrilərək vətəndaşlarımızın gəlir əldə etməsinə də imkan yaradar".
Xalidə Gəray
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ