İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bankdan 20 min manat kredit götürdü, yol qəzasında dünyasını dəyişdi” - Deputatdan İLGİNC FİKİRLƏR 

“Bir müddət öncə kommersiya banklarının birindən kredit götürüb yük avtomobili alan tanışım yol qəzasında dünyasını dəyişdi. Bank isə onun götürdüyü 20 min manat krediti vərəsələrindən tələb etməyə başladı. Ailənin durumu yaxşı olmasa da, kreditin qaytarılması qaçılmaz idi”.

Musavat.com-un məlumatına görə, bunu deputat Vüqar Bayramov sosial şəbəkədəki hesabında yazıb.

Vüqar_Bayramov.jpg (3.90 MB)

Olduqca mühüm mövzudan bəhs edən deputat ardınca bildirib ki, tanışları və qohumları dünyasını dəyişən şəxsin vərəsəsinə maddi dəstək olaraq banka olan borcu qaytardılar:

“Belə halların sayı kifayət qədər çoxdur. Dünyasını dəyişən şəxsin kredit öhdəliklərinin vərəsəsinə transfer olunması əksər hallarda ailələr üçün çətinliklər yaradır”.

Vüqar Bayramov ölkə əhalisinin böyük hissəsinin banklardan asılı olduğuna da diqqət çəkib:

“Hazırda banklar tərəfindən 7 milyard manatdan artıq istehlak kreditləri verilib. Bu, 3 milyondan artıq vətəndaşımızın borclanması deməkdir. Göründüyü kimi, həm kreditin ümumi məbləği, həm də borclananların sayı kifayət qədər çoxdur”.

Bəs, kredit götürdükdən sonra dünyasını dəyişən şəxslərin vərəsələri hansı halda borcu qaytarmaya bilər?

Deputat bu sualı aşağıdakı kimi cavablandırıb:

“Statistikaya əsasən, istehlak krediti götürənlərin 95.0 faizinin sığortası yoxdur. Sığortadan istifadə olunmadığından kredit götürən şəxs dünyasını dəyişən zaman vərəsəsi, yəni onun ailəsi borcu qaytarmaq məcburiyyətində qalır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, sığortadan istifadə bu riski aradan qaldırır. Nəticədə əgər krediti götürən şəxs həyat sığortasından istifadə edərsə, bu halda onun bütün riskləri sığortalanmış olur və borclanma onun ailəsi üçün hər hansı potensial çətinlik yaratmır. Bu baxımdan kreditlər verilən zaman sığortadan istifadə olunması əhəmiyyətlidir. Beynəlxalq praktikaya uyğun olaraq Azərbaycanda da kreditləşmə zamanı sığortadan istifadəni vacib hesab edirik. Sığortadan istifadənin əlavə ödəniş olmasına baxmayaraq, bu, borclanan üçün xərcin artmasına səbəb olmayacaq. Çünki kredit faizlərinə təsir göstərən faktorlardan biri də risk amilidir. Risk sığortalanan zaman banklar daha optimal faizlə kredit təklif edə bilirlər. Yəni sığortadan istifadə istehlak kreditləri üzrə faizlərin də azalmasına gətirib çıxara bilər”.

Vüqar Bayramovun sözlərinə görə, digər tərəfdən, sığorta haqqı da yüksək olmadığından differensial olaraq ödəniş paylaşdırıla bilir:

“Bu o deməkdir ki, kredit faizlərini artırmamaqla sığortalanmanın həyata keçirilməsi mümkündür. Buna görə də risklərin kompensasiya olunması nəticəsində kredit faizlərinin aşağı düşməsi sığortadan istifadəyə rəğmən, kredit götürən şəxslər üçün də əlavə xərc yaratmayacaq. Çünki azalan kredit faizləri sığorta ödənişini kompensasiya edəcək. Nəticədə kredit götürən şəxs dünyasını dəyişərsə, o halda borcu vərəsə, yəni ailə üzvü qaytarmayacaq. Sığorta şirkəti borcu tam olaraq banka ödəyəcək. Bu baxımdan da sözügedən istiqamətdə beynəlxalq təcrübədən istifadə olunması çox əhəmiyyətlidir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR