İnsanlara hürriyət, millətlərə istiqlal!

Baltikyanı ölkələrlə artan təmaslar - Bakı nəyə nail olmaq istəyir?

Politoloq: “Qərbin Rusiyaya qarşı qərarlarının ən birinci icraçıları da məhz Baltik ölkələridir”

Litva prezidentindən sonra Pribaltikanın daha bir ölkəsinin rəsmisi - Estoniya parlamentinin sədri də Bakıda səfərdə oldu. Bir gün əvvəl isə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Latviya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.

Qeyd edək ki, fevral ayında Milli Məclisin spikeri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Baltik ölkələrində səfərdə olub. Məlumdur ki, Azərbaycan işğaldan azad etdiyi ərazilərə investisiya axını istiqamətində müxtəlif variantları nəzərdən keçirir. Bakı bu dövlətlərin Azərbaycana sərmayə yatırmasında maraqlıdır. Pribaltika ölkələri də işğaldan azad edilən ərazilərimizin bərpasında iştirak edə və yaxşı iqtisadi layihələr həyata keçirə bilərlər. Latviya da daxil, hər üç dövlət həm Avropa Birliyinin, həm NATO-nun üzvü olmaqla yeni formasiyaya qədəm qoyublar. Onlarla əməkdaşlığın gücləndirilməsi həm siyasi, həm iqtisadi baxımdan Azərbaycanın maraqlarına uyğundur. Pribaltika ilə artan təmaslarda bizim və onların siyasi anlamda maraqları nədir? Pribaltika ölkələri diplomatiyasının mənası nədir? Rusiya ilə münasibətləri Ukrayna müharibəsindən də əvvəl gərgin olan bu ölkələrlə əlaqələrimizin artması Moskvanın qıcıqlı reaksiyasına səbəb ola bilərmi?

Avropadan Rusiyaya diplomatik həmlə

Şəhla Cəlilzadə

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə bildirdi ki, Baltik ölkələrinin Rusiyaya münasibətləri heç vaxt birmənalı olmayıb: “SSRİ-dən ayrılarkən Azərbaycanın yaşadığı 20 yanvar hadisəsinin bənzərini də məhz Baltik ölkələrindən biri olan Litva 11-13 yanvar 1991-ci ildə yaşayıb. Mərkəz Moskvadan müstəqilliyin və azadlığın qanla qazanıldığını çox yaxşı başa düşən Baltik ölkələri bunu qorumağın yolunun Avropa və Qərblə əməkdaşlığı genişləndirməkdə, Avropa və Atlantik strukturlarına tam inteqrasiyada görürlər. Odur ki, Qərbin Rusiyaya qarşı qərarlarının ən birinci icraçıları da məhz Baltik ölkələridir. Rusiyanın Ukraynada başlatdığı genişmiqyaslı müharibə və Ukrayna torpaqlarının işğalı (artıq 20% işğal edilib) fonunda Avropa ölkələri Rusiyadan enerji asılılığını minimuma endirməyi və yaxın gələcəkdə tamamilə sonlandırmağı qərara alıblar. 2021-ci ildə Avropa İttifaqı öz qaz tələbatının 40%-ni Rusiyadan təmin edirdi. Hazırda Rusiyaya tətbiq olunan sanksiyalar həm də enerji sanksiyalarını özündə ehtiva edir. Belə ki, ABŞ Rusiyadan neft və qaz idxalını qadağan etdikdən sonra bu sanksiyaya ilk olaraq Baltik dövlətləri qoşuldu. 1 aprel 2022-ci il tarixindən etibarən Litva Rusiyadan qaz idxalını dayandırdığını açıqladı. Həmin gün digər Baltik ölkələri də bu qərara qatıldı. Odur ki, hazırda sahib olduqları qaz ehtiyatlarını istifadə edən bu ölkələrin yaxın və uzaq perspektivdə alternativ qaz mənbələrinə böyük ehtiyacları vardır. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsi dövründə bu ölkələr neytral mövqe sərgiləsə də, Aİ çərçivəsində Azərbaycan və Türkiyə əleyhinə bir sıra qətnamələr qəbul edilmişdi. Lakin məhz yeni yaranan şəraitdə qaz ehtiyacını qarşılamaq üçün 2021-ci ilin əvvəlində Aİ nümayəndə heyəti Azərbaycana gəldiyi zaman Baltik ölkəsi nümayəndələri də heyətdə iştirak edirdi. 2022-ci ilin fevralında Aİ enerji komissarı Kadri Simson Bakıya rəsmi səfər edib cənab Prezidentlə görüşündə qeyd etmişdi ki, Azərbaycan keçən il (2021-də) 19 milyard m3 qaz ixrac edib. Bunun 8,5 milyardı Türkiyəyə, 7 milyardı İtaliyaya yönləndirilib. Həmçinin Gürcüstan, Yunanıstan və Bolqarıstana da qaz ixrac olunub. Simson Azərbaycanın Aİ-yə qaz ixracını 10 milyard m3-a yüksəltməsini xahiş edib. Belə ki, Azərbaycanın 2,6 trilyon m3 qaz ehtiyatları var və ixracı artıra bilər.  Məhz bu görüşlə paralel olaraq Milli Məclisin sədri xanım Sahibə Qafarova 2022-ci ilin 1-7 fevral tarixlərində hər üç Baltik ölkəsində olub və müvafiq danışıqlar davam etdirilib. Lakin enerji diversifikasiyasına gedən bu üç ölkə Azərbaycan üçün ən həssas məsələdə beynəlxalq hüququn da ölkəmizin tərəfində olduğunu anlayır və bunu nümayiş etdirmələri də Azərbaycan üçün vacibdir. Odur ki, bu ölkələr daim ərazi bütövlüyü və suverenlik prinsipləri baxımından Azərbaycana dəstəklərini ifadə etmiş, həmçinin bu ölkələrin nümayəndələri, Latviyanın parlament nümayəndə heyəti işğaldan azad edilmiş torpaqlarımıza səfər etmiş, bu ərazilərə investisiyaların faydalı əməkdaşlığı artıracağını vurğulamışdır. Maraqlı məqam odur ki, Baltik dövlətləri hər zaman regionda sülh və sabitliyə çağırış etmiş və buna maraq göstərmişlər. Məsələn, hələ  SSRİ dağılmadan öncə, 1980-ci illərin sonlarından etibarən başlayan və SSRİ-nin süqutuna gətirib çıxaran Azərbaycan və Ermənistandakı xalq hərəkatları Baltik ölkələrində maraq və həyəcanla qarşılanırdı. İlk erməni-azərbaycanlı qanlı toqquşmaları başlayandan sonra 1990-cı ilin 3 fevral tarixində Riqada Baltik Şurasının toplantısında Azərbaycan və Ermənistan milli hərəkatlarının nümayəndələri iştirak edir, münaqişənin dayandırılması üçün cəhdlər edilir, Baltik nümayəndələri bu münaqişəni sovetlər tərəfindən qızışdırılan bir münaqişə olaraq görür və dövlətlər həqiqi müstəqillik əldə edərsə, bu münaqişəyə də son verəcəklərini düşünürdülər. Azərbaycan həqiqi müstəqillik əldə etdi, bu gün isə həm də torpaqlarını işğaldan azad etdi. Ermənistanın isə hazırda müstəqil xarici siyasət, regional sülh və sabitlik yoluna qədəm qoymaq üçün daxili münaqişə yaşadığının şahidiyik. Baltik dövlətlərinin enerji əməkdaşlığını artırmaqla yanaşı, gələcək investisiyalarının təhlükəsizliyi və regional sülhə dəstək məqsədilə Ermənistana çağırış edərək hazırkı sülh prosesinə dəstək verməsini də gözləyirik”.

Akif Nağı: “Orda mənim vəhşi obrazımı yaradıblar” – Müsahibə

Akif Nağı 

QAT sədri Akif Nağı isə bunları dedi: “Baltikyanı ölkələr artıq Qərbə tam inteqrasiya edib, bütün regional və beynəlxalq qurumlarda, o cümlədən hərbi, iqtisadi birliklədrdə təmsil olunub. Bu ölkələrə Qərbdə xüsusi münasibət var, onlara həm Rusiyanın təsir dairəsindən çıxaraq müstəqil inkişafı yolu tutan, həm də Rusiyaya qarşı barışmaz mövqedə olan tərəflər kimi baxırlar. Baltikyanı ölkələrə müəyyən mənada keçmiş sovet respublikaları ilə Qərb arasında körpü kimi baxır, çox vaxt bu və ya digər ölkələrə münasibətdə onların fikirlərini nəzərə alırlar. Son vaxtlara qədər Baltikyanı ölkələr, xüsusilə də, Litva Azərbaycan-Ermənistan qarşıdurmasında ermənilərə rəğbətləri ilə seçilirdi. Bu, erməni lobbisinin təbliğatı və daha çox isə məlumatsızlıqla bağlı idi. Azərbaycan diplomatiyası və oradakı diaspor təşkilatlarımızın fəaliyyəti nəticəsində vəziyyət dəyişir. Son bir ay ərzində hər üç ölkə ilə bu cür təmasların qurulması bu fəaliyyətin nəticəsidir. Bu istiqamətdə işlərimizi davam etdirməliyik. İqtisadi baxımdan sərfəli əməkdaşlıq qurula bilər. Daha çox isə siyasi məqamlar nəzərə alınmalıdır. Azərbaycanın haqq işində bu ölkələrin dəstəyinə ehtiyacımız var. Onların beynəlxalq və regional qurumlarda Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi əhəmiyyətli olardı. Avropanın bir çox ölkələri, o cümlədən Fransa Niderland, Belçika bir çox məsələlərdə konyuktur mövqedən çıxış edirlər. Paltikyanı ölkələrin isə bir neytral, obyektiv mövqe sərgiləyən tərəf imicləri var. Biz bu məqamdan yararlanmağı bacarmalıyıq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR