İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıya qarşı növbəti sanksiya hədəsi

Avropa Parlamentinin Qafqaz və Azərbaycan üzrə məruzəçiləri növbəti dəfə qərəzli bəyanatla çıxış ediblər - deputat və ekspertdən etiraz

Ötən həftə Brüsseldə Avropa Parlamentinin İnsan Haqları Alt Komitəsinin sədri, Udo Bullmann, Cənubi Qafqazla Əlaqələr üzrə nümayəndəliyin sədri Marina Kaljurand və Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi Zeljana Zovko növbəti dəfə birgə bəyanatla çıxış ediblər. 

Bəyanatda “Azərbaycanda bütün tənqidi səslərə qarşı davamlı repressiyalar və ədalət mühakiməsinin sistemli şəkildə pozulması qətiyyətlə pislənir”. İddia olunur ki, “hazırda 300-ə yaxın siyasi məhbusu olan Azərbaycan dünyanın ən repressiv ölkələrindən biridir. Bütün siyasi məhbuslar azad edilməli və bütün siyasi motivli ittihamlar dərhal ləğv edilməlidir”. Bəyanatın sonunda “insan hüquqları pozuntularında əli olan Azərbaycan məmurlarına qarşı cəza tətbiq etməyə” çağırış edilir.   

Qərbin qərarvermə mərkəzlərinin Azərbaycanın daxili siyasi meydanına təsir etmək cəhdləri uzun müddətdir ki, sistemli xarakter daşıyır. Avropa İttifaqının daxilində müxtəlif maraq dairələri daim bir-biri ilə toqquşur. Avropa İttifaqının daxilində anti-Azərbaycan qüvvələrlə yanaşı ölkəmizin əhəmiyyətini dərk edən xeyli siyasətçilər, dövlətlər var. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ölkəmizin ticarətinin, demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. Aİ-yə üzv dövlətlərdən olan 1700-dən çox şirkət ölkəmizdə uğurla fəaliyyət göstərir. Respublikamız, həmçinin Aİ-yə üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox böyük fəallıq göstərir. İndiyədək Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Beləliklə, Avropa İttifaqına 9 üzv dövlət Azərbaycanın strateji tərəfdaşı hesab edilir.

“Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırır. Yəni bu gün qazımızı idxal edən 8 ölkə Avropa ölkəsidir”. Bu sözləri Prezident İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında söyləyib. Dövlət başçısı qeyd edib ki, təchizatımızın coğrafiyası bundan sonra genişlənəcək: “Biz bir sıra ölkələrlə fəal danışıqlar mərhələsindəyik. Onların da Azərbaycan qazına ehtiyacı var. Biz onların enerji təhlükəsizliyini təmin edəcəyik”. Eyni gündə ABŞ prezidenti Cozef Baydenin iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasiminin iştirakçılarına ünvanladığı məktubda bildirib ki, Azərbaycan qlobal enerji təhlükəsizliyinin, xüsusilə Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından biri olaraq qalır.

Amma o da faktdır ki, Avropa İttifaqında qərarverən dairələr Azərbaycanın müstəqil siyasətini qəbul etmirlər. Qarabağ problemini həll etdikdən sonra Avropa İttifaqının Azərbaycana təsir və təzyiq imkanları demək olar ki, minimum səviyyədədir. Bu səbəbdən də Azərbaycan öz daxili və xarici siyasətini dövlət maraqlarına uyğun həyata keçirir. Azərbaycan Prezidenti fevralda keçirilən andiçmə mərasimində də açıq dedi ki, ölkəmiz  heç də Avropaya (İttifaqına) meyl etmir, seçimimiz və ailəmiz Türk dünyasıdır. Heç şübhə yoxdur ki, Avropa İttifaqının və Avropa Parlamentinin Azərbaycana qarşı qəbul edilən qərarlarında quruma sədrlik edən Fransanın da təsiri var. Bəs Azərbaycana təzyiq rıçaqlarını itirən Avropa İttifaqının bu davranışları nə ilə nəticələnə bilər? 

Deputat Aydın Mirzəzadə bütün gecəni aeroportda kimi gözləyib? - TƏFƏRRÜAT  - VİDEO

 Aydın Mirzəzadə

Deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a qeyd etdi ki, Avropa Azərbaycan qazı ilə isinir və sonra həmin isti otaqlarda bizə qarşı bəyanatlar verir. Onun sözlərinə görə, Avropa Parlamentinin vəzifəsi üzv ölkələrin hüquqi məsələlərini həll etməkdir: “Lakin birinci dəfə deyil ki, bu parlament regional səlahiyyətlərindən kənara çıxır, özünü prokuror, dünyanın xəlifəsi kimi aparır. Avropa Parlamentinin Azərbaycana nə aidiyyəti var? Biz ki Avropa İttifaqının, Avropa Parlamentinin üzvü deyilik?! Ona görə dünyaya demokratiya nümunəsi olacaq struktur bir hüquqsuzluq, etinasızlıq nümayiş etdirir”. A.Mirzəzadə vurğuladı ki, Azərbaycanda hər hansı siyasi məhbus yoxdur, konkret cinayət əməlinə görə məhkum olanlar var: “Onda gərək biz də siyahı tutaq, biz də Avropa üzrə məruzəçi təyin edək. Məncə, Avropa Parlamenti səlahiyyətlərinin nədən ibarət olmasında maraqlı görünməlidir. Üstəlik, bu cür mövqe sərgilənməsi Azərbaycanın Avropa ilə münasibətlərini uzaqlaşdırmaqdır. Amma Avropa Parlamentində bu bəyanatları səsləndirənlər unudurlar ki, Avropa ilə Azərbaycanı birgə fəaliyyət, insanlarla sıx əlaqələr birləşdirir, onların nə deməsindən asılı olmayaraq... Ümumiyyətlə, bir sıra məsələlərdə birgə əməkdaşlıq və fəaliyyət var. Ona görə də Azərbaycanı zəiflətmək istəyən qüvvələrin arzuları gözündə qalacaq”. 

Politoloq Züriyə Qarayeva “Yeni TV”nin CANLI YAYIMINDA

Züriyə Qarayeva

Siyasi ekspert Züriyə Qarayevanın fikrincə, bu kimi təşkilatların məqsədi ölkəmizi haqlı mövqeyindən çəkindirərək, Azərbaycan qarşısında zəifləmiş Ermənistanın mövqelərini nisbətən ölkəmizlə eyniləşdirməkdir: “Bu qurum əgər insan haqlarından dəm vurursa, nəyə görə ölkəmizin tapdalanan haqlarını bir dəfə də olsun dilə gətirməyib? Otuz illik işğal dövründə hansı qərarları qəbul edib və tətbiqinə nail olub? İşğal zamanı məhv edilən tarixi-mədəni irsimizə qarşı hansı həssaslıq nümayiş olunub? Bir milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi Avropa Parlamenti üçün hüquq pozuntusu deyilmi? Taleyi bilinməyən əsirlərimizin hüquqları Avropa Parlamenti üçün niyə önəm daşımır? Biz artıq susmamalıyıq. Obyektiv mövqe sərgiləməyən heç bir qurum nəzərə alınmamalıdır. Bu qurum açıq şəkildə göstərdi ki, erməni lobbisinin təsiri altındadır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR