Onlayn ictimai-siyasi qəzet
Zəngəzur dəhlizinin açılması Ermənistanın ərazi bütövlüyünün pozulması demək deyil
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində Zəngəzur dəhlizinin iş qrafiki ilə bağlı Azərbaycanın yeni və maraqlı mövqeyini açıqlayıb.
H.Hacıyev müsahibəsində qeyd edib ki, ölkəsi malların gömrük və sərhəd nəzarətindən yalnız Naxçıvan Muxtar Respublikasına daşındığı zaman azad edilməsini gözləyir: “Biz malların gömrük və sərhəd nəzarətindən yalnız Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına daşındığı zaman azad edilməsini gözləyirik. Ancaq mallar Azərbaycandan üçüncü ölkəyə daşındıqda, təbii ki, tətbiq olunan gömrük və sərhəd nəzarəti Ermənistan tərəfindən təmin olunacaq”.
Bu, o deməkdir ki, Naxçıvana gedən mallar heç bir halda gömrük və sərhəd yoxlanışından keçə bilməz. Çünki həmin məhsullar Azərbaycanın bir hissəsindən digər hissəsinə gedir, məhsullar bağlı formada getməlidir və heç kim ona dəyə bilməz.
Firdovsi Şahbazov
İqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov Bakı-xeber.com-a deyib ki, beynəlxalq praktikada belə örnəklər var: “Məsələn, Kalininqrad vilayətinin Rusiya ilə birbaşa quru əlaqəsi yoxdur. Rusiya Litva vasitəsilə gömrük və sərhəd yoxlaması olmadan Kalininqradla əlaqə saxlayır. Ora yüklərin daşınmasını təmin edir. Məsələ ondadır ki, 1991-ci ildə SSRİ dağılandan sonra digər respublikalar kimi, Litva da müstəqillik qazanıb. Bu zaman Rusiyanın eksklavı olan Kalininqrad ölkənin əsas, yəni materik hissəsi ilə əlaqəni itirmiş olub. Düzdür, Litva ilə Rusiya arasında sərhədlərlə bağlı saziş hələ 1997-ci ildə imzalansa da, Duma bir müddət sazişi ratifikasiya etmədi. Rusiya yalnız Kalininqrad vilayətinə tranzit yüklərin keçməsi ilə bağlı razılaşma əldə olunandan sonra həmin sazişi ratifikasiya etdi. Bununla da Litva öz ərazisindən vizasız tranzitə razılaşıb. Ona görə də bənzər qaydada Azərbaycandan Naxçıvana yoxlama və rüsumlar olmadan yüklər daşına bilər. Yetər ki, Ermənistan Naxçıvanla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Çünki prinsipcə, 2020-ci il noyabrın 10-da Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış birgə bəyanatın 9-cu bəndi həmin əlaqənin yaradılmasını nəzərdə tutur. 9-cu bənddə maneəsiz gediş-gəlişin təmin edilməsi məzmun baxımından elə bunu özündə ifadə edir. Ona görə də Azərbaycanın yanaşması tamamilə obyektivdir və beynəlxalq hüquqa söykənir. Ermənistan Azərbaycanın Naxçıvanla maneəsiz tranzit əlaqəsinin qurulması öhdəliyinə əməl etməlidir”.
Fikrət Yusifov
Sabiq maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Zəngəzur dəhlizi ətrafında Ermənistan son üç ildən artıq bir zaman kəsiyində nə qədər çılğınlıq nümayiş etdirsə də gerçək olan budur ki, onun bu yolun açılmasına razılıq verməkdən başqa çıxış yolu yoxdur: "Sərhədləri dörd bir tərəfdən azərbaycanlıların yaşadığı ərazilərlə əhatə olunan Ermənistan hökuməti bu məsələdə geriyə heç bir yolun olmadığını hamıdan yaxşı anlayır. Zəngəzur dəhlizinə rusların nəzarət etməsini istəməyən Ermənistan Rusiya ilə arasında yaranmış bu problemi özü çözməlidir. Ermənistan unutmamalıdır ki, İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra imzaladığı kapitulyasiya aktında, öz üzərinə bu kommunikasiyanın açılması və ona rus hərbiçilərinin nəzarət etməsi öhdəliyini götürüb. Rusiya da indi Ermənistan rəhbərliyindən öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyi tələb edir. Lakin Ermənistan hakimiyyəti Qərbin və ilk növbədə Fransanın şirin vədlərinə inanıb bu öhdəlikdən imtina etməyə çalışır. Sözdə bu öhdəlikdən imtina etmək o qədər də çətin deyil. Ancaq bu, erməni hökuməti üçün o qədər də asan məsələ deyil. Əvvəla, dediyimiz kimi, ortada Ermənistanın imzası ilə təsdiqlənən öhdəlik var. İkincisi, Ermənistanın bütün sərhədlərini ruslar qoruduqları halda nədən onlar bunu Zəngəzur dəhlizində edə bilməsinlər? Üçüncüsü, Ermənistanın ərazisində Rusiyanın bir neçə hərbi bazası mövcuddur. Dördüncüsü, Ermənistan iqtisadiyyatının 80%-ə qədəri birbaşa və dolayısı ilə Rusiyanın nəzarətindədir. Və nəhayət, beşincisi, Ermənistanın ixracının 50%-dən çoxu Rusiyanın payına düşür. Bütün bu dediklərimiz ortada olduğu halda Ermənistan hökumətinin Zəngəzur dəhlizi ilə bağlı hər hansı başqa bir addım atmağa cürətlənməsi, sadəcə, absurddur. Bu gün Rusiya Ermənistanın ondan asılılığını xarakterizə edən, yuxarıda sadaladığımız "alətlərinin" hər hansı birini hərəkətə gətirsə, Ermənistan bir dövlət kimi, sadəcə, çökər.
Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycandan Naxçıvana daşınan yüklər Ermənistanın sərhəd və gömrük nəzarətinə məruz qala bilməz. Bu dəhlizin bizim üçün mövcud olan əsas şərtlərindən biri və birincisi məhz budur".
Xəyal Bəşirov
Politoloq Xəyal Bəşirov isə bildirdi ki, 10 noyabr üçtərəfli bəyanat Ermənistanın müxtəlif vəzifəli şəxsləri tərəfindən zaman-zaman təhrif olunmuş formada təqdim edilir. Həmişə bu bəyanatın müddəalarını onlar öz arzularına uyğun olaraq təhrif və şərh edirlər: "10 noyabr üçtərəfli bəyanatının müddəalarına Azərbaycan tam əməl edib, bu müddəalardan irəli gələn addımları atıb. Ancaq Ermənistan faktiki olaraq bu sənədlə öz üzərinə götürdüyü öhdəliklərin bir çoxunu yerinə yetirməyib. Onlardan biri də Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutan müddəadır. Zəngəzur dəhlizinin açılmasını şərtləndirən bu müddəa Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək dəhlizin açılmasını nəzərdə tutur. Orada yazılmayıb ki, Azərbaycanın əsas hissəsindən Naxçıvana göndərilən və Naxçıvandan göndərilən yüklər Ermənistan qurumları tərəfindən açılıb yoxlanılmalıdır, yaxud Ermənistan tərəfindən gömrük vergisinə cəlb olunmalıdır. Ona görə də Azərbaycan tərəfinin qaldırdığı məsələ tamamilə məntiqlidir və 10 noyabr üçtərəfli bəyanatının şərtinə də uyğundur. Ermənistan tərəfi isə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınır. Azərbaycan Ermənistana ərazi iddiaları irəli sürmür və Ermənistanın ərazi bütövlüyünün pozulmasına cəhd göstərmir. Zəngəzur dəhlizinin açılması Ermənistanın ərazi bütövlüyünün pozulmasını nəzərdə tutmur. Azərbaycanın mövqeyi həm beynəlxalq hüquqa, həm 10 noyabr üçtərəfli bəyanatına, həm də sülh prosesində əldə edilmiş razılaşmaların mahiyyətinə uyğundur. Bu bir zərurətdir və Ermənistan bunun qarşısını ala bilməz. Əgər Ermənistan sülh istəyirsə, bizim aramızda heç bir məsələ açıq qalmamalıdır və öhdəliklər yerinə yetirilməlidir".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ