İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının tıxacları - Bu ölkədə yaranan sıxlıq zamanı polislər də sürücülərə kömək edə bilmir

Yəqin elə bir avtomobil sahibi və gündəlik olaraq şəhər ərazisində ayrı-ayrı nəqliyyat vasitələrindən istifadə edən sərnişin tapılmaz ki, tıxaclardan şikayətçi olmasın. Hazırda avtomobil tıxacları insanların gündəlik qarşılaşdıqları, stressə və gərginliyə səbəb olan problemlərdən biridir. Təbii ki, bu narahatlıq anlaşılandır. Bir tərəfdən vaxt itkisi, digər tərəfdən bu gərginliyin sağlamlığa vurduğu zərbə nəqliyyat vasitələrindən istifadə edənlərin haqlı giley-güzarına əsas verir. Hətta bəzən insanlar öz vacib görüşlərinin vaxtını da tıxaclara görə dəyişir. Beləliklə, artıq bizim zamanımızı tıxaclar idarə etməyə başlayır.

Maraqlıdır, tıxac problemi təkcə Bakıda yaşanırmı? Bəs dünyanın ayrı-ayrı ölkələrində vəziyyət necədir?

FAKTİ.jpg (193 KB)

Qeyd edək ki, dünyada ən böyük avtomobil tıxacı 2010-cu ildə Çində qeydə alınıb. Avqustun 14-dən 25-ə kimi davam edən bu tıxac zamanı sürücülər 100 kilometr məsafəni 5 günə qət ediblər.

Tıxaclardan ən çox əziyyət çəkən Hindistan sakinləridir. Bu ölkədə yaranan tıxaclar zamanı hətta polislər də sürücülərə kömək edə bilmirlər. Hindistanda yaranan tıxacların əsas səbəbi inəklərin avtomobil yollarının tən ortasında peyda olmalarıdır. Bu ölkədə isə onlara heç kim əl vura, yaxud qova bilməz. Çünki Hindistanda inək müqəddəs heyvan sayılır.

İNDİA.png (799 KB)

Avtomobil tıxacları ilk dəfə Romada yaranıb. Bu problemdən ilk əziyyət çəkən italyanlar hazırda iş vaxtı şəxsi avtomobillə Romanın mərkəzinə girişi qadağan ediblər.

Sinqapurda tıxacların yaratdığı problemlərin aradan qaldırılması üçün hökumət nümayəndələri qeyri-adi üsula əl atıblar. Belə ki, onlar ölkələrində avtomobillərin satışına məhdudiyyət qoymaqla yanaşı, onların qiymətinin bazar dəyərindən 3 dəfə baha satılmasına qərar veriblər. Bununla bərabər, hamının eyni vaxtda avtomobildən istifadə etməməsi üçün ölkənin dövlət müəssisələrində iş müxtəlif vaxtlarda başlayır.

İsveçdə avtomobil tıxaclarının yaratdığı problemlərə fərqli yanaşıblar. Ölkədə tıxacda qalanlar üçün xüsusi dua kitabları çap olunub. Sürücülər tıxacda qalan zaman səbrli olmaq üçün bu kitabdan istifadə edərək dua oxuyurlar.

Afinada tıxaclardan yaxa qurtarmaq üçün maraqlı bir sistem mövcuddur. Nömrələri cüt rəqəmlə bitən avtomobillər ayın cüt günləri, tək rəqəmlə bitən atomobillər isə ayın tək günləri sürülə bilər. Bu sistem yalnız iş günlərində tətbiq olunur. Tətbiq olunan bu sistemdən yayınmaq üçün Afinada yaşayan ailələrin 44 faizi ikinci avtomobili almaq məcburiyyətində qalıb ki, onların maşınlarının birinin nömrəsinin sonu tək, digərinin isə cüt rəqəmlə bitir.

Nyu-Yorkda sərnişindaşınma ilə məşğul olmaq üçün lisenziya alarkən sürücülərin tıxaclarda özünü aparmaqla bağlı kurslardan keçməsi mütləq şərtlərdən biridir.

Londonda tıxacların qarışısının alınması üçün şəhərin mərkəzinə şəxsi avtomobillə girişə ödənişli sistem tətbiq ediblər. Belə ki, bunun üçün avtomobil sahibləri 8 avro ödəməli olurlar.

Əhalisinin sayına görə dünyanın ən çox avtomobili olan yer Kaliforniya ştatıdır. Buna baxmayaraq, statistik göstəricilərdə yol-nəqliyyat hadisələrinin sayı bu ştatda olduqca azdır. Səbəbi isə odur ki, tıxaclar ucbatından sürücülər sürət həddini aşa bilmirlər.

Tıxaclar problemlər yaratmaqla yanaşı, bəzən xoşagəlməz hadisələrin qarşısının alınmasına da yardımçı olub. Parisdə bankı qarət edən soyğunçu aradan çıxarkən tıxacların ona yaratdığı problemlər nəticəsində polislər tərəfindən yaxalanıb.

TİXAC.jpg (205 KB)

Ancaq həmişə belə olmur. Hiyləgər oğrular tıxaclardan başqa cür də istifadə ediblər. Milanda 100 min dollar oğurlayan qarətçi küçəyə çıxarkən yolun ortasına bir ovuc pul atıb. Səkidən ötənlər, o cümlədən elə sürücülər də bu sahibsiz pulu yığarkən yolda əməlli-başlı tıxac yaradıblar. Bununla da cinayətkarın arxasınca düşən polis işçilərinin avtomobillə hərəkəti iflic vəziyyətə düşüb.

İlk dəfə olaraq Reykyavikdə “Avtomobilsiz ümumdünya günü” elan olunub. Sonradan bir çox ölkələr də bu günü qeyd etməyə başlayıblar. Bu təşəbbüsü irəli sürənlərin məqsədi böyük şəhərlərin avtomobilsiz nə qədər təmiz və gözəl olduğunu nümayiş etdirmək olub.

Avtomobil tıxacları təkcə böyük şəhərlərdə yaranmır. Yaxın ötən günlərdə biz daha böyük bir tıxacın şahidi olduq, Xankəndi şəhərindən Ermənistana üz tutan avtomobil karvanının. Amma bu tıxac digər tıxaclardan fərqlənirdi. Nə Hindistanda olduğu kimi yolda inəklər var idi, nə də Afinadakı kimi avtomobillərin nömrələrinin tək və cüt olması nəzərə alınırdı. Bu tıxac könüllü yaranmışdı. Biz dedik qalın, ermənilər isə asta qaçana lənət dedilər. Hər halda biz insanlığımızı itirmədik, ermənilərin Qarabağdan son gedişinə lazımi və normal şərait yaratdıq...

İlham Cəmiloğlu,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR