Onlayn ictimai-siyasi qəzet
Rəsmi İrəvan ümid edir ki, Türkiyə ilə sərhədlərin açılması barədə danışıqlar məhsuldar olacaq, Ermənistan parlamentinin spikeri Alen Simonyan belə deyib. Erməni spiker rəsmi İrəvanın regionda sülh və stabilliyə “sadiq olduğunu” da iddia edib.
Ermənistanla Türkiyə arasında danışıqların davam etdiyi iki il ərzində tərəflər ilkin mərhələdə üçüncü tərəflərin vətəndaşları, həmçinin diplomatik pasport sahibləri üçün sərhədin açılmasının mümkünlüyü barədə ilkin razılığa gəliblər. Ermənistan Marqara keçid məntəqəsini də təmir edib, intizarla Türkiyənin qərarını gözləyir. Amma rəsmi Ankara qəti addım atmağa tələsmir. Çünki Ermənistan hələ də Azərbaycanla sülh müqaviləsi imzalanması üçün üzərinə düşən öhdəliklərə əməl etmir.
Düzdür, ara-sıra pozitiv bəyanatlar verilir. Məsələn, elə Alen Simonyan Ermənistanın Azərbaycan qatarlarının Naxçıvana maneəsiz və yoxlamasız girişinə izn verəcəyini, amma bunun qarşılığında Azərbaycandan Ermənistan qatarlarının Gümrüdən Mehriyə maneəsiz keçməsini təmin etməsini istədiklərini bildirib. Azərbaycanın bu kimi fikirlərə rəsmi reaksiya verməməsinin səbəbi aydındır. Azərbaycanın Naxçıvan bölgəsi ilə ölkənin əsas hissəsini birləşdirən dəhlizin açılmasının və sərbəst hərəkətə imkan yaradılmasının müqabilində Ermənistanın hansısa qarşılıq gözləməsi absurddur, həm də həyasızlıqdır! Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın bir region 33 ildir blokada vəziyyətindədir və son müharibədən 5 ilə yaxın vaxt keçsə də, bir qərinəlik durum dəyişməyib. Deməli, Ermənistanın Zəngəzur dəhlizindən Azərbaycanın sərbəst giriş-çıxış imkanı qarşılığında Azərbaycandan eyni imtiyaz istəməsi üçün heç bir əsas yoxdur! Özü də söhbət Azərbaycanın tarixi torpaqlarında yaradılan süni dövlətdən gedir. Üstəlik, Naxçıvanın Azərbaycanın qərb hissəsindən Iraq düşməsi, təcrid olunması Qərbi Zəngəzurun zorla qoparılması nəticəsində baş verib! Birini də əlavə edək: Ermənistanın Qarabağda və Şərqi Zəngəzurda törətdiyi cinayətlərin, ölkəmizə vurduğu yüz milyardlarla zərərin qarşılığında onun nəinki Zəngəzur dəhlizindən sərbəst istifadə ilə bağlı qərar verməsi lazımdır, hətta Qərbi Zəngəzur bölgəsindən kompensasiya əvəzi torpaq qaytarmasına ehtiyac var! Yəni bu kimi faktlar Ermənistanın dilini kifayət qədər qısa edir, hansısa məqamda bərabərlik işarəsi qoymağa cəsarət etməməlidir. Azərbaycanın Ermənistan qarşısında hər hansı borcu, öhdəliyi yoxdur, Ermənistanın var! Bəzən bunu özləri də anlayırlar, qorxa-qorxa etiraf edirlər. Məsələn, konstitusiya dəyişikliyi zərurəti həm də Azərbaycanın irəli sürdüyü tələblərin məntiqi nəticəsidir.
Baş nazir Nikol Paşinyan bir müddət əvvəl Ermənistan Konstitusiyasının dəyişdirilməsi zərurətindən danışmışdı. Qarğa-quzğun kimi üstünə düşdü radikallar, daşnaklar, əli cinayətlərə bulaşmış türk düşmənləri. Robert Köçəryan kimi canilərin ortaya çıxması təsadüfi deyildi təbii ki. Amma Paşinyan hakimiyyəti ya Azərbaycanın şərtlərini qəbul edəcək, ya da qəbul edəcək, başqa variant qalmayıb! Necə ki, Qarabağın 30 illik işğalı dövründə torpaqları azad edəcəklərini deyirdik, bəzən ironiyalı reaksiyalar verirdilər, sonu necə bitdi? Hər kəsə məlumdur. Bundan sonrakı proseslər də Azərbaycanın tələblərinin icrası ilə cərəyan edəcək, çünki Dəmir Yumruğun qarşısında oyunbazlıq etmək Ermənistanın başı üçün deyil! İrəvanda bunu başa düşdükləri üçün Ermənistan rəhbərliyi konstitusiya dəyişikliyi və saxta “soyqırım”a yanaşmasında fərqli siyasətə üstünlük verməyə çalışır. Bu isə məhz Azərbaycanın 44 günlük müharibə zamanı əldə etdiyi qələbənin nəticəsində baş verməkdədir. On illiklər boyu Türkiyə üçün problem yaradan qondarma “soyqırım” məsələsinə yanaşma dəyişir, bu, Azərbaycanın böyük Zəfəri, düşmən ölkənin ordusunu darmadağın etməsi sayəsində baş verir. 2018-ci ilin sonlarında ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İrəvanda olarkən Ermənistana çağırış etmişdi: qonşulara qarşı şablon tarixi iddialardan əl çəkməklə, münasibətləri sıfırdan başlamaqla bağlı. Amma Ermənistanın indiki rəhbərliyi eşitmədi və ardınca “Qarabağ Ermənistandır. Nöqtə” dedi, qondarma “soyqırım”ın Bayden tərəfindən tanınmasını sonrakı illərdə toy-bayram elədi. Nəticəsi necə oldu, hər kəsə məlum. Həmin Paşinyan bu ilin yanvarında elə ABŞ-də olarkən konstitusiya dəyişikliyi və “soyqırım” iddiaları ilə bağlı artıq fərqli siyasətə ehtiyac olduğunu etiraf etdi. Azərbaycanın 44 günlük dərsi, sonrakı dönəmlərdə işğalın, separatizmin ortadan qaldırılması, “miatsum” tabutuna mıxların vurulmasının, baş separatçıların bir hissəsinin qandalanaraq müttəhimlər kürsüsündə boyun əyməsinə nail olunması Ermənistanı Azərbaycan və Türkiyə siyasətində korrektlərə vadar etdi!
Paşinyanın dediklərinə diqqət edək: “Türkiyə ilə diplomatik əlaqələr qura bilməyimiz çox vacibdir və biz bu istiqamətdə çalışırıq. Məndən tez-tez bu məsələdə nikbin və ya bədbin olduğumu soruşurlar. Deməliyəm ki, mən nə nikbinəm, nə dəbədbinəm. Mən praqmatikəm və başa düşürəm ki, problem həll olunana qədər çalışmalıyıq”. Bəli, məhz 44 günlük müharibədə aldığı dərs idi Paşinyanı cənab Ərdoğanın ayağına aparan, onun andiçməsində iştiraka sövq edən, hətta zəlzələdən sonra Türkiyəyə yardım təşəbbüsünə vadar edən. Hakimiyyətə gəldikdən sonra ilk səfərini qanunsuz olaraq Şuşaya edən, Azərbaycan ərazilərində keflənib, yallı gedən, Türkiyəyə qarşı da ağılsız siyasət yürüdənlər Azərbaycanın qələbəsindən sonra “Real Ermənistan”la kifayətlənməyi zəruri saymağa başladılar. Nə BMT TŞ qətnamələri, nə beynəlxalq səviyyədə çağırışlar, nə islam, nə xristian dövlətlərinin mövqeyi, nə digər amillər İrəvanı yolundan döndərə bilməmişdi, Azərbaycan bacardı! Yadınızda olar, erməni nazir Qnel Sanosyan İrəvanda dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlər görüşündə demişdi ki,
Ermənistan Azərbaycanla və Türkiyə ilə sərhəddə 7 avtomobil buraxılış məntəqəsi, habelə Azərbaycanla 4, Türkiyə ilə 1 dəmiryolu buraxılış məntəqəsi aça bilər. Üstəlik də İran və Gürcüstanla qapılar...Bununla da Ermənistanda Şərq - Qərb və Şimal- Cənub nəqliyyat dəhlizlərinin birləşəcəyini, “Sülh kəsişməsi”nin reallaşacağını, Zəngəzur dəhlizinin arxa plana düşəcəyini zənn edirdilər. Azərbaycan hesab edir ki, bu dolayı layihələrin əvəzində bir Zəngəzurun açılması kifayətdir. Prezident İlham Əliyev demişdi ki, Ermənistan tərəfindən təklif olunan regional nəqliyyat kommunikasiyalarının açılması variantı olan “Dünya kəsişməsi” layihəsi rəsmi Bakı ilə razılaşdırılmasa, “sadəcə kağız parçası”dır və həyata keçirilməyəcək! Bu, bir kəlmə bəs elədi, Ermənistan və havadarları cavablarını aldılar. Azərbaycan Zəngəzur dəhlizi istiqamətində işləri başa çatdırmaq üzrədir. Eyni zamanda Türkiyə tərəf də digər istiqamətdə səylərini davam etdirir. Yəni Zəngəzur dəhlizi açılacaq! Həmçinin gec-tez Ermənistan Konstitusiyasından da Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalıdır!
Bu həftə ATƏT-in Parlament Assambleyasının 20-ci Qış Sessiyası çərçivəsində Türkiyə və Ermənistanın nümayəndələri Vyanada iki ölkə arasında münasibətlərin normallaşmasını müzakirə ediblər. Bildirilir ki, tərəflərin görüşündə regional nəqliyyat-kommunikasiyalarının açılması məsələsi də nəzərdən keçirilib. Şübhəmiz yoxdur ki, Türkiyənin olduğu yerdə Azərbaycanın da maraqları müdafiə olunub. Çünki Azərbaycanın olduğu hər yerdə həm də Türkiyə olub, hər zaman da olacaq!
Varujan Geğamyan
Erməni türkşünas Varujan Geğamyan bu günlərdə sosial şəbəkə hesabında belə yazmışdı: “Türkiyə və Azərbaycan üçün Meğri dəhlizi və ya Zəngəzur dəhlizi bu günün və gələcək illərin əsas strateji hədəfidir, buna nail olacağı təqdirdə Türkiyə-Azərbaycan ikilisi 3 böyük problemi həll edəcək”.
Geğamyan belə sıralamışdı:
“1. Türkiyə ilə Azərbaycan arasında tam ortaq quru sərhədi nəhayət, formalaşır və Türkiyə Cənubi Qafqazda əsas gücə çevrilir.
2. Türkiyəni türk dünyası ilə birləşdirir, sonuncunu regional super gücə çevirir.
3. Ermənistanın cənubunu kəsir və faktiki olaraq Ermənistan dövlətinin ərazisini anklava çevirir, bizi Türkiyədən tamamilə asılı vəziyyətə gətirir və ölkəmizi ardıcıl olaraq aradan qaldırır”.
Ermənistanda getdikcə reallığı başa düşənlər artır, bilirlər ki, ZƏNGƏZUR QATARININ QARŞISI ALINMAZDIR! Həmçinin Ermənistan Konstitusiyasındakı bədnam iddialar aradan qaldırılmalıdır, əksi mümkün deyil!
Ermənistan qondarma “soyqırım” iddiaları, Qars müqaviləsini ratifikasiya etməməklə, Konstitusiya və gerbi ilə Türkiyənin ərazilərinə iddiasını hüquqi müstəvidə ortaya qoymaqla, Azərbaycan torpaqlarını işğalda saxlamaqla və 44 günlük müharibədən sonra üzərinə düşən öhdəlikləri yerinə yetirməməklə özünü dalan vəziyyətinə salıb. Xatırlayırsınızmı, 44 günlük müharibədən bir neçə ay əvvəl, Tovuz istiqamətindən yeni ərazilər uğrunda müharibəyə başlayan Ermənistan həm də Sevr müqaviləsinin 100 illiyini qeyd edirdi? 10 avqust 1920-ci ildə Fransanın (yenə Fransa!) Sevr şəhərində imzalanan müqaviləyə əsasən, Türkiyə ərazilərinin də hesabın 150 min kv.km-lik Ermənistanı nəzərdə tutan bədnam kağız parçasından söhbət gedir. Ermənistanın Qara dənizə çıxışına belə imkan yaratmaq istəyirdilər. Lakin Mustafa Kamal Atatürkün rəhbərlik etdiyi Türkiyə 1923-cü il Lozanna müqaviləsi ilə hayların dizini yerə vurdu və arzularını ürəyində qoydu. Sovetlərin və Qərb imperialistlərinin təhriki ilə Ermənistan hər zaman Türkiyə və Azərbaycana qarşı məkrli siyasət yürüdüb. Amma baxın, Azərbaycan dövlətinin rəsmən Qərbi Ermənistan siyasəti Ermənistanın Türkiyənin 6 vilayətinə iddiasını nəzərdə tutan “Qərbi Ermənistan” xülyalarının da üstündən qara xətt çəkmiş oldu! Azərbaycan qardaş Türkiyənin 1993-cü ildən bəri öz qapılarını işğalçı Ermənistanın üzünə çırpmasının qarşılığında qardaşlıq borcunu yerinə yetirdi, hayları qondarma “soyqırım” nağıllarına, konstitusiya və gerb ilə ərazi iddialarına peşman elədi, bu gün Ermənistan rəhbərliyi artıq tarixi səhvləri aradan qaldırmağın, qonşularla normal münasibət qurmağın yollarını arayırlar. 150 min kv.km-lik iddiadan 29.743 kv.km-ə “eniblər”. Amma real Ermənistan üçün daha 20 min kv.km-i çıxmağa ehtiyac var, özləri də bilirlər...
Dünənə qədər ermənilər Ağrı dağına “turist” kimi, oğrun qalxıb, “Ararat” adlandırdıqları və iddia etdikləri zirvədə Ermənistan bayrağını, “artsax” əskisini qaldırırdılarsa, bu gün parlament səviyyəsində radikallar Ermənistanın XİN başçısına xitabən “Ararat Mirzoyan adını nə vaxt dəyişdirir”, sualını verirlər. Bu durumu yaradan “Dəmir Yumruq”a, “Bir millət, iki dövlət”in əbədi qardaşlığına əhsən!
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ