İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının humanizmi, Klaarın ədaləti və sülhməramlılara “yerinizi bilin” MESAJI

Azərbaycan növbəti dəfə humanizm prinsipindən çıxış edərək, 4 Gümrü, 1 Vanadzor (Qarakilsə) ermənisini azadlığa buraxdı və İrəvana təhvil verdi. Bundan əvvəl dəfələrlə belə addımlar olub, amma qarşılığını görməmişik, erməni naqisliyi özünü göstərib, xəstə, kifli iddialarından əl götürməyiblər, “barmağımızı uzadanda biləkdən yapışıblar”. Necə ki, bundan əvvəl Laçın şəhərindən yan keçəcək alternativ yol çəkib, “adam kimi gedin, gəlin” söylədik, əvəzində “bu, yol deyil, dəhlizdir” sərsəmləməsini eşitdik.

Bu dəfə də fərqli münasibət gözləmir(d)ik. Düzdür, Ermənistanın Milli Təhlükəsizlik Xidməti Bakının humanist addımının qarşılığında “Biz bu hərəkəti münasibətlərin normallaşması istiqamətində atılan addım kimi alqışlayırıq” bəyanatını yayıb ki, bu “irəliyə doğru addım” sayıla bilər. Amma quruca sözlə kifayətlənmək olmaz. Konkret addımlar atılmalıdır. Məsələn, Azərbaycanın Birinci Qarabağ müharibəsində əsir və girov götürülən, itkin düşən 4 minədək insanının taleyindən xəbər yoxdur. Dəfələrlə Ermənistana, beynəlxalq təsisatlara, aparıcı paytaxtlara xitab olunub, çağırışlar edilib, səs-səmir çıxmır. Hansı ki, elə bu insanların taleyinə aydınlıq gətirmək Ermənistan Milli Təhlükəsizlik Xidmətinin işidir. Eyni zamanda 44 günlük müharibədə 6 hərbçimiz itkin düşüb, müraciətlər nəticəsizdir. Amma Azərbaycanın haqlı tələblərini eşitməzliyə vuran Ermənistan tərəf davamlı şəkildə “əsir ermənilər”in “hamısının” geri qaytarılması məsələsini gündəmə gətirməyə cəhd edir. Hansı ki, onlar Ermənistan ərazisindən Azərbaycana terror törətməyə, adam öldürməyə, torpaq işğal etməyə gələnlərdir. Özü də 10 noyabr üçtərəfli bəyannamənin imzalanmasından bir ay sonra Azərbaycan ərazilərində peyda olublar. Belələri müharibə qanunları ilə yerindəcə güllələnməli olduğu halda, Azərbaycan humanist davranıb, onları mühakimə edib, bu canilər vəkillə təmin olunub, hətta bəzilərinin cəzası apelyasiya qaydasında azaldılıb, elə sonuncu təhvil verilənlərin də.

Ermənistanın “humanizmi”ni Xocalıda görmüşük. Bu ölkənin prezidenti olmuş cani Serj Sərkisyan ölüb-ərimədən deyirdi ki, Xocalı hadisələrinə qədər azərbaycanlılar – yəni mülki əhali – bizim onlarla zarafat etdiklərimizi zənn edirdilər. Bax, soyqırım törətmələrinə belə haqq qazandırırdı, alçaq Serjik! Amma bu etirafa görə nə Beynəlxaql Tribunal qarşısında dayanıb, nə də hansısa təşkilatın qınağına tuş gəlib indiyədək. 44 günlük müharibədə də dinc sakinlərimiz yatdıqları yerdə qətlə yetirildilər, bu terroru üzərinə götürənlərə - Araik Arutyunyan kimi canilərə “yaşıl işıq” yandırır özlərini “ədalət dağarcığı” adlandıran dairələr. Məsələn, Araikin cinayət ortağı Babayan ABŞ-a səfər edib, Konqresdə görüşlər planlaşdırır, orda xoruz kimi banlayaraq, “biz artsaxlılar sülh müqaviləsinə qarşı olacağıq” iddiası ilə çıxış edir, amma dünyanın o boyda dövlətinin müvafiq qurumları bu terrorçu-separatçı barədə ölçü götürməyi lazım bilmirlər. Ölçü nədir, hələ ABŞ Dövlət Departamenti açıqlama yayır ki, Babayanla hər hansı rəsmi təmas nəzərdə tutulmayıb, bu, şəxsi səfərdir. Ser, sorry, onda qapıları açın, abxaz, osetin, Krım, Donets, Dnestryanı separatçıları da “şəxsi səfərə” gəlsinlər, Konqresə ayaq bassınlar, onların da ABŞ-a gəlmək “hüququ var”, sizin məntiqinizə görə. Separatçıları növlərə, çeşidlərə bölmək nə qədər məntiqli və ədalətlidir?!

Azərbaycan birtərəfli qaydada işğalçı ölkənin hərbçilərini, muzdlu döyüşçülərini geri qaytarıb, amma görün bir çoxlarından səs çıxırmı? Məsələn, ABŞ, Fransa, ya elə Rusiya ayrılıqda da olsa, bəyanat verə bilərdi ki, Azərbaycanın bu addımları yalnız və yalnız normal münasibətlərin yaranmasına, sülh şəraitinin bərqərar olmasına yönəlib. Niyə demirlər, dilləri kilidlənib? Ermənistan hətta bu addımın qarşılığını Kəlbəcər və Laçına atəş açmaqla verir, niyə ittiham olunmur, açıq şəkildə adı çəkilmir, deyilmir ki, “bəsdirin!” Amma sabah Azərbaycan ordusu güllənin cavabını güllə yox, güllə ilə verəndə hər yerdə baş-beynimizi aparacaqlar.

Başqa bir vacib misal: təkcə “Qisas” əməliyyatından sonra nəzarətimiz altına keçən ərazilərimizdə 1300-dən artıq mina aşkarlandı, özü də 2021-Cİ İL ERMƏNİSTAN İSTEHSALI OLAN MİNALAR! Azərbaycanın başını sülh danışıqları, üçtərəfli razılaşmalar, danışıqlarla qatan Moskva, Vaşinqton, Paris, lap elə Brüssel niyə bunun hesabını istəmir Ermənistandan?! Başımızı danışığa qarışdırıb, ayağımızın altına minalar düzürlər. Burada təkcə Ermənistandırmı günahkar? Təbii ki, yox! Həm də Laçın yolu ilə Qarabağa mina daşınmasına şərait yaradan rus sülhməramlıları yox! Günahkar Araik Arutunyanla görüşə merini yollayan Fransadır, həmsədrlik nağıllarından əl çəkməyən, Ermənistana və Qarabağ separatçılarına maliyyə dəstəyi verən Amerikadır...

Bölgəni yenidən qarışdırmaq istəyənlərdən biri də ortaya çıxıb. Almaniyanın Karlsrue şəhərində keçirilən və Müqəddəs Eçmiədzin Ana Taxtının rəsmi nümayəndə heyətinin iştirak etdiyi Ümumdünya Kilsələr Şurasının 11-ci Baş Assambleyası “artsax, artsax erməniləri və respublikanın mənəvi-mədəni irsi haqqında” bəyanat qəbul edib. Azərbaycanı absurd şəkildə ittiham edən bu, xəstə keşişlər erməni terrorçularına münasibətdə humanist davranışın qarşılığında təşəkkür etmək əvəzinə “yüzlərlə etnik erməni Azərbaycanda qanunsuz saxlanılır”-iddiasını irəli sürüb. 70-ədək məscid dağıdan, şəhər və kəndlərimizi yer üzündən silən ermənilərin müdafiəçiləri YUNESKO-ya bizdən şikayət ediblər. “Ədalətli və davamlı sülhə nail olmaq üçün Ermənistan və Dağlıq Qarabağın kilsələri və xalqları ilə xristian həmrəyliyinə sadiq qalmağı xahiş edirik”, - bəyanatda deyilir. Xəstədirlər, şarlatandırlar! Qarabağda ermənilərin dağıtdığı abidələrin bir qismi elə xristian abidələridir, Qafqaz Albaniyasına aid kiləsələr! Həm də ermənilərin izi-tozu yox idi o kilsələr tikiləndə! “Xristian həmrəyliyi”ni işə salıblar indi də. Əslində Qarabağ məsələsinə münasibətdə bu həmrəyliyin acısını çox çəkmişik...

Yenə də ədalət hissini tam itirməyənlər varmış. Avropa İttifaqı Azərbaycan dövlətinin 5 erməni hərbçisinin Ermənistana təhvil verilməsini alqışlayıb. Qurumun Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter“də bildirib. “Liderlərin avqustun 31-də Brüsseldəki görüşündən sonra Azərbaycan tərəfindən saxlanılan beş erməni hərbçisinin azad edilməsi ilə bağlı xəbərini alqışlayırıq. Bu, əhəmiyyətli humanitar jestdir və eyni zamanda təhvil-təslim prosesi olmadan bunun baş tutması isə diqqətəlayiqdir”,-deyə Klaar bildirib.

Klaar ədaləti də demək olar. Bu, həm də Azərbaycanın heç bir vasitəçi olmadan erməni hərbçiləri Ermənistana qaytarmasının Avropa İttifaqı tərəfindən bəyanıdır. Bir çoxları, o cümlədən öz nümayəndəsini İrəvan və Bakıya göndərərək, növbəti dəfə “həmsədr oyunu”nu işə salmağa çalışan ABŞ da birbaşa təmaslardan məmnun deyil, heç şübhəsiz. Amma Azərbaycan dövləti prosesləri diqtə etməyə qadir olduğunu növbəti dəfə nümayiş etdirdi. Bu, həm də o deməkdir ki, kiminsə müdaxiləsinə, vasitəçiliyinə ehtiyacım yoxdur, özüm də bacararam. Həm “QİSAS” əməliyyatı keçirməyə qadirəm, həm də yeri gələndə Azərbaycan türməsində çürütmək imkanım olan erməni hərbçilərini açıb boşlamağa! Vaxtilə erməni hərbçiləri Bakıdan İrəvana rus sülhməramlıların komandanı aparırdı. Bakı bu dəfə Volkovun təyyarəsinə ehtiyac görmədi, təhvil-təslim elə sərhəddə reallaşdı. Bu, həm də sülhməramlılara “öz yerini bil” mesajıdır! Proseslərin davamı da Azərbaycanın diqtəsi ilə baş verəcək, həm də növbəti zəfərlərimizlə, buna zərrə qədər şübhəmiz yoxdur!

Elşad Paşasoy,
Musavat.com

Elşad PAŞASOY

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR