Onlayn ictimai-siyasi qəzet
Qəzzadakı müharibəyə münasibətinə görə hələ də Azərbaycana qarşı əsassız ittihamlar səslənir; halbuki Fələstinin diplomatik korpusunun xərclərini də Bakı qarşılayır
Ötən ilin oktyabrından başlayan İsrail-Fələstin qarşıdurmasında Azərbaycan tərəf tutmur və baş verən hadisələrə obyektiv qaydada, beynəlxalq hüquq çərçivəsində reaksiya verir. Ancaq təəssüf ki, Yaxın Şərqdəki müharibəyə münasibətinə görə rəsmi Bakının ünvanına əsassız ittihamlar səslənir. Baxmayaraq ki, Fələstin Ermənistan ərazilərimizi işğal etdikdə heç vaxt Azərbaycanın yanında olmayıb.
Üstəlik, Fələstinin özündə erməni terror təşkilatı olan ASALA fəaliyyətini genişləndirib, Fələstinin o zamankı lideri Yasir Ərəfat “ermənilər mübariz xalqdır, biz onlardan həmişə nümunə götürmüşük, "biz və ermənilər bir xalqıq" kimi açıqlamalar verib. 44 günlük müharibə zamanı da İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycana dəstək qətnaməsi qəbul etmək istəyəndə, Ermənistanla Azərbaycan arasında “balanslı siyasət” qurmaq istəyən bəzi ərəb ölkələri də olub.
Azərbaycan isə Fələstinə münasibətdə tamam fərqli yanaşıb. Belə ki, daim Fələstin xalqının dövlətçilik mübarizəsini dəstəkləyib, münaqişənin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması ilə iki dövlət prinsipi əsasında həllinə tərəfdar olduğunu bəyan edib. Azərbaycan müstəqillik qazandığı 1991-ci ildən Fələstinə imkanı daxilində birbaşa və dolayı yardımlar göstərib. 1992-ci ilin 15 aprel tarixində Azərbaycan Respublikası ilə Fələstin Milli Hakimiyyəti arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanıb. 2010-cu ildən Fələstinin səfirliyi fəaliyyət göstərir ki, diplomatik korpusun xərclərini də Azərbaycan özü qarşılayır. İndiyədək İslam Əməkdaşlıq Təşkilatında bununla bağlı qəbul edilən bütün qətnamələrə səs verib. Habelə, Prezident İlham Əliyev İƏT-in toplantılarında, Misirə səfəri zamanı verdiyi bəyanatlarında da Azərbaycanın paytaxtı Şərqi Qüds olmaqla, müstəqil Fələstin dövlətinin yaradılmasına gətirib çıxaracaq “iki dövlət” prinsipini daim dəstəklədiyini bəyan edib.
Azərbaycanın özündə 1 milyona yaxın qaçqın və köçkünün olmasına baxmayaraq, Bakı 2013-cü ildən bəri Fələstin dövlətinə və BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Kömək və Sosial İnkişaf Agentliyinə (UNRWA) 7 milyon dollardan çox maliyyə yardımı göstərib. Yəni İsraillə yüksək səviyyədə olan əlaqələrə rəğmən, Azərbaycan humanizm prinsiplərinə söykənərək Fələstin xalqına yardım göstərir. O da faktdır ki, bu gün Qəzzada fələstinlilər arasında belə heç birlik yoxdur, Fələstində 26 fraksiya bir-birinə qarşı mübarizə aparır, HƏMAS-la vətəndaş müharibəsi yaşanıb, Fələstin müxtəlif fraksiyalar arasında bölünüb və s. Bu fraksiyaların hər biri kənardan idarə olunur və ayrı-ayrı dövlətlərin ziddiyyətli maraqlarına xidmət edir. Təkcə İsrail-Fələstin deyil, İsrail-Livan qarşıdurması zamanı da Azərbaycan Livanın ərazi bütövlüyünü dəstəkləyib. Hərçənd Livan da ermənipərəst ölkələrdəndir, oradan işğal zamanı Qarabağa köçürülən ermənilər də olub, ASALA-nın Livanda fəaliyyəti də hər kəsə məlumdur. Suriya Ermənistana açıq dəstək verməsinə baxmayaraq, Azərbaycan Suriyanın da ərazi bütövlüyünü daim dəstəkləyib. Yəni hər üç ərəb ölkəsinə münasibətdə Azərbaycan beynəlxalq hüquqa uyğun davranıb.
Eləcə də Ukrayna ilə bağlı məsələdə Bakı Kiyevə oxşar münasibəti bəsləyir, ölkənin Krım da daxil olmaqla, ərazi bütövlüyünü tanıyır, humanitar yardım göstərir, generatordan tutmuş digər zəruri humanitar ehtiyaclara qədər göndərilir. Halbuki Bakı bu addımı atmaya da bilər və Rusiya ilə olan strateji müttəfiqliyi nəzərə alaraq köməklik göstərməz. Lakin Azərbaycan özü işğaldan əziyyət çəkmiş və ziyan görmüş ölkə olduğu üçün münaqişələrin qurbanı olan xalqlara humanitar dəstəyini əsirgəmir. Üstəlik, heç kimə sirr deyil ki, indi Fələstin xalqı da, Ukrayna xalqı da əslində böyük güclərin oyunlarının qurbanıdır. Yəni Azərbaycan qarşılıq görmədiyi hallarda belə beynəlxalq hüququn prinsipləri və ədalətin yanındadır. Ona görə də həqiqəti görmək istəməyən bəzi dairələr Azərbaycanın Yaxın Şərq siyasətini qaralamağa çalışırlar. Azərbaycan isə istənilən məsələdə öz milli maraqları və təhlükəsizliyini əsas götürür. Azərbaycan heç zaman bir dövlətə görə digər dövlətlə düşmənçilik siyasəti aparmayacaq. Bunu tələb etmək siyasi savadsızlıq, geosiyasi reallıqları anlamamaq, dövlətçilik prinsiplərini başa düşməməkdir.
Aydın Mirzəzadə
Hakim partiyanın VI çağırış üzrə deputatı Aydın Mirzəzadənin “Yeni Müsavat”a bildirdiyinə görə, son bir ildə İsrail-Fələstin arasında gedən hərbi toqquşma dünya siyasətinin əsas mövzularından biridir. A.Mirzəzadə bu konfliktə Azərbaycanın dəfələrlə münasibət bildirdiyini hesab edir. Onun dediyinə görə, ölkəmiz hərbi əməliyyatların dərhal dayandırılması, problemin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu dəfələrlə bəyan edib: “Bundan əlavə, hərbi əməliyyatlardan zərər çəkən fələstinlilərə dəstək üçün Azərbaycan BMT Qaçqınlar Şurasına böyük məbləğdə pul da köçürüb. Azərbaycan gələcəkdə digər humanitar layihələrdə də iştirak etməyə hazırdır. Bir sözlə, artıq bir əsrə qədərdir davam edən münaqişədə həll olaraq müstəqil Fələstin dövlətinin yaradılmasının tərəfdarıyıq”. A.Mirzəzadə deyir ki, amma bəzi xarici dairələr Azərbaycanın radikal mövqe tutmasını, hətta münaqişənin bir tərəfinə çevrilməsini gözləyir: “Bu isə Azərbaycanın sülhpərvər siyasətinə ziddir. Azərbaycan BMT-nin prinsiplərini üstün tutur və tərəfləri sülhə çağırmağı vacib sayır. Hətta bu qarşıdurmanın həlli üçün Azərbaycan vasitəçiliyini də təklif edə bilər”.
Ramiyə Məmmədova
Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, Azərbaycanın Qəzza müharibəsində tutduğu mövqedən artıq nəsə tələb etmək bizi tərəfə çevirmək hədəfi daşıyır: “Azərbaycan bu münaqişədə seçim etmək məcburiyyətində deyil. Vaxt gələcək ki, ölkələr əlaqələrini yaxşılaşdıracaqlar, biz üz-göz olmaq istəmirik. Azərbaycan daha nə etməlidir ki? İkincisi, Fələstində Qarabağın azad olunmasına sevinənlər görmədik. Axı deməliydilər ki, bir müsəlman ölkəsi olan Azərbaycan işğala son qoyub, amma Fələstin bu mövqeyi sərgiləmədi. Əgər müsəlmanların Qəzzada ölümündən söhbət gedirsə, Azərbaycan baş verənlərlə bağlı bəyan edib ki, münaqişə dayanmalıdır, Fələstin dövləti yaranmalıdır. Bəs Qarabağda müsəlman əhali işğalçılar tərəfindən qətlə yetiriləndə Fələstin niyə susurdu?”
Ekspert hesab edir ki, Azərbaycan İsraillə münasibətlərini korlamayacaq: “Bir yəhudi ölkəsinin 44 günlük müharibədə bizə verdiyi dəstəyə baxaq, bir müsəlman ölkəsi İranın Ermənistana münasibətinə, bir də müsəlman ölkəsi Fələstinin ermənilərə olan yanaşmasına. Bununla belə, Azərbaycan ədalətli, genişürəkli davranır, qaçqınlara kömək edir, o cümlədən də beynəlxalq hüquqa əsaslanır. O baxımdan işğaldan əziyyət çəkmiş Azərbaycana kimsə irad tuta, bizi qınaya, ittiham edə bilməz. Azərbaycan yetərincə Fələstin məsələsində obyektiv hərəkət edir. Hər halda, İsraillə olan yaxşı əlaqələri pozub, kimlərinsə arzularını ifadə edə bilmərik”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ