İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının azad edilməsinin 105-ci ili - iki qardaş ölkənin qürur tarixi

Yücel Karauz: “15 sentyabr Türk dünyasının qızıl səhifəsidir”; Fazil Mustafa: “Hansı xalq, dövlət olsaydı, mütləq Nuru Paşaya Bakının mərkəzində abidə qoyardı”

Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlardan azad edilməsinin 105-cü ili tamam olur. Bu, Azərbaycan xalqına aid ən şərəfli tarixlərdən biridir.

105 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verilib.

Türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb olub. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil edib. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirilib. Tağıyev türk ordusunun komandanı Nuru Paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim edib.

1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid verib.

Qardaş Türkiyənin hərbi dəstəyi ilə Bakının azad edilməsi Azərbaycan tarixinə daha bir zəfər gününün yazılması demək idi. Bu, eyni zamanda dahi Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir!” fikrinin əyani təsdiqi idi.

Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur. Hər il Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsi önündə anma mərasimi keçirilir.

Professor Musa Qasımlı: Azərbaycan dövləti daim vətəndaşının yanındadır -  AZƏRTAC

 Musa Qasımlı

Millət vəkili Musa Qasımlı mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “15 sentyabr Azərbaycanın şərəfli tarixinin parlaq səhifələrindən biridir. Bu gün Osmanlı və Azərbaycan hərbçilərindən qurulmuş Nuru Paşa  komandanlığı altında Qafqaz İslam Ordusu Bakının yadelli qüvvələrdən azad etdi. Azərbaycan xalqı və hökuməti tarixi şəhərinə, paytaxtına qovuşdu.

Bu tarix ölkəmizdə araşdırılıb, xeyli sayda məqalələr, kitablar yazılıb. Ulu öndər Heydər  Əliyevin  hakimiyyəti dövründə Qafqaz İslam ordusunun hərbiçilərinin şərəfinə hər bir azərbaycanlı üçün  müqəddəs olan  1918-ci il mart soyqırımı qurbanlarının, 1990-cı il 20 Yanvar faciəsinin və Birinci  Qarabağ müharibəsi şəhidlərinin dəfn olunduğu Şəhidlər Xiyabanında abidə ucaldılıb. Qafqaz  İslam Ordusuna ucaldılan bu abidə qardaşlığın rəmzidir. Bu bizim silah qardaşlığımızın nümunəsidir.  Bundan alınacaq dərslər var. Bu dərslərin ən başlıcası ondan ibarətdir ki, Azərbaycan və Türkiyə bərabər hərəkət etdikləri zaman qarşılarına qoyduğu  istənilən məqsədə nail olurlar. Bu gün çox müsbət haldır ki, biz "Bir millət-iki dövlət"dən cənab Prezident İlham Əliyevin söylədiyi kimi, “tək yumruğa” çevrilmişik".

Fazil Mustafa güllələndi — Yenilənib

Fazil Mustafa

Millət vəkili Fazil Mustafa dedi ki, bu tarixin önəmi həm də odur ki, yenicə formalaşan Azərbaycan Ordusu və birlikləri Qafqaz İslam Ordusu ilə birlikdə bu prosesdə iştirak ediblər və ön cəbhədə vuruşublar: “Hətta Məhəmməd Əmin Rəsulzadə bunun diplomatik tərəfini nəzərdə tutaraq, sabahkı iradların da qarşısını almaq üçün vurğulayırdı ki, Bakını işğaldan azad edən ordunun ilk sıralarında Azərbaycan Ordusu, Azərbaycan bayrağı olmalıdır ki, sabah Bakının işğaldan azad etmək məsələsində Azərbaycan hökumətinin adı daha çox hallansın. Lakin bir tarixi gerçəklik var ki, Türk Ordusunun yardımı olmasaydı, bunu etmək mümkün deyildi. Beləliklə, 15 sentyabr bizim üçün  şərəfli tarixdir və bu tarixin yüz illiyini Azərbaycan Prezidenti və Türkiyə Prezidenti tərəfindən çox yüksək səviyyədə qeyd olunub.

Lakin nədənsə Azərbaycanda Bakının azad olunmasında  böyük rolu olan Nuru Paşanın şərəfinə hansısa bir addımın atılması əngəllənir. Düşünmürəm ki, bu bilməməzlikdən irəli gəlir. Məsələn, hansı xalq,  dövlət olsaydı mütləq Nuru Paşaya Bakının mərkəzində abidə qoyardı. Hansı millət ki, öz qədirşünaslığını göstərmək istəyir, onun adını hərbi məktəblərə və yaxud digər yerlərə verməli idi. Bu addımları atmamağın bəhanəsi yoxdur və bizim  bir nöqsanımız, milli qüsurumuzdur. Çünki bizə bu azadlığını bizə canı, qanı, 1130 türk əsgərinin şəhadəti bahasına bəxş etmiş insanlara biz bir məzar abidəsi qoymaqla kifayətlənməməliyik. Onun  müzəffər komutanına mütləq dəyər verməliyik. Buna görə də biz bu məsələdə daha qədirşünaslıq göstərməyə borcluyuq".

Yaşasın Muzaffer Azerbaycan Ordusu! – BAYRAQDAR MEDİA

Yücel Karauz 

Ehtiyatda olan türkiyəli general Yücel Karauz da qeyd edib ki, 15 sentyabr həm Azərbaycan, həm də Türkiyə tarixinə qızıl hərflərlə yazılmış tarixdir: “15 sentyabr tarixi təkcə Bakının işğaldan azad edilməsi deyil, həm də Azərbaycanın dövlətçilik tarixi, Ordu quruculuğu baxımından da çox önəmlidir. Həmçinin Türkiyə-Azərbaycan qardaşlığının təməllərini qoyan ən bariz nümunələrdən biridir. 105 il öncə Osmanlı  İmperiyası artıq çökmək, parçalanmaq üzrə idi və Birinci Dünya müharibəsində 7 cəbhədə savaşırdı. Lakin Osmanlı İmperiyası çökməsinə rəğmən Türk dünyası, türk qardaşları ilə əlaqəni heç bir zaman kəsməmişdir. Xüsusən də Ənvər Paşa Türk dünyası, Turan sevdalısı olaraq ermənilərin törətdikləri zülmlərə, Azərbaycanın uğradığı haqsızlıqlara dayana bilməyərək, öz qardaşı Nuru Paşanı görəvləndirərək,  Komutan Heyəti yaratdı. Halbuki həmin zaman Osmanlı ordusu 7 cəbhədə savaşırdı və Ənvər Paşa mümkünsüzlüyü mümkün edərək, həmin Komutan Heyətini yaratmışdı. Beləliklə, Komutan Heyəti cəbhədən çəkilərək, Gəncəyə gəldilər. Orada təşkilatlanma fəaliyyəti yayıldı və nəticədə Azərbaycan Korpusu yaradıldı.  Çox qısa bir zamanda, 15 may-15 sentyabr ərzində təlimlər həyata keçirərək, sentyabrın 15-i səhəri Bakını işğaldan azad etdilər. Bakının azad edilməsi təkcə Azərbaycan üçün deyil, həm də Türk dünyası, Türkiyənin Türk dünyası ilə bağlılığı baxımından tarixi bir vəzifə idi. Bu baxımdan, deyə bilərik ki, 15 sentyabr çox böyük tarixi əhəmiyyətə malikdir.

Təbii ki, Birinci Dünya müharibəsi dövründə Osmanlı İmperiyasının yenilməsi, Mudros barışığı imzalanması nəticəsində Qafqaz İslam Ordusu geri dönmək məcburiyyətində qaldı. Əslində bundan sonra da Qafqaz İslam Ordusunun Azərbaycanda missiyası bitməmişdi, ordunun bəzi hissəsi Azərbaycan korpusunda və Azərbaycan Ordu quruculuğunda fəaliyyətini davam etdilər.

Məlum olduğu kimi, Osmanlı ordusu Azərbaycanda 1130 şəhid verib. Bu şəhidlər Azərbaycanın müxtəlif yerlərində dəfn olunub, o cümlədən Naxçıvanda. Azərbaycan xalqı bu günə qədər həmin şəhidlərin məzarını əmanət kimi saxlayıb, 70 il sürən rus-bolşevik iqtidarından qoruyub. Türkiyə, Anadolu türkləri olaraq Azərbaycan xalqının bu qədirbilənliyinə  görə minnətdarıq. 15 sentyabr həmçinin Şuşa Bəyannaməsi, Qarabağ Zəfəri kimi bir zəfərdir və Türk dünyasının qızıl səhifəsidir.

Bütün şəhidlərimizi rəhmətlə anıram".

Xalidə GƏRAY
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR