İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakını və Tiflisi qarışdırmaq istəyənlərə mesaj

Azərbaycanla Gürcüstan bir-birini dəstəklədikcə onlara qarşı qurulan planlar da iflasa məhkumdur və məhkum olacaq

Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana ikigünlük səfəri çərçivəsində iki ölkənin əməkdaşlığının gələcək “yol xəritəsi”nin konturları müzakirə edildi. Əsasən iqtisadi əməkdaşlıq perspektivi müzakirə edilsə də, regionla bağlı siyasi mesajlar da verildi.  

“Çağırışlar və təhlükələrlə dolu bugünkü qloballaşma dövrü bir çox fundamental dəyərləri təhdid edir. Ona görə də biz bu prinsipləri qorumaq üçün xüsusi diqqət və səy göstərməliyik. Gürcü və Azərbaycan xalqları millətlərimiz üçün həyati əhəmiyyət kəsb edən dəyərlərin qorunması uğrunda mübarizədə bir yerdədir və bundan sonra da birlikdə olacaqlar. Mən qəti əminəm ki, zamanın sınağından çıxmış yüksək səviyyəli strateji və mehriban qonşuluq münasibətləri daha da möhkəmlənəcək, Gürcüstanın və Azərbaycanın milli maraqlarının həyata keçirilməsində yeni müstəviyə keçəcək. Regionun və dünyanın qarşısında duran vəzifələrin səmərəli həlli üçün ölkələrimiz arasında bütün sahələrdə sıx əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir”, - deyə Gürcüstan Prezidenti bildirib. 

Gürcüstan Prezidenti daha sonra deyib: “Əminəm, bizim ümumi gələcəyimizə uğurlu, iqtisadi cəhətdən güclü və firavan Cənubi Qafqaz regionu daxildir ki, burada xalqlarımız öz adət və ənənələri ilə birgə yaşaya biləcəklər, dırnaqarası liberal dəyərlərlə yox. Təəssüf ki, son vaxtlar ölkələrimiz dəfələrlə ikili standartların və xarici qüvvələrin daxili işlərə müdaxiləsinin obyektinə çevrilib. Çoxsaylı səylərə baxmayaraq, biz bu təhlükələri qətiyyətlə aradan qaldırırıq, regionun təhlükəsizliyini və sabitliyini təmin edirik. Heç bir üçüncü ölkə və ya təşkilatın xalqlarımız üçün nəyin yaxşı olduğunu bizdən yaxşı bilməsi mümkün deyil”.

Azərbaycanın dövlət başçısı da regionda sabitliyin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Əfsus ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq”.

Xüsusilə Gürcüstan Prezidentinin mesajından aydındır ki, söhbət Qərbin ötən ilin oktyabrında keçirilmiş parlament seçkilərindən sonra ölkəni qarışdırmaq cəhdlərindən gedir. Bəllidir ki, AŞ PA Azərbaycana olduğu kimi Gürcüstan nümayəndə heyətinin də səsvermə hüququnu seçkilərdə total saxtakarlıq bəhanəsi ilə dayandırıb. Gürcüstan Prezidenti hər iki ölkəyə “ikili standartlar və daxili işlərə müdaxilə” dedikdə Avropa Birliyini, onun təsisatlarını, eləcə də AŞ PA-nın qərəzlıi mövqeyini nəzərdə tutur.

Aydın Hüseynov: “Onun əziz xatirəsi hər zaman anılacaq” - Oxu.az

Aydın Hüseynov

Bu barədə “Yeni Müsavat”a şərhində deputat Aydın Hüseynov öncə bildirdi ki, Azərbaycanla Gürcüstanın mehriban qonşuluq münasibətləri, əməkdaşlığı dünyada ən yaxşı nümunələrdəndir: “Gürcüstanla Azərbaycan mehriban qonşuluq və tarixi dostluq əlaqələrinə söykənən münasibətlərini günbəgün inkişaf etdirir. Cənubi Qafqazın gələcəyi, inkişafı üçün bu iki dövlətin arasında olan dostluq bağları, əməkdaşlıq əlaqələri əsas amildir. Azərbaycan-Gürcüstan münasibətləri bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik, müdafiə, nəqliyyat-logistika, humanitar və digər sahələrdə uğurla inkişaf edir. Ölkələrimiz arasındakı səmərəli əlaqələr regional sabitliyə və əməkdaşlığa mühüm töhfələr verir. Bu ilin əvvəlində Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkəmizdə səfərdə oldu. Bir neçə gün əvvəl Antalyada Azərbaycan Prezidenti ilə Gürcüstanın Baş naziri arasında görüş keçirildi. Aprelin 15-16-da isə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ölkəmizdə rəsmi səfərdə oldu. Təbii ki, bu, ilk növbədə, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsinin, eyni zamanda əməkdaşlıq gündəliyinin geniş olduğunu göstərir. Müstəqillik illərində Azərbaycanın və Gürcüstanın iştirakı ilə reallaşdırılan qlobal əhəmiyyətli layihələr uğurlu əməkdaşlığın bariz nümunəsidir. Prezident İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi, Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Bu uğurlu əməkdaşlıq illər ərzində bütün istiqamətlərdə genişləndirilib və bu gün nümunəvi xarakter daşıyır. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edirlər. Azərbaycan və Gürcüstan BMT, ATƏT, GUAM, QDİƏT və digər təsisatlarda daim bir-birini dəstəkləyir, həmrəy mövqe nümayiş etdirirlər.

Ölkəmiz Cənubi Qafqaz regionunda əməkdaşlığın genişləndirilməsinin, dayanıqlı sülhün bərqərar olmasının tərəfdarıdır. İllərdir Gürcüstanla Azərbaycan arasında möhkəm dostluğa əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq da ölkəmizin bu istiqamətdəki əzminin göstəricisidir. Bu gün ölkələrimizin arasındakı dostluq və əməkdaşlıq Avropanın enerji təhlükəsizliyində önəmli rola malikdir. Bu istiqamətdə nəzərdə tutulan layihələrin icrası ilə bu sahədəki fəaliyyət daha da genişləndiriləcək. Təəssüf ki, bir sıra Qərb ölkələri, onların nəzarətində olan Avropa Birliyi, Avropa Şurası kimi beynəlxalq təşkilatlar Azərbaycan və Gürcüstanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu yetərincə qiymətləndirmirlər. Onlar Azərbaycan və Gürcüstanın müstəqil siyasət yürütməsini qəbul edə bilmirlər. Özlərindən tamamilə asılı vəziyyətdə olan ölkələr kimi görmək istəyirlər. Edilən təzyiqlər də buna görədir".

Deputat qeyd etdi ki, Azərbaycanın və Gürcüstanın AŞ PA-dakı nümayəndə heyətlərinin səsvermə hüququnun dayandırılması barədə AŞ PA-nın ard-arda addımlar atması bu iki Cənubi Qafqaz ölkəsinə qarşı eyni mərkəzlərdən qərəzli münasibətin olduğunun göstəricisidir: “Cənubi Qafqazı tamamilə öz istədikləri kimi idarə etmək, burada yerləşmək istəyən Qərb, Avropa Birliyi Azərbaycanla Gürcüstanın müstəqil siyasət yürütməsini qarşılarında maneə kimi görür. Ona görə də ən müxtəlif istiqamətlərdən təzyiqlər təşkil edilir. Gürcüstanda hətta çevriliş planları da işə salınmışdı. Sadəcə, bacarmadılar. Azərbaycanla Gürcüstan bir-birini dəstəklədikcə, onlara qarşı qurulan planlar da iflasa məhkumdur və məhkum olacaq”.    

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

03 May 2025

BÜTÜN XƏBƏRLƏR