İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakını Rusiyanın təzyiqlərindən qorumaq vədi -Azərbaycana seçim təklif edilir, yoxsa...

ABŞ prezidentinin İlham Əliyevə bayram təbrikinin şifrələri; Ağ Evdən göndərilən məktubla bağlı ekspertlərdən ilginc rəylər; “Gərək bizim xarici diplomatiyamız müəyyən qədər  fəallığı artırsın”

ABŞ prezidenti Co Baydenin Prezident İlham Əliyevə 28 May - Azərbaycanın Müstəqilliyi Günü ilə bağlı göndərdiyi bayram təbrikində ikitərəfli münasibətlərin bu günü, gələcəyi ilə bağlı mühüm mesajlar ölkə medaisında geniş təhlil edilir. Bəzi ekspertlərə görə, bu mesajlar həm də Rusiyanın Ukraynaya təcavüzündən sonra regionda yaranmış yeni çağırışları, Azərbaycandan gözləntiləri əks etdirir.

Mövzu ilə bağlı fikirlərini bölüşən ekspertlərə görə, ABŞ lideri məktubunda Azərbaycana Rusiyanın təzyiqlərindən qorunmaq üçün öz dəstəyini də təklif edib və onlar bu sitata diqqət çəkirlər: “Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir. Biz qarşıdan gələn illər və onilliklərdə münasibətlərimizi daha da genişləndirmək arzusundayıq”.

Bildirilir ki, burada Vaşinqtonun Bakıdan əsas gözləntilərindən daha biri açıqlanır: Azərbaycan Rusiyadan çəkinmədən Avroatlantik məkana inteqrasiya siyasətini davam etdirməlidir. Əlbəttə, Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, Qərbə inteqrasiya siyasətinin yürüdülməsi ölkənin müstəqilliyinə və suverenliyinə qarşı Rusiyadan qaynaqlanan müəyyən təhlükələr vəd edir. ABŞ lideri isə hesab edir ki, Moskvanın əvvəlki təzyiq imkanları zəifləyib, Vaşinqtonun dəstəyi isə əksinə, indi daha qətiyyətlidir. Ona görə çəkinmədən daxili islahatlarla paralel Avroatlantik məkana inteqrasiya kursunu canlandırmaq vaxtıdır. Söhbət hansısa hərbi quruma üzvlüklə bağlı konkretləşmədən getməsə də, aydındır ki, gərginləşən Qərb-Rusiya münasibətləri fonunda Azərbaycanı həm NATO, həm KTMT-yə dəvətlər artacaq. Təsadüfi deyil ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusu alması ilə bağlı məsələ gündəmə gəlib. Rusiya prezidenti Vladimir Putin KTMT-nin Moskvada keçirilən son sammitində MDB-yə üzv ölkələrə KTMT-də müşahidəçi statusu verilməsini təklif edib. Bu birliyə hər hansı formada təmsilçiliyin əleyhinə olanlar isə hesab edir ki, KTMT-yə daxil olmaqla, Azərbaycan nəinki inkişaf vektorunu və mövcud balansı dəyişəcək, həm də Qərblə bağlı bəzi mövcud və layihələndirilən nəqliyyat-kommunikasiya və energetika layihələrinə yenidən baxmaq təhlükəsi ilə üzləşə bilər. Düzdür, hazırda Rusiya Ukrayna boyda bataqlığa düşüb və oradan “qalib” olaraq çıxmaq üçün müxtəlif cəhdlər göstərir, vaxtaşırı hücum cinahını dəyişir, amma böyük itkilər bahasına. Amma paralel şəkildə şimal qonşumuz postsovet məkanındakı müstəqil dövlətlərə təhdidlərlə kifayətlənmir, eyni zamanda NATO-nun sərhədlərinə yaxınlaşması cəhdlərinə də sərt reaksiyalar verir, açıq hədələrə keçir. Bəli, Azərbaycan və Rusiya arasında müttəfiqlik haqqında saziş Ukrayna müharibəsindən bir neçə gün əvvəl imzalanıb, amma fakt budur ki, Kreml bu savaşda müttəfiqlərini də öz yanında görmək istərdi, o cümlədən Azərbaycanı. Amma bəlli olduğu kimi, istisnalar xaric - məsələn, Ermənistanın qırıcı və ya döyüşçü göndərməsi və sair - KTMT üzvləri belə, Rusiyaya hərbi dəstək verməkdən boyun qaçırır. Digər tərəfdən, Azərbaycan Ukraynaya humanitar dəstəyini əsirgəmir ki, bu da Kremli qıcıqlandırmaya bilməz. Bütün bunların fonunda Baydenin məktubundan çıxan nəticə, Azərbaycanın seçimləri haqda nə demək olar?

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

 Elxan Şahinoğlu 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, ABŞ prezidenti Co Baydenin azərbaycanlı həmkarı İlham Əliyevə məktubunda bir neçə detal diqqəti cəlb edir: “Birincisi, Azərbaycanın Ukraynaya humanitar yardımı, neft göndərməsi, suverenliyini dəstəkləməsi xüsusi vurğulanır, bu, çox önəmlidir. İkinci xüsusiyyət odur ki, Azərbaycan Avropa ilə əməkdaşlığı genişləndirir, enerji və qaz nəqlinə xüsusi yer verilir, bu da Amerika üçün vacibdir. Çünki Rusiyanın Ukraynada apardığı işğalçı müharibə fonunda ABŞ da çalışır ki, Avropanın Rusiyadan qaz və neft asılılığı azalsın. Üçüncü önəmli detal məktubda Rusiyanın adının çəkilməsidir ki, Rusiyanın bölgədə apardığı destruktiv fəaliyyətə qarşı ABŞ dostları ilə sanki bir yerdədir. Burada Azərbaycana da önəm verilir.  Sanki Azərbaycana da mesaj göndərilir ki, Rusiya təzyiqləri qarşısında ABŞ Azərbaycana dəstək verməyə hazırdır”. E.Şahinoğlu xatırlatdı ki, keçmiş prezidentlər də hər zaman Müstəqillik günü münasibətilə Azərbaycan Prezidentinə məktublar göndərərdi: “Yuxarı-aşağı məktubların mətni oxşardır. Azərbaycan Ukraynaya humanitar yardım göstərir, dəstək verir. Bizi Ermənistandan fərqləndirən odur ki, rəsmi İrəvan Ukraynaya dəstək də vermir, Rusiyanın qorxusundan humanitar yardım da göndərmir. Ona görə gərək ABŞ Cənubi Qafqaz siyasətində bu amili diqqətdə saxlasın. O amerikan konqresmenləri ki, Azərbaycana qarşı fəaliyyət göstərirlər, onlar əslində ABŞ-ın milli maraqları əleyhinə fəaliyyət göstərirlər. Çünki onlar Ermənistana dəstək verməklə, əslində Rusiyaya dəstək vermiş olurlar. Bu mənada gərək bizim xarici diplomatiyamız müəyyən qədər  fəallığı artırsın”.

Trollar özlərini iki formada göstərir” – Tural İsmayılov – Yenicag.Az

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin baş eksperti, politoloq Tural İsmayılov isə “Yeni Müsavat”a açıqlamasında dedi ki, Azərbaycan və ABŞ arasındakı münasibətlər hər gün daha çox inkişaf edir: “Ölkəmizə maraq son dövrlərdə xüsusilə artıb. Baydenin cənab Prezidentə ünvanladığı məktublarda dəfələrlə Azərbaycanın önəminə toxunmağı və Azərbaycanın geostrateji gücünü göstərməyi ölkəmizin həm də necə inkişaf etdiyini göstərir. Eyni zamanda ABŞ Dövlət katibi Entoni Blinken də bir neçə dəfə Azərbaycan rəhbəri ilə danışıqlar aparıb. Açıq görünür ki, ABŞ Azərbaycanın təkcə Cənubi Qafqaz üçün yox, beynəlxalq nizam baxımından da önəminin fərqindədir. Eyni zamanda ABŞ Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir və qazandığımız qələbədən sonra bu da başadüşüləndir. Azərbaycan ABŞ-la enerji təhlükəsizliyi sahəsində də yaxşı əlaqələrə malikdir. Xəzər hövzəsinin Azərbaycan sektorunda ”Azəri-Çıraq-Çünəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi üzrə “Əsrin müqaviləsi”ndə ABŞ şirkətləri yer alıb, habelə həmin zamandan bəri ABŞ tərəfi Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən əsas ixrac neft və qaz kəmərlərinin tikintisinə fəal dəstək olub. 2017-ci il 14 sentyabr tarixində Azərbaycan və onun beynəlxalq enerji tərəfdaşları arasında “Azəri, Çıraq və Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənməsinin 2050-ci ilədək uzadılmasına dair yenilənmiş Hasilatın Pay Bölgüsü sazişində də ABŞ-ın “Şevron” və “Ekson” şirkətləri yer alıb". T.İsmayılov qeyd etdi ki, bundan sonrakı dövrdə də ABŞ-ın işğaldan azad edilmiş ərazilərdə iş görmək, Azərbaycanla ortaq bir sıra sahələrdə fəaliyyət göstərmək potensialı var: “Lakin təəssüflər olsun ki, Ermənistan tərəfindən torpaqlarımızın işğal edilməsinə və beynəlxalq hüququn tapdalanmağına 30 ilə yaxın Rusiya kimi, ABŞ da göz yumdu. Tarixin lazımsız səhifələrinə yuvarlanan ATƏT-in Minsk Qrupunun boşuna gəzənlərinin arasında ABŞ da təmsil olunurdu. ABŞ Dövlət Departamenti tərəfindən demokratiya və insan haqları ilə bağlı dəfələrlə ölkəmizə böhtanlar atılıb. Ermənistandakı demokratiya böhranına göz yuman ABŞ Azərbaycana qarşı ədalətsiz cinahda yer alıb. Sonuncu dəfə Blinken yenə Azərbaycanla bağlı erməni lobbisinin yalanlarına uyaraq işğalçı ilə işğala məruz qalanı eyniləşdirmişdi. ABŞ siyasi sistemindəki erməni diaspora əlaltılarından da qurtula bilmir. Bəzi amerikalı senator və konqresmenlər regionu araşdırmadan erməni lobbisinin oyuncağına çevrilir, Azərbaycan və Türkiyə əleyhinə əsassız fikirlər səsləndirirlər. Eyni zamanda ABŞ tərəfində maliyyələşdirilən NED, NDİ və sair ”rəngli inqilab fabriki" QHT və təşkilatların da ölkəmiz əleyhinə fəaliyyətlərinə həmişə bələd olmuşuq. Bu baxımdan ABŞ-Azərbaycan münasibətlərində ABŞ-in yaratdığı bir güvənsizlik var, deyə düşünürəm".

STM əməkdaşı zənn edir ki, əgər səmimi şəkildə ölkəmizə maraq ABŞ üçün prioritet olarsa, münasibətlər daha da yaxşılaşacaq: “Lakin Azərbaycan Ermənistan kimi forpost deyil və ABŞ-ın da əlaltısı olacaq bir mövqeyə sahib deyil. Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Həmçinin balanslaşdırılmış, rasional xarici siyasət kursumuz Azərbaycanı birtərəfli seçimlərdən kənarda saxlayır. Azərbaycan müstəqil, güclü siyasi oyunçudur, Azərbaycan ona düşmən olmayan bütün ölkələrlə səmərəli əməkdaşlığa daim maraqlıdır”.

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən  koronavirus sınağından da uğurla çıxmasının başlıca

İlyas Hüseynov 

Politoloq İlyas Hüseynov da mövzumuzla bağlı maraqlı arqumentlərini səsləndirdi: “Uzun müddətdir ki, dünyanın müxtəlif bölgələrində Rusiya-ABŞ mübarizəsinə rast gəlirik. Proksi məkanlarda həyata keçirilən müharibə və mübarizə hər zaman öz dağıdıcılığı ilə seçilir. Buna görə rəsmi Bakı tərəfindən yürüdülən praqmatik siyasət ölkəmizi qlobal məkanına çevirməkdən qoruyub. Bəzən düzgün siyasət yürütmək üçün dövlətin ərazisinin böyüklüyü və ya kiçikliyi fərq etmir. Azərbaycan məhz bu dövlətlərdəndir. Ölkəmizin ərazisinin 20 faizi işğal altında olanda da Azərbaycanın siyasi strateqləri şirin vədlərə boyun əymədi. Hazırda gərginləşən Qərb-Rusiya münasibətləri fonunda Azərbaycanı həm NATO, həm KTMT-yə dəvətlərin edilməsi gözlənilir. Hər iki hərbi-siyasi blok öz nüfuzunu genişləndirmək haqqında düşünür. Belə olan halda uzunmüddətli perspektivdə milli təhlükəsizliyimiz üçün bütün təhdidlərin aradan qaldırıldığı seçimə gərək var”. İ.Hüseynov qeyd etdi ki, əslində bu seçimi biz artıq etmişik: “Qoşulmama Hərəkatında üzvlük və çox uğurlu sədrlik müddəti məhz balanslaşdırılmış siyasətin bir göstəricisidir. MDB-yə üzv ölkələrə KTMT-də müşahidəçi statusu verilməsi ilə bağlı təklifə müsbət cavab verilməsi də gözlənilmir. ABŞ Rusiyanın zəiflədiyini güman etsə də, Ukraynanın cənub sərhədlərində baş verən proseslər bu mülahizənin doğru olmadığına işarədir. Ona görə də xarici siyasətdə doğru qərarlara ehtiyac var”. Politoloq qeyd etdi ki, vaxtilə biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi status almaq istəyimizi ifadə edəndə İrəvanda buna qarşı veto hüququndan istifadə edəcəklərini bildirmişdilər: “Nəqliyyat-kommunikasiya və energetika layihələrində əsas sərmayəçilərin Qərbin transmilli korporasiyaları olduğunu nəzərə alsaq, ticari-iqtisadi münasibətlərdə seçimin hansı vektor tərəfə olduğunu müəyyənləşdirmək olar”.

Bir müddət əvvəl Ermənistan XİN başçısı Ararat Mirzoyanın ABŞ-da qəbul edilməsi və iki ölkə arasında sənədin imzalanmasını xatırlatmaqla deyə bilərik ki, Ağ Evin siyasətindən arxayınlaşmaq qəti şəkildə olmaz. Erməni lobbisi hər zaman iki ölkə arasında münasibətlərə zərbə vurmaq üçün fürsət gəzir, odur ki, rəsmi Bakının ayıq-sayıqlığında fayda var...

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR