İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdan Xankəndi "göründü" - Ermənilər üçün növbəti arzuolunmaz ssenari

30 il əvvəl erməni silahlı birləşmələri respublikamızın ərazilərinin işğalına istiqamətlənmiş işğalçılıq, talançılıq əməliyyatların miqyasını kifayət qədər genişləndirərək məqsədinə nail oldu. Lakin hər hansı bir beynəlxalq təşkilat hamının gözü qarşısında baş verməkdə olan və beynəlxalq hüquq normalarını kobud şəkildə tapdalayan Ermənistanın bu işğalçılıq əməllərinə obyektiv qiymət vermədi. Doğrudur, müxtəlif dövrlərdə BMT-nin, ATƏT-in, Avropa Birliyinin bu barədə müəyyən qətnamələri, bəyanatları meydana çıxdı, bununla belə, həmin sənədlər münaqişənin həqiqi səbəblərini dəqiq şəkildə qiymətləndirmir, təcavüzkarla təcavüzə məruz qalan tərəf arasında hər hansı fərq qoymurdu. 

1992-ci ildə Şuşanın işğalı Azərbaycanı yenidən BMT-yə müraciət etmək məcburiyyətində qoydu. May ayının 12-də BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ problemini müzakirə edərək bəyanat verməklə kifayətləndi. 

Bu gün beynəlxalq hüququn aliliyindən dəmvuranlar amma BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin 27 il ərzində yerinə yetirilmədiyi ilə bağlı bir narahatlıq keçirmədilər, bu məsələyə  toxunmadılar. Sanki, ümumiyyətlə, belə sənədlər mövcud deyildi, heç olmayıb da...

Beynəlxalq təşkilatların Qarabağ münaqişənin həllinə ikili standartla yanaşması göz önündə idi. Baxmayaraq ki, Yuqoslaviyada, Liviyada və digər bölgələrdə aksiyalar, böhranlar baş verən zaman BMT-nin qəbul etdiyi qətnamələrin hansı çevikliklə icra olunduğuna bütün dünya şahid idi. Amma məsələ Azərbaycanın ərazi bötüvlüyü, suverenliyindən getdiyi üçün BMT-nin Dağlıq Qarabağla bağlı 4 qətnaməsi 30 ilə yaxın masa üzərində icra edilmədən qaldı. Sanki bu qətnamələri hansısa bir ölkənin hansısa rayonunun hansısa kəndinin icması qəbul edib, dünyanın "Super güclər"i (BMT Təhlükəsizlik Şurası monopoliyadadır. Təşkilatda qərarın qəbul olunması üçün 5 daimi üzv konsensusa gəlməlidir. Burada isə hər zaman ABŞ, Fransa və Böyük Britaniyanın maraqları üst-üstə düşür. Çinlə Rusiya isə bu və ya digər şəkildə bir çox məsələyə veto qoya bilirlər - red) bu sənədin altına imza atmamışdılar.

Amma Bakının da səbri sonsuz deyildi, o bardaq əvvəl-axır bir gün daşacaqdı. Təxminən 27 il sonra Azərbaycan əks-hücum əməliyyatı həyata keçirərək işğal altında olan ərazilərini 44 günlük Vətən müharibəsi ilə azad etdi. Bu zamana kimi heç kəs təcavüzkar ölkənin beynəlxalq hüquqa hörmətsizliyinə və işğal etdiyi əraziləri azad etməkdən imtina etməsinə diqqət yetirmək istəmirdi. Amma Azərbaycan öz Ordusunun, Dəmir yumruğunun hesabına düşməni və bu zamana kimi onun işğalçılıq siyasətini ört-basdır edən təşkilatları, siyasi dairələri, eyni zamanda havadarı olan dövlətləri fakt qarşısında qoydu.

Beləcə, faktiki olaraq Azərbaycan BMT TŞ-nin Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnaməni (Hansılar ki, erməni qoşunlarının işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxması tələb olunur - 27 ildir, icra olunmurdu, son vaxtlar isə BMT özü belə artıq bu qətnamələrin adını çəkmirdi - red) özü yerinə yetirmək məcburiyyətində qaldı. 

Vətən müharibəsinin taleyini həll edən Şuşa əməliyyatları isə dünya hərb tarixində özünə xüsusi bir yer etdi. Məhz "alınmaz qala"nən işğaldan azad edilməsi Ermənistanın bir gecədə kapitulyasiya sənədinə imza atmaqla bağlı qərar verməsinə səbəb oldu. 

Ötən gün isə uzun illər Qətnamələri yerinə yetirilmədən qalan dünyanın ən ali təşkilatlarından olan BMT artıq bildiri ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi müzakirə edilməzdir. BMT-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümü ilə bağlı konfransın məhz Şuşaya təyin edilməsi Azərbaycanın növbəti uğuru sayıla bilər. Belə ki, Qətnamələrinin geridə qalan 27 il ərzində heç bir əhəmiyyətinin keçmədiyi, işğalına Azərbaycan ordusunun son qoyduğu Şuşada məhz BMT-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümü ilə bağlı konfransın təşkili Bakının Qarabağdan dünyaya verdiyi növbəti subliminal mesajdır. Şuşada Azərbaycan bayrağı ilə BMT bayrağının dalğalanması uzun illər, təxminən 30 ilə yaxın Ermənistan yalanlarını dünya ictimaiyyətinin gözünə üfürərək Qarabağ gerçəkləri ilə bağlı həqiqətə uyğun olmayan, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan dezinformasiyalarla həqiqəti pərdələməyə cəhdlərinin heç bir işə yaramadığını sübut etdi. 

Azərbayca BMT nümayəndələrini Şuşaya "Xankəndi" təyyarəsi ilə yola düşəcəyiylə bağlı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Tvitter hesabından etdiyi paylaşım da özündə bir rəmzi məna daşıyır. Bu o demək idi ki, Şuşa Azərbaycanın son dayanacağı olmayacaq, bizim növbəti ünvanımız Xankəndidir.

Təbii ki, Xankəndidəki terrorçu, separatçı rejimin də bəyanatı ("Bu, BMT-nin reputasiyasına ciddi təsir edəcək" - red) başa düşüləndir. Artıq rəsmi Bakının mesajlarını alan qondarma rejim qalıqları Azərbaycanın tez bir zamanda öz doğma əraziləri olan sülhməramlı kontingentin müvəqqəti nəzarət zonasındakı şəhər və qəsəbələrdə də üstünlüyü tamamilə ələ alacağını hiss etməyə başlayıblar. Hər halda ermənilərdəki bu "cəsarət" çox güman ki, elə məhz uzun illər yerinə yetirilməyən BMT Təhlükəsizlik Şurasının qətnamlələrdən, cəzasızlıq mühitindən irəli gəlir.

Amma gərək artıq nə separatçı rejim ünsürləri, nə də rəsmi İrəvan bir an olsun belə Azərbaycanın cəza metodunu, Dəmir yumruq amilini göz önündən çəkməyələr. Çünki növbəti dəfə BMT-nin və digər mötəbər təşkilatların bayrağının Azərbaycan bayrağı ilə birgə dalğalanacağı növbəti ünvanın Xankəndi, Xocalı olacağı əvvəlki vaxtlarla müqayisədə indi daha real görünür.

Milli.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR