İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bakıdan gələn kimi qovulsun”- ermənilər ən sevimli səfirindən üz döndərir

Ekspert: “Səfirin qarşısında ”Ermənistanı İrəvanın razılığı ilə tərk edə bilərsən" tələbinin qoyulması heç bir diplomatik qaydalara uyğun deyil"

Hər zaman Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən, hətta Bakının təpkisini də çəkən ABŞ-ın Ermənistandakı səfiri Lin Treysiyə qarşı təbliğat başlayıb. Ermənistanın Polşadakı keçmiş səfiri, hazırda müxalifətdə olan Edqar Qazaryan ABŞ səfirini “persona non qrata” elan etməyə çağırıb. Onun iddiasına görə, amerikalı səfir Azərbaycana səfər etmək üçün Ermənistandan icazə almalıymış.

“Hazırda ABŞ-ın Ermənistandakı səfiri Bakıdadır. O, Ermənistanda fəaliyyət göstərən diplomatdır, hansı haqla düşmən dövlətin ərazisinə gedir? Treysi Ermənistanın ali rəhbərliyi ilə çoxsaylı görüşlər keçirib və dövlət maraqlarına aid olan məlumatlara malikdir. Bu baxımdan, Treysinin Ermənistanı məlumatlandırmadan və Ermənistandan heç bir rəsmi şəxsin müşayiəti olmadan düşmən dövlətə səfər etməsi böyük risklər daşıyır. Amerikalı diplomat Bakıdan qayıdan kimi ”persona non qrata" elan edilməli, Ermənistan ərazisini həmişəlik tərk etməsi üçün 72 saat vaxt verilməlidir", - erməni diplomat bildirib.

Şübhəsiz ki, ermənilər bir səfirin hərəkət trayektoriyasını İrəvanın müəyyənləşdirmədiyini bilməyəcək qədər axmaq deyillər. Ola bilsin, səfirdən Vaşinqtonun da narazılıqları var və aşırı ermənipərəstlik etməmək üçün Bakıda ona xəbərdarlıq da edilsin. Ermənilər bu səbəbdən səfirə qarşı indidən təzyiqə başlayıblar.

ABŞ səfiri Bakıda Ermənistanın hansı “sirlərini” aça bilər ki, İrəvanda bu narahatlıq yaransın?

Xəyal Bəşirova İMZA-da vəzifə verildi

Xəyal Bəşirov

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov “Yeni Müsavat”a öncə bildirdi ki, ABŞ-ın Ermənistandakı səfiri Treysi həmişə Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib: “Onun mövqeyi ermənilərin mövqeyindən fərqlənməyib. O, daim Azərbaycan dövlətinə qarşı fikirlər səsləndirib. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı ardıcıl şəkildə anti-Azərbaycan mövqeyi nümayiş etdirib. Bu cür fəaliyyətinə görə ABŞ səfiri Treysi ermənilərin sevimlisinə çevrilmişdi. Treysinin 27-28 apreldə Bakıda keçirilən ABŞ diplomatlarının konfransında iştirak etməsi o demək deyil ki, Azərbaycana münasibəti dəyişib. Ancaq belə görünür ki, faşist təfəkkürlü ermənilər öz sevimli səfirlərinə Bakıya gəlməyi bağışlamırlar. Bu fakt Treysidə yəqin ki, ermənilər barədə yeni bir rəy yaradacaq və səfir görəcək ki, ermənilər necə aqressiv, necə heç bir diplomatik qaydalara, qanunlara məhəl qoymayan bir toplumdurlar. Treysi illərdir müdafiə etdiyi, hətta səfir fəaliyyətinə uyğun gəlməyəm formada müdafiə etdiyi ermənilər tərəfindən ”Ermənistandan rədd ol" ilə “mükafatlandırılır” və hələ bəlkə də ona qarşı İrəvana qayıdanda aksiyalar da keçiriləcək. Xanım Treysi kimləri müdafiə etdiyinin fərqində olmalıdır.

O ki qaldı ABŞ səfiri Bakıda Ermənistanın hansı “sirlərini” aça biləcəyi məsələsinə, səfir Ermənistanın müxtəlif təxribat xarakterli siyasəti, planları barədə məlumatlara malik ola bilər. Amma bu ağılabatan deyil ki, səfir onda olan məlumatları öz ölkəsindən başqa hər hansı ölkəyə ötürsün. Nəzərə alsaq ki, Treysinin Azərbaycana mənfi münasibəti var, bu amil də onun hansısa məxfi məlumatları Azərbaycana verməsi inandırıcı etmir. Yəni ermənilərin hay-küy salması mənasızdır. Ermənistanın narahatlığı əslində başqa məqamla bağlıdır. Bildiyiniz ki, ABŞ dövlət katibi köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Avropa məsələləri üzrə müavini Bakıda 27-28 apreldə Cənubi Qafqaz ölkələrindəki ABŞ səfirlərinin iştirakı ilə konfrans keçirib. Bu konfransda çox mühüm məsələlər müzakirə olunub. İndiki həssas dönəmdə məhz Bakıda bu konfransına keçirilməsinin mühüm əhəmiyyəti var. Ermənilərin narahatlığı həm də bununla bağlıdır. Artıq Azərbaycanın formalaşdırdığı yeni reallıq qəbul edilməkdədir və Ermənistan bundan narahatdır". 

Ekspert qeyd etdi ki, erməniləri özlərini gülüş hədəfinə çevirirlər. Səfirin qarşısında “Ermənistanı İrəvanın razılığı ilə tərk edə bilərsən” tələbinin qoyulması heç bir diplomatik qaydalara uyğun deyil və qanunsuzdur, səfirin hüquqlarına müdaxilədir: “Səfir fəaliyyət göstərdiyi ölkədən başqa bir ölkəyə hansısa tədbirə qatılmaq üçün etdiyi səfərin icazəsini ancaq öz ölkəsindən alır və ya ancaq öz ölkəsinin rəsmi tapşırığı əsasında həmin səfərə çıxır. Səfir səfərə çıxarkən fəaliyyət göstərdiyi ölkənin nümayəndəsini yanında aparmaq kimi öhdəlik daşımır. Səfir yalnız öz dövlətinə tabeçiliyi olan şəxsdir, fəaliyyət göstərdiyi ölkəyə tabeçiliyi yoxdur. Ermənilər, hər halda, bunları bilirlər, sadəcə, özləri də sanki fərqinə varmadan özlərini biabır edən açıqlamalar verirlər. Onlar beynəlxalq hüquqdan xəbərsiz toplum kimi davranırlar və ABŞ səfirini, digər ölkələrin İrəvandakı səfirlərini sanki girov hesab edirlər, Ermənistanın məmuru kimi qəbul edirlər. Səfir Treysinin bu illər ərzində özünü Ermənistan məmuru kimi aparması da ermənilərdə onunla bağlı bu cür düşüncələr yaranmasında rol oynayıb. Yəqin ki, səfir Treysi Azərbaycanın hansı bir mənfur toplumla, necə bir hüquqdan uzaq dövlətlə üz-üzə qaldığını bundan sonra özü üçün müəyyən etmiş olacaq. Səfir Treysi, heç olmasa, bundan sonra ermənilərin təsiri altından çıxmalıdır və Azərbaycana qarşı əsassız çıxışlara yol verməməlidir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR