İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda mühüm beynəlxalq konfrans keçirilir - FOTO, VİDEO

 

Avqustun 28-də “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Ulu Öndərimizin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev, Böyük Lider” adlı beynəlxalq konfransa başlayıb.

Musavat.com bildirir ki, tədbirdə Azərbaycan parlamentinin deputatları, o cümlədən Anar İskəndərov, Elşad Mirbəşir, Ceyhun Məmmədov, Məlahət İbrahimqızı, Rasim Musabəyov, Hikmət Babaoğlu, Arzu Nağıyev, Ramil Həsən, Mahir Abbaszadə, Cavanşir Feyziyev, Jalə Əliyeva, Pərvin Kərimzadə, müxtəlif təşkilatların təmsilçiləri, həmçinin tanınmış ictimaiyyət nümayəndələri, politoloqlar, siyasi ekspertlərlə yanaşı dünyanın müxtəlif ölkələrindən, o cümlədən Türkiyə, Pakistan, ABŞ, Rusiya, Gürcüstan, Fransa, Almaniya, İtaliya, İsrail kimi dövlətlərindən vaxtı ilə Ulu Öndər Heydər Əliyevin zamanında Azərbaycanda çalışmış səfirlər, onunla bilavasitə təmasda olmuş siyasi xadimlər, ekspertlər iştirak edirlər.

İlk öncə Azərbaycanın Dövlət Himni səslənib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra isə Heydər Əliyevə həsr olunan videoçarx təqdim olunub.

“İMZA” İB-nin beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin direktoru Elnar Məmmədlinin moderatorluğu ilə keçiriləcək beynəlxalq konfransda “İMZA” İB sədri Xəyyam Əsgərov açılış nitqi söyləyib:

"Məlum olduğu kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Ulu Öndər Heydər Əliyevin həyatına, onun Azərbaycanla bağlı atdığı addımlara, yürütdüyü siyasətə və gördüyü işlərə həsr olunmuş silsilə tədbirlər həm ölkə daxilində, həm də ölkə xaricində davam etməkdədir. Bugünkü tədbir də “İMZA”nın təşkilatçılığı ilə elə məhz Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasətə, onun keçdiyi böyük yola həsr olunmuş tədbirlərdən biridir. Hesab edirəm ki, bu gün Ulu Öndərin həyat fəlsəfəsini, o cümlədən də onun yeni Azərbaycanın banisi kimi gördüyü işlərini qeyd etmək üçün bu kimi tədbirləri davam etdirməyə böyük ehtiyac var.

Azərbaycan dövləti qalib dövlətdir, Azərbaycan xalqı qalib xalqdır. Təbii ki, bizim Qələbəmizin əldə edilməsində Ulu Öndərin böyük rolu var. Hazırkı tədbirdə məhz həmin o məqamlara həsr olunmuş məsələlər müzakirə ediləcək. Təbii ki, biz də bu müzakirələrdə iştirak etdiyimizə görə, qürur duyuruq, fəxarət hissi keçiririk. 2023-cü ilin qalan ayları ərzində də Ulu Öndər Heydər Əliyevin həyat fəlsəfəsinə həsr olunmuş bu kimi tədbirlər davam edəcək”.

Tarix elmləri doktoru, millət vəkili  Anar İsgəndərov isə “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu” mövzusunda məruzə edib.

Konfransda Azərbaycandan olan iştirakçıların çıxışları ilə yanaşı, Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İB-nin Türkiyə təmsilçisi fövqəladə və səlahiyyətli səfir Hülusi Kılıç, Türkiyə parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımın,”Marmara qrupu” SAM-ın sədri Akkan Suver, Avropa Azərbaycanlıları Konqresinin sabiq prezidenti Başar Kömür, ABŞ-ın, İtaliyanın, Fransanın, Gürcüstanın ölkəmizdəki keçmiş fövqəladə və səlahiyyətli səfirləri Metyu Brayzan, Marqarita Kostan, Jan Perrə, Jan Piyer Qinyut, Zurab Qumberidze, Almaniyanın nüfuzlu dövlət xadimi Otto Hauzer, İtaliya parlamentinin sabiq deputatı, Azərbaycanla dostluq qrupunun keçmiş üzvü Maria Rizzotti, Rusiya Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov, UNSECO-nun xoşməramlı səfiri Hedva Ser, Pakistanın tanınmış siyasi ekspertlərindən olan, “Bol Media” korporasiyasının beynəlxalq əlaqələr departamentinin rəhbəri Ali Savez, İsraildən olan siyasi ekspert Mixail Finkelin və digərləri çıxış edərək,  dünya şöhrətli dövlət xadimi, Ulu Öndərimiz Heydər Əliyev haqqında danışıblar.

Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İB-nin Türkiyə təmsilçisi fövqəladə və səlahiyyətli səfir Hülusi Kılıç çıxışında qeyd edib:

"Heydər Əliyevin vəsiyyətlərini İlham Əliyev yerinə yetirdi. Heydər Əliyev türk dünyasının dahi oğullarından biridir.  O, müasir Azərbaycanın banisidir. Azərbaycan Heydər Əliyev ideyaları üzərində qurulub və onun siyasəti İlham Əliyev tərəfindən davam etdirilir. O, Türkiyə ilə əlaqələrin inkişafına böyük töhfə verib. “Bir millət, iki dövlət” ifadəsi xalqlarımız üçün simvola çevrilib.

Heydər Əliyev türkiyəli iş adamlarını Azərbaycana dəvət edib. O, türk dövlətləri arasında əlaqələrin inkişafı üçün də böyük səylər göstərmişdir.

Heydər Əliyev türk dövlətlərinin birliyini, Qarabağın azadlığını istəyirdi. Türk Dövlət Təşkilatı yaradıldı və Qarabağ işğaldan azad edildi.  Beləliklə, onun arzusu yerinə yetdi".

Konfrans çıxışlarla davam edir.

 

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR