Onlayn ictimai-siyasi qəzet
Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən dəstə üzvləri - Anar Əmirov, Natiq Musayev, Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.
İttiham aktına əsasən, hadisə 2017-ci il iyulun 30-da paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsində baş verib. F.Əliyev həmin dövrlərdə klinika sahibi olmuş, professor Kamal Abdullayevin sürücüsü işləyib. 2017-ci ilin əvvəllərində A.Əmirovla görüşərək professorun çoxlu pulunun, bahalı maşınlarının olduğunu bildirib. Həmçinin qeyd edib ki, K.Abdullayev bu yaxınlarda klinikasını böyük tikinti şirkətlərindən birinin sahibinə satıb və iki milyon dollar alıb.
Bundan sonra A.Əmirov işə N.Musayev və onun əmisi oğlu E.Musayevi cəlb edib. Bir müddət K.Abdullayevin iş yerinə və evinə gedərək onu izləyiblər. Hadisədən bir neçə gün öncə isə onlar Biləcəri qəsəbəsində görüşərək quldurluq planını müzakirə ediblər. Bu görüşdə B.Hacızadə də iştirak edib. Görüşdə verilən qərara əsasən, anten məlumatlarından yerləri bəlli olmaması üçün mobil telefonlarını Bakı Beynəlxalq Avtovağzalında E.Musayevə veriblər. O, telefonlarla birgə orada dəstənin digər üzvlərini gözləyib. Həmçinin, Bərdə rayonuna getmək üçün taksi də danışıblar. A.Əmirov, N.Musayev və B.Hacızadə isə oradan çıxıb Rəsulzadə qəsəbəsində yaşayan K.Abdullayevin evinə gediblər. A.Əmirov hasardan keçərək içəridən darvazanı açıb. Onları qarşılayan alman itini uyuşdurucu qazla yatırdıblar. Cinayətkarlar maskalanaraq divarla ikinci mərtəbəyə qalxıb pəncərədən içəri giriblər. Yatmış vəziyyətdə olan K.Abdullayev və həyat yoldaşı İlhamə Yusifovanın əllərini bağlayıb onları tapança və bıçaqla hədələyiblər. Dəstə üzvləri ev sahibindən iki milyon dolların yerini soruşublar, lakin K.Abdullayev o qədər pulu olmadığını deyib.
Daha sonra onlar evi axtarmağa başlayıblar. Evdən beş min dollar, 2 200 manat, bahalı ətir, kəmər, üç bahalı telefon, 20 min manatlıq qızıl saat, K.Abdullayevə məxsus qaz tapançası və suvenir bıçağı götürüblər. Onlar ümumilikdə evdən 35 min manatlıq əmlak aparıblar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Əmirov 12 il 6 ay, N.Musayev 12 il 6 ay, B.Hacızadə 11 il 6 ay, E.Musayev 10 il və F.Əliyev 11 il müddətinə azadlıqdan məhrum ediliblər.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ