İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda hakim qarşısında dayanan Paşayan Qarabağdakı talanlardan danışdı

Bakı Məhkəmə Kompleksində Ermənistan silahlı qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfərin məhkəmə istintaqı davam etdirilib.

Cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin rəhbərliyi ilə baxılır. Hakimlər heyətində Anar Rzayev və Camal Ramazanov da yer alıblar. Həmçinin ehtiyat hakim qismində Günel Səmədova iştirak edir.

Musavat.com xəbər verir ki, bu gün keçirilən prosesdə Ermənistan silahlı qüvvələrinin Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın suveren ərazilərini işğal etdikdən sonra yaşayış məntəqələrində talançılıq aparılması təsdiqlənib.

Təqsirləndirilən şəxs Melikset Paşayan Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Təranə Məmmədovanın suallarını cavablandırarkən “Əsgəran rayonu”nun 31-ci taborunun tərkibində xidmət etdiyini bildirib.

O, taborun tərkibində 1993-1994-cü illərdə Ağdam rayonunun Suma, Sarıcalı, Güllücə kəndləri istiqamətində postlarda dayandığını deyib.

“Bu, atıcı taboru idi. Taborda qumbaratanlar, minaatanlar, pulemyotlar, avtomatlar, qumbaralar var idi”, - deyə Melikset Paşayan suallara cavabında söyləyib.

O, Azərbaycanın torpaqları işğal olunandan sonra orada talançılıqla məşğul olub-olmaması ilə bağlı suala isə belə cavab verib:

“Mən talanlarda iştirak etməmişəm. Postda növbə bitib qurtarana qədər talan etməyə heç nə qalmırdı”.

Təqsirləndirilən şəxs iddia edib ki, talanda iştirak edənlər mülki ermənilər olub. Melikset Paşayan deyib ki, hərbçilər talana gedən mülki şəxslərə əraziyə girməməklə bağlı xəbərdarlıq edirdilər:

“Deyirdilər ki, ora getməyin, sizə güllə, mərmi dəyər”.

Paşayan hərbçilərin mülki şəxsləri bu talandan çəkindirməsinin səbəbinin onları fiziki baxımdan qorumaq olduğunu da əlavə edib.

Melikset Paşayan Birinci Qarabağ müharibəsində iştiraka görə qondarma rejimin “İgidliyə görə” “medal”ı ilə təltif olunduğunu da bildirib və deyib:

“Dəqiq xatırlamıram, ya Bako Sahakyanın, ya da Arayik Harutyunyanın dövründə idi”.

Qeyd edək ki, Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti aparatının rəhbəri Rüfət Məmmədov iştirak edir.

Cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var.

Cinayət işi üzrə ittiham aktı Azərbaycan Baş prokuroru tərəfindən 16 dekabr 2024-cü il tarixdə təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR