İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda böyük tıxaclar olacaq - Fevralın 17-dən...

Həftənin birinci günü - fevralın 17-dən Azərbaycandakı ali məktəblərdə dərslər başlayır. Bu isə Bakıda tıxacların və ictimai nəqliyyatda sıxlığın artmasına səbəb olacaq. Xüsusilə səhər və axşam saatlarında əsas magistral yollar, metro stansiyaları və avtobus dayanacaqlarında sıxlıq yaranacaq.

Tələbələrin sıx olduğu ali təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə artıq ilk günlərdən nəqliyyatın hərəkətində çətinliklər yaşanacağı ehtimal edilir. Ötən illərin təcrübəsi göstərir ki, dərs mövsümünün başlaması ilə avtomobillərin də sayı artır, bu da yollarda hərəkətin daha da çətinləşməsinə səbəb olur.

Bundan əlavə, ictimai nəqliyyatda sərnişin axınına uyğun avtobus və metro qatarlarının sayının az olması sıxlığı daha da artırır. Səhər saatlarında avtobuslarda yerlərin olmaması və sıxlıq səbəbindən dayanacaqlarda uzun növbələrin yaranması adi hala çevrilir.

Musavat.com xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan nəqliyyat məsələlər üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, sıxlıq və tıxac böyük şəhərlərdə gözlənilən haldır:

"Bakıda bunun fərqli olmasının səbəbi pik saat anlayışının itməsidir. Tıxaca alternativ olan ictimai nəqliyyatımızın vəziyyəti istənilən səviyyədə deyil. İlkin olaraq avtobus və velosiped zolaqlar şəbəkəsi çəkildi və çəkilməyə davam edir. Düşünürəm ki, burada sərt nəzarət işləri artırılmalı, təkmilləşdirmə işləri görülməlidir. Digər məsələ avtobus və digər nəqliyyat vasitələrinin çıxdığı səkilərin vəziyyəti bərbaddır, səkilərin önündəki bariyerlər təmizlənməlidir. Bunlar köşklər, soyuducular, park edilən avtomobillərdir ki, bunlara qarşı sərt nəzarət tətbiq olunmalıdır. Həmçinin velosiped və avtobus zolaqlarına girənlərə qarşı sərt nəzarət tətbiq olunmalıdır".

Eksperti sözlərinə görə, bu ildən relsli nəqliyyata yatırım olunacağı elan edilib:

"Metro xəttlərinin tikilməsi, dəmiryolu daşımasının 4-5 dəfə artırılması, tramvay xəttinin bərpası çox önəmli layihələrdir. Çünki şəhər nəqliyyatının onurğa sütunu relsli nəqliyyatdır. Əsas yükü bu nəqliyyat götürməlidir, avtobus da əlaqələndirici funksiyada olmalıdır. Bugünkü rəqəmlər göstərir ki, ən yüklənmiş nəqliyyat növümüz avtobusdur. 1 milyon 200 min səfər avtobusla, 627 min səfər metro ilə, 37 min səfər isə şəhərətrafı elektirk qatarı ilə olur. Bu rəqəmlər dəyişməlidir, ilk yeri metro, ikinci yeri elektrik qatarı götürməlidir. Avtobus da bu yüklərdən azad olmalı, manevr imkanları artırılmalıdır. Avtobus daşıyıcıların brutto müqavilələrə keçidi təmin olunmalıdır. Bu daşıyıcıların maliyyə dayanıqlılığını təmin edəcək, həmçinin sürücü qıtlığının aradan qaldırılmasına və maaşlarının artırılmasına səbəb olacaq, bir növdən başqa növə pulsuz keçidlərin təşkilinə kömək olacaq. Bu da uzaq məsafədən gələn sərnişinlərin xərclərinə təsir edəcək".

R.Ağamirzəyev qeyd edib ki, ictimai nəqliyyatın və fərqli hərəkət iştirakçılarının önündə bariyer olmamalıdır:

"Bu gün Bakıda avtomobillə hərəkət edəndə heç bir bariyer yoxdur. Amma avtomobillərin çoxluğu problemdir, buna səbəb isə qısa məsafədə səyahətləri fərdi nəqliyyatla təşkil edirlər. Bu da sıxlıq və tıxac saatını artırır. Amma biz digər növlərə diqqət və investisiyamızı artırsaq, bu insanları daha da buraya cəlb edəcək. Bu növlərlə hərəkətlilik artdıqca, şəhərdəki hərəkətlilik tam fərqli cür inkişaf edəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR