Onlayn ictimai-siyasi qəzet
"Bakıda nəqliyyat sahəsində ciddi dəyişikliklər müşahidə olunur. Xüsusilə, pandemiyadan sonra müxtəlif hərəkət vasitələrinin mikromobillik nəqliyyatının artması ilə şəhərdə yeni çağırışlar meydana çıxıb".
Bunu Musavat.com-a nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.
Ekspertin sözlərinə görə, hazırda şəhər hərəkətində ən qorunmayan qrup piyadalardır. Onlardan sonra mikromobillik istifadəçiləri, ictimai nəqliyyatdan istifadə edənlər, taksi sərnişinləri və ən sonda fərdi nəqliyyat gəlir.
"Bu qrupların baryersiz və təhlükəsiz hərəkəti üçün müvafiq şərait yaradılmalıdır. Son bir il ərzində mikromobillik və avtobuslar üçün xüsusi zolaqlar ayrılıb, lakin piyada infrastrukturu hələ də istənilən səviyyədə deyil. Piyada yolları ilə digər nəqliyyat vasitələrinin yolları bir-birindən aydın şəkildə ayrılmalıdır. Əks halda bu qarışıqlıq qəzalara səbəb olur", - deyə ekspert bildirib.
Pandemiya dövründə sürətlə yayılan çatdırılma xidmətlərinə də toxunan Rauf Ağamirzəyev əlavə edib ki, mopedlərlə hərəkət edənlərin sayı əhəmiyyətli dərəcədə artıb:
"Təəssüf ki, bəzi sürücülər bu vasitələrə texniki müdaxilələr edirlər və bu da təhlükə yaradır. Bu sahədə tənzimlənməyə ciddi ehtiyac var. Piyadanın sürət rejimi 5 km/saat, mikromobillik 25 km/saat, avtomobillər isə 50 km/saat olduğu üçün onların hərəkət zolaqları və keçidlər ayrı təşkil olunmalıdır: Əgər axınlar bir-birinə qarışarsa, bu, yeni risklər yaradır. Təhlükəsiz keçidlərin təşkili və bu axınların düzgün idarə olunması vacibdir".
Ekspert vurğulayıb ki, "Vision Zero" transformativ yanaşma konsepsiyasına uyğun olaraq, insan həyatının prioritet qəbul edildiyi və ölüm hallarına sıfır dözümlülük göstərən nəqliyyat siyasətinə keçid zəruridir:
"İnsan səhv edə bilər, amma bu, başqasının həyatına baha başa gəlməməlidir. Bu yanaşma mühüm olmalıdır. Artıq şəhərdə rəqəmsal əkiz texnologiyası tətbiq olunur. Bu texnologiya vasitəsilə müxtəlif ssenarilər simulyasiya edilərək daha effektiv və təhlükəsiz layihə həlləri hazırlanır. Bu da nəqliyyat axınlarının idarə edilməsinə müsbət təsir göstərir".
Rauf Ağamirzəyev qeyd edib ki, mövcud qanunvericilik və standartlar beynəlxalq təcrübəyə uyğunlaşdırılmalı, xüsusilə sürücülük kurslarında proqramlar yenilənməli və yeni sürücülərə daha ciddi tələblər qoyulmalıdır.
Sultan Məmmədli
Musavat.com
19 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ