İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı yeni danışıqlar formatına nail oldu - Minsk Qrupunu buraxmaq zamanı

Brüssel görüşündən sonrakı yeni reallıq; prosesi diktə edən Azərbaycandır; ekspertlərimiz deyirlər ki...

Aprelin 6-da Azərbaycan, Ermənistan və Avropa İttifaqı Şurası rəhbərlərinin üçlü görüşündən sonra verilən Brüssel bəyanatında nə “Dağlıq Qarabağ”,  nə də “ATƏT-in Minsk Qrupu” ifadələri yer aldı. O ifadələrdən ki, İrəvan rəsmiləri “status” məsələsini gündəmə qaytarmaq üçün uzun müddətdir dəridən-qabıqdan çıxırdılar.

Ermənistan hətta Azərbaycanla sülh danışıqlarının da Minsk Qrupu formatında aparılmasına cəhdlər göstərirdi və bundan ötrü həmsədrlərə rəsmən müraciət də eləmişdi. Ancaq məlum oldu ki, ən azı, Avropa Birliyi Bakının mövqeyini bölüşür. Artıq Azərbaycan prezidenti İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni bir format - Brüssel sülh gündəliyi yaranıb. Bu, Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni bir mexanizmdir. Məlumdur ki, bu formatda ilk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib, bununla da İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları keçirilib. Düzdür, ABŞ və Fransa, bu ölkələrin İrəvandakı səfirləri vaxtaşırı Minsk Qrupunun adını çəkir, konfliktin guya həll edilmədiyi haqda fikirlər səsləndirirlər. Bəs son Brüssel danışıqları və onların yekunu nəhayət, Vaşinqton və Parisi də eyni mövqeyə kökləyəcəkmi? O anlamda ki, artıq “status” qatarı gedib və Minsk Qrupunu buraxmaq zamandır?

Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Minsk Qrupunun ömrünün başa çatdığını, bölgədə yaranmış reallıqların sözügedən təsisatın həmsədrlik institutunun mandatına uyğun gəlmədiyini hər kəs bilir, o cümlədən, həmsədr ölkələr və Ermənistan da: “Minsk Qrupunun adının hallandırılması isə həmsədr ölkələrin adlarının ayrı-ayrılıqda çəkilməməsinə xidmət edir. Yəni Minsk Qrupunun həmsədrlik institutunun prosesdə iştirakının zəruriliyindən danışanlar əslində demək istəyirlər ki, Ermənistanla Azərbaycan arasındakı sülh prosesində Rusiya ilə yanaşı, Fransa - Avropa İttifaqı - və ABŞ da iştirak etməlidir.

Elçin Mirzəbəyli: “Vətəndaşlar reketçiliyə qarşı mübarizədə fəal  olmalıdırlar”

 Elçin Mirzəbəyli 

Mahiyyət etibarilə, Rusiya 10 noyabr 2020-ci il bəyanatının və bu bəyanatın davamı olan digər üçtərəfli sənədlərin iştirakçısıdır. Avropa İttifaqı - Fransa Azərbaycanla birlikdə Brüssel prosesinin iştirakçısıdır. ABŞ isə həm Avropa İttifaqı vasitəsilə, həm də birbaşa təmaslarla prosesin gedişatı ilə yaxından tanış olmaq imkanı əldə edib. Amma Brüsseldə keçirilən son üçtərəfli görüşdən də bəlli oldu ki, Azərbaycanla Ermənistan arasında sülh prosesinin, əsasən, bu iki dövlətin birbaşa təmasları vasitəsilə, ikitərəfli qaydada irəliyə doğru aparılması ilə bağlı ümumi bir anlaşma var. Bu baxımdan, Minsk Qrupunun özünü buraxdığını deyə bilərik".

E.Mirzəbəyli əminliklə qeyd etdi, Ermənistan müharibəni uduzub və nəticələrinə də qatlaşmalıdır: “Azərbaycan ərazi bütövlüyünə tam təminat almasaydı, müharibəni dayandırmayacaqdı. Buna zərrə qədər də şübhəm yoxdur. Bütün bu məsələlər haqqında prosesin sabiq və çağdaş iştirakçıları tərəfindən açıq danışılmasa da, dünyada dövlətlərin mövcud olduğu zamandan yazılmamış və hər kəs tərəfindən qəbul olunan qaydalar var. Qalibin şərtləri yerinə yetirilməlidir. Azərbaycan isə həm qalib, həm də ədalətli tərəfdir. Bu baxımdan, hazırda prosesin bir adı var - Azərbaycanla Ermənistan arasında müharibənin nəticələri nəzərə alınmaqla davamlı sülhün rəsmiləşdirilməsinə nail olmaq”.

Akif Nağı — Vikipediya

Akif Nağı

QAT sədri Akif Nağı xatırlatdı ki, təşkilat olaraq vaxtilə Minsk Qrupu həmsədrləri çərçivəsində gedən danışıqların əleyhinə olublar: “Mövqeyimizi də belə əsaslandırdıq ki, həmin çərçivədə aparılan danışıqların predmeti və prinsipləri düzgün müəyyənləşməyib. O vaxt danışıqlarda əsas məsələ kimi Azərbaycana qarşı işğal faktı və onun nəticələrinin aradan qaldırılması müzakirə olunmalı idi, amma Dağlıq Qarabağdakı bir ovuc erməninin statusu əsas məsələ kimi ortada idi. Biz bunu rədd edir və danışıqların heç bir nəticə verməyəcəyini bildiridik, elə də oldu. İndi yenə də həmin mövqedən yanaşırıq. Danışıqlarda əsas məsələ kimi nə müzakirə olunur? Yenə də yanlış istiqamət götürülüb. Düzdü, status məsələsi aradan qaldırılıb, həmçinin ermənilərin və onların havadarlarının səylərinə baxmayaraq, Minsk Qrupu həmsədrləri yaxına buraxılmır. Bunları yaxşı hal kimi dəyərləndirə bilərik. Amma müzakirə olunan əsas məsələ də əsas hədəfimizə xidmət etməlidir”.

A.Nağının sözlərinə görə, bu gün “Xankəndi məsələsi”, yəni Azərbaycanın Xankəndi və digər yaxın ərazilərdə hakimiyyətinin bərpa olunması gündəmdə olmalıdır: “Yerdə qalan məsələlər, o cümlədən sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması məhz bu, əsas məsələdən asılı vəziyyətdə müzakirə olunmalıdır. Formatın dəyişdirilməsi, Avropa İttifaqının vasitəçi kimi ortada olması yaxşı haldır, amma gərəkli olan məsələlər müzakirə olunmursa, mənasız yerə vaxt itirməməliyik. Vaxt həmişə qiymətli olub, bu gün bəlkə də ən qiymətli amildir”.

İlyas Hüseynov: Paşinyanın deyə bilmədiyini Tatoyanın söyləməsi digər  qüvvələrin istəyi kimi sezilir FOTO - "İki sahil"

İlyas Hüseynov 

Politoloq İlyas Hüseynov qeyd etdi ki, aprelin 6-da Azərbaycan, Ermənistan və Avropa İttifaqı Şurası rəhbərlərinin üçlü görüşü konstruktiv zəmində keçirildi: “Görüşdən sonra verilən Brüssel bəyanatı milli maraqlarımız kontekstində dəyərləndirilir. Bəyanatda ”Dağlıq Qarabağ, “status” və “ATƏT-in Minsk Qrupu” ifadələri yer almadı. Buna baxmayaraq, İrəvanda olan siyasətçilər qeyd olunan məsələləri siyasi gündəliyə daxil etməyə çalışırlar. Fərrux əməliyyatından sonra hər üç həmsədr dövlətin XİN-i siyasi bəyanat dərc etsə də artıq bu formatın heç bir nəticəyə hesablanmadığını həmsədrlik edən dövlətlər də anlayırlar. Digər tərəfdən, hazırda ATƏT-ə sədrlik edən Polşanın xarici işlər naziri Zbiqnev Raunun regiona səfəri də Brüssel görüşünə hazırlıq mahiyyyəti daşıyırdı. Rəsmi Bakının siyasi iradəsi ilə Avropa İttifaqı çərçivəsində keçirilən danışıqlar sülh gündəliyi adını alıb və bu gündəliyə xələl gətirən istənilən mənfi elementlər istisna edilməlidir".

İ.Hüseynov bildirdi ki, turist diplomatiyasının hazırkı durumda heç bir anlamı yoxdur: “İmitasiya xarakteri daşıyan danışıqlar regionun inkişafını tormozlayır. Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa ünsiyyətin, kommunikasiyanın və dialoqun formalaşması yeni bir mənzərə yaratmaqla yanaşı, bu mexanizmin uğurlu gələcəyindən xəbər verir. Eyni zamanda Avropa İttifaqı formatında keçirilən danışıqlar ATƏT-in Minsk Qrupunda keçirilən mənasız danışıqlardan öz effektivliyi ilə seçilir və regionun inkişafına xidmət edir. Brüssel görüşündən öncə ABŞ-ın dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistanın ali siyasi rəhbərliyi ilə təmas qurması da göstərir ki, rəsmi Vaşinqton Brüssel sülh gündəliyini dəstəkləyir və ona alternativin olmamasına çalışır”.

E.Paşasoy,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR