İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Yaxın Şərq siyasətinə nüfuz edir

Azərbaycanın bu həssas regionun açar ölkələrindən olan İsraillə yaxşı münasibətləri var və Suriya məsələsində Ankara və Təl-Əviv arasında mümkün gərginlikləri danışıqlar yolu ilə həll edə bilər

Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına yardım etməyə hazır olduğunu bəyan etməsi iki istiqamətdə təhlil edilir. 

Bəllidir ki, Suriya son 10 ildən çox davam edən vətəndaş müharibəsi nəticəsində dağıdılıb. Bir çox şəhərlər sıfırdan yenidən qurulmalı olacaq. Suriyanın bu gün humanitar dəstəyə daha çox ehtiyacı var və bu problemlərin həllində Azərbaycan və Türkiyənin birlikdə hərəkət edəcəyini bəyan etməsi çox önəmlidir. 

Azərbaycanın artıq dünyanın bir çox ölkələrində humanitar əməliyyatlarda böyük təcrübəsi var. Burada ilk ağıla gələn Türkiyədə son zəlzələ zamanı aparılan xilasetmə əməliyyatlarıdır. Azərbaycanın humanitar minatəmizləmə sahəsində də təcrübəsi var. O, çox baha qiymətə - Qarabağın yerlə-yeksan edilmiş şəhər və kəndlərində, erməni işğalçılarının yalnız xarabalıqlar, minalar və partlamamış hərbi sursatlar qoyduğu yerlərdə əldə edilib.

İkinci mühüm nəticə budur ki, Suriya məsələsində birgə səylərini razılaşdırması Bakı-Ankara geosiyasi əlaqəsinin Yaxın Şərqə nüfuz etdiyini təsdiqləyir. Bu, Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, dünyanın ən həssas bölgələrindən olan Yaxın Şərqdə də geosiyasi rolunun artması deməkdir. 

Daha bir mühüm məqam da diqqətdən qaçmamalıdır. Bakının Yaxın Şərqin açar ölkələrindən olan İsraillə yaxşı münasibətləri var və Suriya məsələsində Ankara və Təl-Əviv arasında mümkün gərginlikləri danışıqlar yolu ilə həll edə bilər.

E-huquq | Azər Badamov: "Davosda keçirilən görüşlər bir daha göstərdi ki,  ölkəmizə böyük maraq var"

 Azər Badamov

Milli Məclisin deputatı Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan beynəlxalq humanitar məsələlərdə həmişə yaxından iştirak edib: “Dünyada baş verən təbii fəlakətlər zamanı Azərbaycan özünün iqtisadi gücü çərçivəsində həmişə dəstək göstərməyə çalışıb. Məsələn, Pakistana dağılmış məktəb binasının yenidən qurulmasında və digər humanitar yardımlarda iştirak edib. Türkiyədə zəlzələ baş verəndə zəlzələ bölgəsində xilasetmə işlərinə ilk qoşulan ölkə Azərbaycan olmuşdu. O cümlədən Kahramanmaraşda min ailələlik bir şəhərciyi də Azərbaycan tikir və türk qardaşlara öz dəstəyini əsirgəmir. Suriya da son 10 ildə yaşanan müharibələr nəticəsində böyük humanitar fəlakətlə qarşılaşıb. Bu baxımdan Azərbaycan və Türkiyə prezidentlərinin telefon danışığı Suriyada humanitar məsələlərin həllində birgə iştirakımızla əziyyət çəkən insanların yanında olmağımızı nümayiş etməsinə imkan verəcəkdir. Azərbaycan minatəmizlənmə sahəsində böyük təcrübə qazanıb. Yəni Suriyada minatəmizləmə işlərində Azərbaycan iştirak edə bilər. Digər humanitar məsələlərdə də Azərbaycan suriyalıların yanında olmaqla dəstək göstərə bilər. Bizim iştirakımız Azərbaycanla Türkiyənin Yaxın Şərqə nüfuz etdiyini göstərir. Azərbaycan Suriyanın ərazi bütövlüyünü dəstəkləyir və bu gün orada yaşanan problemlərin danışqlar müstəvisində həll olunmasını arzulayır. Çünki suriyalılar son 10 ildə müharibələrdən kifayət qədər əziyyət çəkib. İndi bütün məsələlərin sabitlik şəraitində danışıqlar yolu ilə həll olunmasının vaxtıdır. Təbii ki, bu məsələdə Türkiyənin rolu böyük olacaqdır. Çünki Türkiyə Suriyada müharibə davam edən dövrdə suriyalıların yanında ən çox olan və birbaşa humanitar dəstək göstərən ölkədir. O cümlədən Yaxın Şərqdə açar ölkələrdən biri də İsraildir, Azərbaycanın İsraillə çox yaxşı ikitərəfli əlaqələri var. Bu baxımdan Azərbaycan Türkiyə-İsrail əlaqələrinin yenidən bərpa olunmasında və ümumən Yaxın Şərqin problemlərinin danışıqlar yolu ilə həll edilməsində töhfə verə bilər”.

Deputatın sözlərinə görə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti qlobal məsələlərin həll olunmasında yaxından iştirak edir və töhfələr verir: “ Bu baxımdan ölkəmizin Yaxın Şərqdə müəyyən məsələlərin həll olunmasında rolu arta bilər”.

Vüqar İskəndərov: Minsk qrupunun bərpası cəhdləri Qərbin siyasi  riyakarlığının təzahürüdür

Vüqar İskəndərov 

Öz növbəsində məsələyə münasibət bildirən millət vəkili Vüqar İskəndərov qeyd etdi ki, Azərbaycan hər zaman dünyada sülhün və əmin-amanlığın olmasını arzu edib, həmçinin bu istiqamətdə də addımlar atıb: “Konkret olaraq Suriya məsələsinə gəlincə, hesab edirəm ki, bu ölkədə yeni dönəm başlayır. Bu dönəmdə qardaş Türkiyə ön sırada gedəcək. Eyni zamanda Azərbaycan da bu məsələdə Türkiyə ilə eyni sırada yer alacaq. Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına yardım etməyə hazır olduğunu bəyan etməsi də məhz bundan xəbər verir. Hesab edirəm ki, Suriyada yeni dönəmdə siyasi sabitlik əldə edildikdən dərhal sonra yenidənqurma, bərpa işlərinə ehtiyac yaranacaq. Bu, vacib və qaçılmazdır. Təbii ki, bu zaman Azərbaycanla Türkiyə digər sahələrdə olduğu kimi Suriyaya dəstək məsələsində də çiyin-çiyinə hərəkət edəcək. Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanın artıq dünyanın bir çox ölkələrində humanitar əməliyyatlarda böyük təcrübəsi var. Heç uzağa getməyək, qardaş Türkiyədə son zəlzələ zamanı aparılan xilasetmə əməliyyatlarında Azərbaycanın hansı şəkildə iştirak etdiyini bütün dünya gördü. Digər tərəfdən, ölkəmizin Qarabağın yerlə-yeksan edilmiş şəhər və kəndlərində, erməni işğalçılarının yalnız xarabalıqlar, minalar və partlamamış hərbi sursatlar qoyduğu yerlərdə qısa zamanda həyata keçirdiyi quruculuq işlərini də bütün dünya görüb, yaxından izləyib. Bu baxımdan düşünürəm ki, Suriyada da oxşaq sahələrdə Türkiyə ilə Azərbaycan mühüm addımlar atacaq”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Türkiyənin Suriyada mövqelərinin möhkəmlənməsi qardaş ölkənin Cənubi Qafqazda mövqelərini daha da möhkəmləndirəcək: “Türkiyə və Azərbaycan prezidentlərinin son telefon danışığı zamanı Suriyadakı vəziyyətin müzakirəsi, ardınca da Azərbaycan Xarici İşlər Nazirliyinin Suriya ilə bağlı bəyanatı baş verənlərin məmləkətimizlə də əlaqəsinin olduğunu göstərir. Strateji müttəfiqimiz Türkiyənin Suriyada mövqelərinin güclənməsi bölgədəki vəziyyəti dəyişmək iqtidarındadır. Rusiya və İran Suriyada yanlış tərəfi seçdilər və itirdilər. Türkiyə isə bu illər ərzində səbr nümayiş etdirən və sonda qazanan ölkə oldu. Türkiyənin Suriyada maraqlarının təmin edilməsi Azərbaycanın da maraqlarına cavab verir. Türkiyənin hədəflərindən biri Suriya ərazisində terrorçu PKK və ona bağlı silahlı qrupların neytrallaşdırılmasıdırsa, digəri yerli türkmənlərin təbii haqlarının bərpasıdır. Ermənistan vaxtilə Əsəddən yana oldu, yanıldı, indi Azərbaycanın növbəsidir, Türkiyə ilə birgə Suriyadakı qardaş türkmənlərdən yana olmalıyıq. Azərbaycan Türkiyənin Suriyada humanitar aksiyalarında yer ala bilər. Suriya infrastukturunun yenidən qurulmasında Türkiyə şirkətləri ilə birgə Azərbaycan şirkətləri də iştirak edə bilərlər. Fikrimcə, yaxın müddətdə Azərbaycanın Suriyadakı səfirliyi də fəaliyyətini bərpa edəcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR