İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Tiflis qatarının açılmayan sirri

Deputat deyir ki, qatar məsələsi aktualdır, amma əsas olan təhlükəsizlikdir; ekspert: “İsrail-İran gərginliyi sübut etdi ki, sərhədləri bağlı saxlamaq doğru qərardır”

Ötən həftəsonu Gürcüstanın iqtisadiyyat naziri Mariam Kvrivşvilinin ölkəmizə səfərində əsas müzakirə mövzusu Bakı-Tiflis sərnişin qatarının bərpası olub. "Sputnik-Qruziya" yazıb ki, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin görüşündə də bu məsələ diqqətdə olub. Qeyd edək ki, 2020-ci ilin mart ayından koronavirus pandemiyası ilə əlaqədar Gürcüstan və Azərbaycan arasında qatarların hərəkəti dayandırılıb. 2025-ci ilin fevralında Gürcüstanın İqtisadiyyat Nazirliyi Gürcüstan və Azərbaycan arasında dəmir yolu qatarının açılışının mayın 1-nə planlaşdırıldığını, lakin sonradan Azərbaycanın quru sərhədində tətbiq etdiyi məhdudiyyətlərə görə bu tarixin təxirə salındığını açıqlayıb. “Gürcüstan və Azərbaycan arasında dəmir yolu sərnişin daşımalarının başlanması vacibdir ki, bu da iki ölkə arasında iqtisadi, o cümlədən turizm sahəsində əlaqələrə yeni təkan verəcək”, - Kvrivşvili bildirib.

Onun sözlərinə görə, Gürcüstan iki ölkə arasında iqtisadi əlaqələrin çox mühüm sahəsi olan nəqliyyata böyük önəm verir. Azərbaycan Gürcüstanın ilk on ticarət tərəfdaşı sırasındadır. 2024-cü ildə ölkələr arasında ticarət dövriyyəsi 5,6% artaraq 1,3 milyard dollar təşkil edib.

Qeyd edək ki, fevral ayında Gürcüstanın baş naziri İrakli Kobaxidze Azərbaycana səfəri çərçivəsində bu mövzuda Prezident İlham Əliyevlə də müzakirə aparıb. “Ölkələrimiz arasında daha çox insanın səyahət etməsi çox vacibdir, çünki bu, xalqlarımız arasında ənənəvi dostluğu daha da möhkəmləndirəcək”, - deyə Kobaxidze bildirib.

Son olaraq qatarın may ayının sonunda 5 illik fasilədən sonra Gürcüstanın Müstəqillik Günü (26 may) və Azərbaycanın Respublika Günü (28 may) hərəkətə başlayacağı deyilirdi. Amma bu sirr həll olunmur.

Maşınım 7 saatdır ofisin qarşısında olduğu halda cərimə gəlib” — Natiq  Cəfərli

Natiq Cəfərli

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib ki, vəfat etmiş atasının hüzründə iştirak etmək istəyən qohumu Gürcüstanla sərhəddə yerləşən kənddən yasa gəlmək üçün 80 km-lik yolu 530 km-lik səyahətlə əvəz etməli olub: “Onların kəndindən Gürcüstandakı bizim kəndə 80 km yoldur, quru yolla 1 saata maşınla gəlmək olur. Amma o, yasa gəlmək üçün 530 km Qazaxdan Bakıya gəlməli, Bakıdan təyyarə ilə uçmalı, hava limanından taksi ilə yas yerinə gəlməli olub...”

Bəs Gürcüstan tərəfinin bu qədər xahişlərinə baxmayaraq, Bakı niyə bu qatarın işə salınmasına razılıq vermir?

Qeyd edək ki, iddialara görə, quru sərhədlərinin bağlı saxlanması və bu kontekstdə sərnişin qatarlarının işə salınmaması ilə bağlı bir sıra səbəblərin olduğu bildirilir. Quru sərhədlərin açılmasının nəzarətsiz insan axınının artmasına, o cümlədən qeyri-qanuni miqrasiya, qaçaqmalçılıq və digər risklərə yol açacağı düşünülür. Bəzi ekspertlərə görə, quru sərhədlərin açılması fonunda Gürcüstan vətəndaşlarının və azərbaycanlı miqrantların ölkəyə nəzarətsiz girişi iqtisadi və sosial tarazlığı poza bilər. Bu, xüsusilə regionlarda işsizlik və sosial gərginliklə bağlı narahatlıqlar fonunda ön plana çıxır.

Azərbaycan quru sərhədlərini yalnız Gürcüstanla deyil, digər qonşularla da tam açmayıb. Bu isə onu göstərir ki, məsələ təkcə Bakı-Tiflis qatarı ilə bağlı deyil - Azərbaycan ümumilikdə quru sərhəd siyasətini dəyişmək istəmir. Bu da digər səbəblərlə izah oluna bilər. Mümkün təxribatların, nəzarətsiz informasiya və insan axınının qarşısı alınır. Pandemiya sonrası yeni nəzarət rejimi müəyyən qədər ölkədaxili idarəetməyə uyğunlaşdırılıb və onu pozmaq istəmirlər.

Aydın Mirzəzadə müxalifəti HƏDƏLƏDİ | Modern.az

 Aydın Mirzəzadə 

Millət vəkili Aydın Mirzəzadə mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bildirib: "Gürcüstan iqtisadiyyat nazirinin Azərbaycana səfəri iki ölkə arasında iqtisadi münasibətlərin müzakirəsinə və bu əlaqələrin daha da dərinləşdirilməsinə yönəlmişdi. Təbii ki, bu səfər çərçivəsində Bakı-Tiflis sərnişin qatarının bərpası məsələsinin də gündəmə gəlməsi mümkündür. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması müəyyən geosiyasi və təhlükəsizlik amilləri ilə bağlıdır. Ölkəmiz bu addımı həm öz təhlükəsizliyini təmin etmək, həm də mümkün regional gərginliklərdən sığortalanmaq məqsədilə atıb.

Baxın, İsrail-İran münaqişəsinin 13 gün davam etdiyi son vəziyyət bir daha sübut etdi ki, Azərbaycan çox doğru və ölçülmüş mövqe sərgiləyir. Belə vəziyyətlərdə sərhədlərin açıq olması ölkə üçün əlavə risklər yarada bilər.

Qeyd edilməlidir ki, sərhədlər tamamilə qapalı deyil - insanlar təyyarə və gəmi vasitəsilə Azərbaycana səfər edə bilirlər. Quru sərhədlər isə hazırda bağlıdır. Bununla belə, bu vəziyyət iqtisadi münasibətlərə mənfi təsir göstərməyib, əksinə, Gürcüstanla ticarət dövriyyəsi 1,3 milyard dollara çataraq artım nümayiş etdirib. Bu da onu göstərir ki, Azərbaycan iqtisadi baxımdan dayanıqlıdır və qonşularla əməkdaşlıq davam edir. Əlbəttə, ilk fürsət yaranan kimi quru sərhədlərin qismən və ya tam açılması mümkün olacaq. Amma bu, ölkənin təhlükəsizlik və milli maraqlarını əsas götürən strateji qərarlarla tənzimlənir və beynəlxalq hüququn imkan verdiyi çərçivədə həyata keçirilir".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR