İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı ilə Avropa təsisatları arasında əməkdaşlıqda yeni mərhələ - uğurlu siyasətin növbəti bəhrəsi

 

 

Azərbaycanın uğurlu xarici siyasəti zaman-zaman öz bəhrəsini verməkdədir. Qoşulmama Hərəkatının üzvü və dönəm sədri olan ölkəmizin balanslı siyasəti artıq müxtəlif qütblər tərəfindən də anlayışla qarşılanmaqdadır. Bu mənada Avropa təsisatları ilə ikitərəfli əməkdaşlıq öz bəhrəsini verir.

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç bu həftə Azərbaycana gələcək. Aprelin 5-də Bakıda o, Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planını təqdim edəcək. Bu haqda yayılan məlumatda bildirilir ki, tədbirdə Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Şurasının Bakı ofisinin və benefisiar təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak edəcəklər. Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planı fevralın 16-da Avropa Şurası Nazirlər Komitəsi tərəfindən qəbul edilib. Azərbaycan qanunvericiliyinin, institutları və praktikasının insan hüquqları, qanunun aliliyi və demokratiya sahəsində Avropa Şurasının standartlarına uyğunlaşdırılmasına yönələn strateji proqramlaşdırma alətidir. Sənəd Avropa Şurasına üzv ölkə kimi Azərbaycanın öz öhdəliklərini yerinə yetirməsi, milli qanunvericiliyi Avropa və beynəlxalq standartlara uyğunlaşdırması üzrə səylərinin dəstəklənməsinə yönəlib. Fəaliyyət Planında Avropa Şurasının nizamnamə və nəzarət orqanlarının əvvəllər qəbul etdikləri qərar və tövsiyələr, habelə milli islahatlar proqramı nəzərə alınıb. Azərbaycan üçün Fəaliyyət Planının ümumi büdcəsi 9,6 milyon avrodur. Ekspertlərimiz bu əməkdaşlığı yüksək dəyərləndirir.

Hikmət Babaoğlu: Azərbaycan iqtisadiyyatı yeni regional mərkəzlərin  yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyub - AZƏRTAC –  Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hikmət Babaoğlu: “Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın uğurlu tarixçəsi belə deməyə əsas verir ki, yeni Fəaliyyət Planı üzrə işlər də uğurla başa çatdırılacaq”

Deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Avropa Şurası insan hüquqları üzrə ixtisaslaşmış ən mühüm beynəlxalq təşkilatlardan biridir və Azərbaycanın bu qurumla əməkdaşlıq tarixi 1992-ci ildən başlayır: “1996-cı ildən isə Azərbaycan Avropa Şurasının üzvüdür və ötən dövr ərzində insan hüquqlarının qorunması, demokratik islahatların daha da dərinləşməsi istiqamətində Avropa Şurası ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq müxtəlif aktual məsələlər üzrə müddətli qaydada Fəaliyyət Planı çərçivəsində müəyyənləşdirilir və həyata keçirilir. Sonuncu belə Fəaliyyət Planı 2018-2021-ci illəri əhatə etmiş, Fəaliyyət Planının icrası hər iki tərəfdən müsbət qiymətləndirilib, nəticə etibarilə bu çərçivədə əməkdaşlığın davam etdirilməsi və növbəti fəaliyyət planının razılaşdırılması istiqamətində işlərin aparılması qərara alınıb. Hazırda isə tərəflər artıq növbəti mərhələdə əməkdaşlığın istiqamətlərini müəyyən etməklə 2022-2025-ci illər üzrə Fəaliyyət Planının həyata keçirilməsi işinin reallaşdırılması mərhələsinə qədəm qoyacaqlar. Qeyd etmək lazımdır ki, bu plan artıq fevralın 16-da Avropa Şurası Nazirlər Komitəsi tərəfindən qəbul edilib və əsas etibarilə Azərbaycan qanunvericiliyinin, o cümlədən müxtəlif institutların və praktikasının insan hüquqları, qanunun aliliyi və demokratiya sahəsində Avropa Şurasının standartlarına uyğunlaşdırılmasına yönəlib. Sənəd Avropa Şurasına üzv ölkə kimi Azərbaycanın öz öhdəliklərini yerinə yetirməsi, milli qanunvericiliyi Avropa və beynəlxalq standartlara uyğunlaşdırması üzrə səylərinin dəstəklənməsinə istiqamətlənib. Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın uğurlu tarixçəsi belə deməyə əsas verir ki, yeni Fəaliyyət Planı üzrə işlər də uğurla başa çatdırılacaqdır”.

Amma bu da var ki, Avropa təsisatları, məsələn, Avropa Parlamenti, o cümlədən Avropanın qeyri-hökumət təşkilatları Azərbaycana qarşı qərəzli davranışlarını davam etdirir. Bəs bütün bunlar əməkdaşlığa xələl gətirə bilərmi? Azərbaycanın önəmini dərk edən çevrələr niyə belə qərəzli yanaşmaların qarşısını almır?

H.Babaoğlunun sözlərinə görə, əgər söhbət sözün əsl mənasında birmənalı şəkildə insan hüquq və azadlıqlarından, demokratik universal dəyərlərdən gedirsə, Azərbaycan həmişə bu dəyərlərə sadiqdir və üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə hazırdır: “Ancaq təəssüf ki, biz Avropa təşkilatları ilə əməkdaşlıqda başqa təcrübələrə də sahibik. Bəzən Avropanın beynəlxalq təşkilatları insan hüquqları, demokratiya kimi məsələləri milli dövlətlər üzərində təzyiq alətinə çevirir. Paralel olaraq həm də beynəlxalq hüququ və insan azadlıqlarını manipuliyasiya edərək ikili standartlar siyasəti səviyyəsinə endirir. Biz istər 30 illik münaqişə dövründə, istərsə də 44 günlük haqlı davamızda və hətta ondan sonra da ermənilər tərəfindən azərbaycanlıların kütləvi şəkildə hüquqlarının tapdalanması, xalqımıza qarşı törədilən ən müxtəlif cinayətlərin heç birinin, heç bir Avropa təşkilatı tərəfindən insan hüquqları kontekstində qiymətləndirib lazımi qərarların qəbul edilməsini görmədik .Tam əksinə, bəzən Azərbaycanda olmayan problemi insan hüquqlarının pozulması kimi təqdim etməyə çalışdılar. Ona görə də ümid edirik ki, heç olmasa bundan sonra xoş olmayan belə təcrübəyə son qoyulacaq. Belə olarsa, əlbəttə, Avropa Şurası və onun digər struktur təşkilatları ilə daha yüksək səviyyədə əməkdaşlıq etmək olar. Azərbaycan bunu istəyir və obyektiv əsaslarda formalaşan hər hansı əməkdaşlığa hazırdır”.

Trollar özlərini iki formada göstərir” – Tural İsmayılov – Yenicag.Az

Tural İsmayılov: “Əsas gözləntimiz odur ki, bundan  sonra sülh prosesi üçün Ermənistana təzyiq edilsin”

Sosial Tədqiqatlar Mərkəzinin eksperti Tural İsmayılov isə bu barədə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan-Avropa Şurası əlaqələri ölkəmiz üçün xüsusi əhəmiyyətə malikdir: “Azərbaycanın Avropa Şurasına üzvlüyü Ulu Öndər Heydər Əliyevin müstəqilliyin ilk illərində xüsusi əhəmiyyət verdiyi məsələlərdən biri idi. Ölkəmizdə 1993-cü ildə ölüm hökmünə moratoriumun qoyulması, ardınca isə 1998-ci ildə ölüm hökmünün tamamilə ləğv edilməsi bu sahədə mühüm irəliləyişə səbəb oldu. Ümumilli lider Heydər Əliyevin 1996-cı il iyulun 8-də ”Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında", 1998-ci il yanvarın 20-də “Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında”, 1999-cu il mayın 14-də “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi tədbirləri haqqında” imzaladığı sərəncamlar Azərbaycan və Avropa Şurası arasında siyasi münasibətləri növbəti müstəvilərə daşıdı. Avropa Şurası Nazirlər Komitəsinin 2014-cü il mayın 6-da Vyanada keçirilmiş 124-cü Sessiyasında Avropa Şurası Nazirlər Komitəsinə Sədrlik Avstriyadan Azərbaycana keçdi. Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olduqdan sonra ilk dəfə olaraq Avropa Şurası Nazirlər Komitəsinə sədrlik də etdi. Azərbaycanın sədrliyi dövründə mühüm qərarlar verildi. Ölkəmiz hazırda Avropa Şurasının qəbul etdiyi 65-ə yaxın beynəlxalq konvensiyanın iştirakçısıdır". Ekspert qeyd etdi ki, Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planı Avropa Şurası ilə Azərbaycan arasındakı münasibətlə baxımından vacibdir: “Avropa Şurası ölkəmizlə münasibətlərə xüsusi önəm verir. Nəzərə almaq lazımdır ki, Fəaliyyət Planını Bakıya səfər edən AŞ-nin baş katibi özü təqdim edəcək. Eyni zamanda Fəaliyyət Planının büdcəsi də kifayət qədər ciddi rəqəmdir. Azərbaycan demokratik islahatlar və digər bir çox sahələrdə Avropa Şurasının da əhəmiyyət verdiyi bir çox uğurlara imza atılıb. Bu gün ölkəmizdə internet və söz azadlığı yüksək səviyyədədir, həmçinin siyasi partiyalar öz qərargahlarında müstəqil fəaliyyət göstərirlər, Azərbaycan hakimiyyəti onlarla yüksək səviyyədə dialoq aparır. Bizim əsas gözləntimiz odur ki, Avropa Şurası Azərbaycanın regional və qlobal əhəmiyyətini daha da rasional dəyərləndirə bilsin. Torpaqlarımızın 30 illik işğalı dövründə Avropa Şurası Ermənistan qəsbkarlığını sonlandıracaq praktiki addımlar ara bilmədi. İndi əsas gözləntimiz odur ki, bundan sonra sülh prosesi üçün Ermənistana təzyiq edilsin”.

E.PAŞASOY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR