Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə Bakıda geniş tərkibdə görüş keçirib. Uzun müddət diplomatik səssizlik və qarşılıqlı etimadsızlıq fonunda dayanıqlı münasibətlərin qurulmadığı iki ölkə arasında yeni mərhələnin təməli qoyulub. Bu səfər təkcə iki dövlət arasında diplomatik protokol çərçivəsindəki rəsmi görüş deyil, həm də Azərbaycan diplomatiyasının Yaxın Şərqə istiqamətlənən yeni strateji xəttinin parlaq təzahürüdür.
Prezident İlham Əliyev görüş zamanı açıq şəkildə bildirib ki, uzun illər ərzində Azərbaycanın ünvanına soyuq və qeyri-dost ritorikası ilə çıxış edən əvvəlki Suriya rəhbərliyinin dövründə münasibətlərdə durğunluq hökm sürüb. Lakin Suriyada baş verən siyasi dəyişikliklər fonunda yeni hökumətlə təmaslar artıq strateji çərçivəyə keçib və iki ölkə arasında münasibətlərin keyfiyyətcə fərqli mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.
Tərəflər arasında baş tutan danışıqlarda enerji sahəsində əməkdaşlıq xüsusi yer tutub. Suriyanın hazırda dərin enerji böhranı ilə üzləşdiyi, infrastrukturun dağıldığı, enerji təminatının dayanıqlı olmadığı bir vaxtda Azərbaycanın bu ölkəyə təbii qaz ixrac etməsi məsələsi konkret gündəmdədir. Prezident Əl Şaraa görüş zamanı bildirib ki, yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsi həyata keçiriləcək. Bu layihə reallaşarsa, Suriyanın enerji təhlükəsizliyi sahəsində atılmış ilk böyük addımlardan biri olacaq. Bu, eyni zamanda Azərbaycanın qaz ixrac coğrafiyasını genişləndirməsi baxımından da strateji əhəmiyyət daşıyır.
Xatırladaq ki, Azərbaycan bu günə qədər əsasən Avropa ölkələrinə qaz ixrac edir və ixrac etdiyi ölkələrin sayı artıq 12-yə çatıb. Lakin indi yeni bir coğrafiya – Yaxın Şərq – Azərbaycan üçün formalaşmaq üzrədir. Suriya ilə bağlanacaq bu enerji körpüsü, əslində, Azərbaycanın regional enerji xəritəsində yeni bir istiqamətin cızılması deməkdir. Qeyd edək ki, artıq Türkiyə ilə Suriyanı birləşdirən qaz kəməri bərpa edilib. Suriyanı İordaniya ilə birləşdirən kəmərin dağıdıldığı, lakin onun da yaxın gələcəkdə yenidən bərpasının mümkün olduğu bildirilir. Bu isə Azərbaycan qazının Suriya üzərindən daha da cənuba – Misirə qədər çatdırılması ehtimalını gündəmə gətirir.
Azərbaycan qazının Yaxın Şərq bazarına daxil olması üçün həm logistik, həm də diplomatik hazırlıq mərhələsi uğurla tamamlanmaqdadır. Bu səfər zamanı Azərbaycanın SOCAR şirkəti ilə Suriya hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Bu sənəd Azərbaycan qazının Suriyanın bərpa olunan enerji infrastrukturunda rolu, eləcə də neft və qaz yataqlarının birgə işlənməsi baxımından əhəmiyyətlidir. Xüsusilə qeyd edilməlidir ki, Suriyanın şimal-şərqində – hal-hazırda Suriya Demokratik Qüvvələrinin nəzarətində olan və ABŞ tərəfindən dəstəklənən ərazilərdə yerləşən neft və qaz yataqlarının işlənməsi məsələsində də Suriya tərəfi Azərbaycanın iştirakında maraqlıdır. Bu, enerji sahəsində əməkdaşlığı sadəcə təchizat səviyyəsindən çıxarıb, istehsal və sərmayə qoyuluşuna qədər genişləndirə bilər.
Əl Şaraa həmçinin Azərbaycanın post-münaqişə dövründə əldə etdiyi bərpa və yenidənqurma təcrübəsini yüksək qiymətləndirib və bu təcrübənin Suriyada tətbiq olunmasının mümkünlüyünü vurğulayıb. Azərbaycan 30 ilə yaxın işğal altında qalan ərazilərində qısa müddətdə infrastruktur quruculuğu, enerji təminatı, əhalinin qayıdışı, təhsil, səhiyyə və digər sahələrdə kompleks bərpa işlərini həyata keçirib. Suriyada da bənzər bir vəziyyət mövcuddur və bu təcrübə sözün əsl mənasında model rolunu oynaya bilər.
Görüş zamanı humanitar və mədəni sahələrdə də əməkdaşlıq məsələləri gündəmə gəlib. Suriyalı tələbələrin Azərbaycanda təhsil alması, onlara dövlət xətti ilə təqaüdlərin ayrılması, habelə Suriyada dağıdılmış mədəni abidələrin bərpasında Azərbaycanın texniki və təşkilati dəstəyinin mümkünlüyü müzakirə olunub. Bu, Azərbaycanın yalnız enerji və iqtisadiyyat deyil, eyni zamanda mədəniyyət diplomatiyası sahəsində də Yaxın Şərqdə rol almağa başladığını göstərir.
Bütün bu istiqamətlərin fonunda isə Bakı diplomatiyasının səssiz, lakin effektiv vasitəçilik rolu diqqət çəkir. Məlumata görə, Prezident Əhməd Əl Şaraa-nın Azərbaycana səfəri çərçivəsində Suriya və İsrail rəsmilərinin Bakıda qeyri-rəsmi görüşü keçiriləcək. Görüşün əsas müzakirə mövzusunun İsrailin Suriyadakı hərbi mövcudluğu və bunun nəticələrinə dair fikir mübadiləsi olduğu bildirilir. Diplomatik mənbələrə görə, bu görüşə şəxsən Əl Şaraa qatılmayacaq, lakin yüksək səviyyəli nümayəndələr iştirak edəcək. Bu təşəbbüs, əslində, Azərbaycanın son illərdə Yaxın Şərqdə həyata keçirdiyi “sakit diplomatiya”nın konkret nəticəsidir.
Azərbaycan daha öncə də Türkiyə və İsrail arasında baş verən gərginliklərin aradan qaldırılmasında, həmçinin Suriyanın qonşuları ilə əlaqələrinin normallaşmasında mühüm rola malik olub. Rəsmi Bakı bu istiqamətdə “qaynar xətt” mexanizmi yaradıb və bəzi hallarda görüşlərin təşkili üçün təşəbbüskar çıxış edib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan Cənubi Qafqazdan kənara çıxaraq Yaxın Şərq kimi mürəkkəb və ziddiyyətli bir regionda diplomatik güc mərkəzinə çevrilməkdədir.
Əlbəttə, bu proses təsadüfi deyil. Azərbaycanın 2020-ci ildən sonra yeni xarici siyasət konsepsiyası, Prezident İlham Əliyevin rəhbərliyi ilə irəli sürülən “post-qələbə diplomatiyası” ölkəmizin yalnız regional deyil, eyni zamanda qlobal güc mərkəzləri ilə tərəfdaşlıq münasibətlərini keyfiyyətcə yenidən qurmaq məqsədi daşıyır. Bu diplomatiya Azərbaycanın Avropa və Mərkəzi Asiya istiqamətindəki fəallığına paralel olaraq Yaxın Şərqə də tamhüquqlu daxil olmasına şərait yaradır.
Suriyaya münasibətdə bu yanaşma bir neçə konkret elementlə müşahidə olunur: birincisi, humanitar yardım siyasəti, ikincisi enerji təhlükəsizliyi və infrastruktur dəstəyi, üçüncüsü isə diplomatik vasitəçilik təşəbbüsləri. Bəşər Əsəd rejimi devrildikdən dərhal sonra Azərbaycanın Suriyaya ilk yardım göndərən ölkələrdən biri olması, həmçinin Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyətinin Dəməşqə səfəri bu strateji xəttin tərkib hissəsi kimi dəyərləndirilə bilər.
Prezident İlham Əliyev görüş zamanı qeyd edib ki, Suriyanın yeni rəhbərliyi ilə münasibətlərin dərinləşdirilməsi Azərbaycanın dövlət maraqlarına, regional sabitliyə və qarşılıqlı faydalı əməkdaşlığa xidmət edir. Bu baxımdan Suriyanın keçid dövrü prezidentinin Azərbaycana rəsmi səfəri sadəcə bir protokol hadisəsi deyil, həm də Azərbaycanın Yaxın Şərq siyasətində yeni mərhələyə qədəm qoyduğunun bariz nümunəsidir.
Beləliklə, Azərbaycanın qazı Yaxın Şərqə yol alır, diplomatiyası isə regionun mürəkkəb düyünlərini açmağa yönəlmiş yeni formatlar təklif edir. Prezident İlham Əliyevin şəxsi nüfuzu və Azərbaycan dövlətinin post-müharibə dövründə qazandığı beynəlxalq etimad, ölkəmizin bu bölgədə də etibarlı tərəfdaş kimi tanınmasına səbəb olur. Azərbaycanın Yaxın Şərq strategiyası artıq konturları ilə yox, konkret addımları ilə reallaşır.
Şahanə Rəhimli
Musavat.com
14 Iyul 2025
13 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ