Onlayn ictimai-siyasi qəzet
Rus sülhməramlılarının nəzarət zonasında qurulan qondarma qurumun oyuncaq “parlamentində” ikinci böyük qüvvə olan “Vahid Vətən Partiyası”nın lideri Samvel Babayan Azərbaycana yeni təkliflər verdiyini açıqlayıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, o, təkliflərini hansı kanallar vasitəsilə çatdırdığını və hansı cavabın alındığını açıqlamayıb.
Mövcud hakimiyyəti tənqid edən Samvel Babayan “Azatutyun” radiostansiyasının (“Azadlıq” radiosunun Ermənistan bölməsi) efirində bu barədə danışıb.
O, öz təkliflərini ümumi şəkildə təqdim edərək, 2 əsas mərhələni vurğulayıb: birincisi, Ermənistan və Azərbaycan arasında qarşılıqlı etimadın əldə olunması, ikincisi, münaqişənin siyasi həllinə keçid.
Babayanın sözlərinə görə, separatçılar içində böhranın həllinə 2 fərqli yanaşma var: “Biri İrəvanda hakimiyyətin dəyişdirilməsi naminə aclıq da daxil olmaqla, mübarizəni davam etdirməyə çağırır, digəri isə dialoqa, kompromisə və qarşılıqlı etimadın bərpasına çalışır”.
Samvel Babayan Azərbaycanla təmaslarının təfərrüatlarını açıqlamasa da, separatçı qurumun da Bakı ilə gündəlik əlaqə saxladığını iddia edib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ