Onlayn ictimai-siyasi qəzet
ABŞ zəngin əcnəbilərə bu ölkədə yaşamaq, işləmək hüququ və vətəndaşlıq almaq imkanı verəcək “qızıl kart” verəcək. “Qızıl Kart” 5 milyon dollara başa gələcək. Bu barədə CNN məlumat yayıb. “Biz qızıl kartı satacağıq”, - Prezidenti Donald Tramp deyib: “Bizdə ”yaşıl kart" (“qrin kart”) var. Və bu, qızıl kartdır. Biz bu kartı təqribən 5 milyon dollar dəyərində qiymətləndirəcəyik və o, sizə “yaşıl kart”ın üstünlüklərini verəcək. Həmçinin vətəndaşlığa aparan yol olacaq. Zəngin insanlar bu kartı alıb ölkəmizə gələcəklər".
Tramp kartların təxminən iki həftə ərzində satışa çıxarılacağını söyləyib və milyonlarla kartın satıla biləcəyini ehtimal edib.
Kartların rus oliqarxlarına da satılıb-satılmayacağı sualına Tramp belə cavab verib: “Bəli, mümkündür. Mən bəzi rus oliqarxlarını tanıyıram ki, onlar çox gözəl insanlardır”.
Ticarət naziri Hovard Lutnik isə bildirib ki, bu kart hökumətin EB-5 immiqrant investor vizası proqramını əvəz edəcək, başqa sözlə, ABŞ-də xarici investorlara iş yerləri yaradan layihələrə sərmayə qoymağa və ardınca immiqrasiya ilə bağlı viza üçün müraciət etməyə imkan verəcək. Mütəxəssislər Trampın ideyasının Konqresdən keçəcəyinə ilə bağlı dəqiq fikir söyləməkdə çətinlik çəkirlər. Tramp isə öz növbəsində deyib ki, onun təşəbbüsü üçün Konqresin təsdiqinə ehtiyac olmayacaq.
Bəzi ekspertlər isə düşünürlər ki, əgər Tramp proqramı uzun müddətə qüvvədə saxlamaq istəsə, yenə də xüsusi qanuna və buna görə də Konqresin dəstəyinə ehtiyacı olacaq.
Qeyd edək ki, ABŞ-nin miqrasiya xidmətinin (USCIS) məlumatına görə, təkcə, 2024-cü ildə, 12.055 nəfərə EB-5 vizası verilib. 2024-cü ilin sentyabr ayının sonuna olan məlumata görə, 9971 müraciətə baxılırdı. EB-5 Regional Mərkəzi Proqramı 30 sentyabr 2027-ci il tarixinədək qüvvədə qalacaq.
Xalid Kərimli
Bəzi ABŞ-li mütəxəssislərin qənaətinə görə, EB-5-in dəyişdirilməsi Tramp komandasının uzunmüddətli məqsədidir. Tramp bu yolla ABŞ iqtisadiyyatına indiki vizadan daha çox resurs cəlb etmək istəyir. İqtisadçı Xalid Kərimli sözügedən kartın azərbaycanlılar arasında o qədər də populyar olmayacağı qənaətindədir. “Yeni Müsavat” mövzunu şərh edən iqtisadçı bildirib ki, “qızıl kart” istisna şəxslər üçün maraqlı ola bilər: “Azərbaycanda milyon dollara ”kart" ala biləcək şəxslərin sayı çox deyil. Azərbaycanda varlı insanların təqib edilməsi prosesi yoxdur. Siyasi və s. problemləri olan insanları nəzərə almasaq, təqibedilmə yoxdur ki, varlılar bu yolla özlərini sığortalaya bilsinlər. Adətən dövlət, sistemlə problemi olan şəxslər ikinci, üçüncü vətəndaşlıq alıb, özlərini-sərvətlərini, yaxud təhlükəsizliklərini sığortalamaq istəyə bilərlər. Digər tərəfdən 5 milyonluq “qızıl kart”ın verilməsi şərtləri hələ ictimaiyyətə açıqlanmayıb. Onu qeyd etmək lazımdır ki, bu, ilk belə təcrübə deyil. Avropa ölkələrində əmlak almaq müqabilində yaşayış icazəsi verilir. Türkiyədə də bəlli məbləğdə əmlak almaq, yaxud investisiya qoymaq müqabilində öncə yaşayış icazəsi, daha sonra isə vətəndaşlıq almaq mümkündür. Düşünürəm ki, Trampın bu ideyası uğurludur".
İqtisadçının fikrincə, əgər “green card”la ABŞ-yə hər kəs gedə bilərdisə, indi rəqəm müəyyənləşdirməklə pullu insanları ölkəyə cəlb etmək haqqında düşünülür: “Hələ ki, şərtlər bəlli deyil. Avropa ölkələrinin təcrübəsində yaşayış icazəsi, vətəndaşlıq almaq investisiyaların qoyuluşu ilə mümkün olur. O ki qaldı azərbaycanlıların bu karta nə dərəcədə maraq göstərməsinə, yeni kart ABŞ-yə investisiya qoymaq istəyən şəxsləri həvəsləndirə bilər, lakin bu, tendensiya halını almayacaq, çünki Azərbaycanda həddən artıq varlılar yoxdur. Rusiyada nisbətən populyar ola bilər. Əgər Rusiya ilə ABŞ arasında münasibətlər yaxşılaşarsa, varlı rusiyalılar ABŞ-yə qaça bilərlər”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ