İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycanın qoyduğu ciddi siyasi iradə nəticəsində İran qınına çəkildi”- Qabil Hüseynli

 

Ötən gün İran lideri Xameneyinin beynəlxalq məsələlər üzrə məsləhətçisinin açıqlaması birmənalı qarşılanmayıb. Əli Əkbər Vilayətinin “Əgər bir gün Azərbaycan Respublikası xarici ölkə tərəfindən hücuma məruz qalsa, İran dəstək üçün Azərbaycan Respublikasının yanında olacaq.

Son həftələrdə bəziləri məlumatsızlıqdan, bəziləri isə qərəzli şəkildə İranın Azərbaycan Respublikası ilə döyüşmək istədiyi barədə şayiələr yayırlar. Bu, İrana qarşı namərdcəsinə atılan böhtandır. İranın istər Qafqazda, istərsə də başqa yerdə heç bir ölkəyə, o cümlədən də qonşularına hücum etmək fikri yoxdur, xüsusən də eyni irqdən, dildən, dindən, adət-ənənədən, tarixdən olan insanlar, yəni Azərbaycan Respublikası xalqı gözümüzün işığıdır" deyərək çıxış etməsi İranın mesajı kimi dəyərləndirilir. Ekspertlərin fikrincə, son dövrlərdə İranla Azərbaycan arasında gərginliyin yaşanmasının məsuliyyəti İranın üzərinə düşür. 44 günlük Vətən müharibəsində tarixi Zəfərdən sonra İranın Azərbaycana qarşı aqressiv mövqeyi ortaya çıxdı. İran bir müsəlman ölkəsi olaraq Azərbaycanın qələbəsindən sonra özünü Ermənistanın müdafiəçisi kimi aparmağa başlayıb və Ermənistanla daha sıx münasibətlər qurur.

Politoloq Qabil Hüseynli də Musavat.com-a mövzu ilə bağlı deyib ki, hazırda İran cəmiyyəti hərtərəfli böhran keçirir: “Bu böhran ölkənin daxili siyasətində zirvəyə qalxdığı kimi, xarici siyasətində də kulminasiya nöqtəsindədir. Bu səbəbdən də ölkəni uçuruma doğru aparır. Daxildə ayaqlanmalar, üsyanlar, xaricdə gülməli görünəcək qədər bir sıra dövlətlərə qarşı irəli sürülən mənasız, faktsız iradlardır. İranın Azərbaycana qarşı irəli sürdüyü iddialar odla oynamaq kimi bir şeydir. İranın siyasi elitası bu məsələlərin parametrlərini yaxşı ölçüb-biçməyiblər. Bu səbəbdən də bizə qarşı hədə-qorxu siyasətini həyata keçiriblər. İfrat beynəlxalq hüquq normalarına zidd addımlara əl atdılar. Bunların hamısı iflasa uğradıldı. Son zamanlar da erməni kartından istifadə edərək Azərbaycana qarşı əsil İslam tərəfdarlarını hiddətləndirəcək hərəkətlər etdilər. Əvvəl dedilər, Zəngəzur bizim qırmızı xəttimizdir, sonra dedilər Ermənistanın ərazi bütövlüyü, sərhədləri bizim üçün qırmızı xətdir. Özünü şiə dünyasının lideri hesab  edən ölkə indi Xristian dövlətinin, özü də Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş, orada məscidləri dağıtmış ölkəyə qarşı xeyli rəğbət, “tarixi qardaşlıq” dərinliklərinə gedən sərsəmləmələr işlətdi.

Bu adamlar niyə anlamırlar ki, İranda əhalinin çoxluq hissəsini azərbaycanlılar təşkil edir. Bu, o azərbaycanlılardır ki, ölkə iqtisadiyyatının 80 faizinə nəzarət edirlər. Ordunun 60-70 faizinə qədəri zabit heyəti, 70 faizinə qədəri də əsgər heyəti olaraq azərbaycanlılardan ibarətdir. Həmin azərbaycanlılardır ki, min ildən artıq bir müddətdə İranı türk xanlıqlıları vasitəsilə idarə edib və o ərazilərdə qonşu dövlətlər də daxil olmaqla böyük imperiyalar yaradıblar. Belə bir əzəmətli və şərəfli tarix yaşayan xalqa qarşı bu cür aşağılayıcı iddialar edən İranda inqilab baş verir. Üsyan inqilaba çevrilib. Şübhə etmirəm ki, bu inqilab rejimin axırına çıxacaq. İranda çox ciddi dəyişikliklərin başlanğıcını qoyacaq. Bəli, İran liderləri geri çəkildilər, qınlarına girdilər. Həm daxili amillərin təsiri altında, həm Azərbaycanın qoyduğu ciddi siyasi iradə nəticəsində qınlarına məcburi şəkildə çəkildilər”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR