İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın iqtisadi artım gözləntiləri niyə endirildi?

Neft hasilatının və ixracının azalması davam edəcək

Qlobal iqtisadiyyatdakı dəyişikliklər fonunda beynəlxalq analitik mərkəzlər də müxtəlif ölkələr üçün iqtisadi artım proqnozlarını yeniləyirlər. Belə yenilənmə Azərbaycanın makroiqtisadi göstəriciləri üzrə də həyata keçirilir. 

Bugünlərdə məlum olub ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu il Azərbaycanda real ümumi daxili məhsulun (ÜDM) ötən illə müqayisədə 1,5 faiz  artacağını proqnozlaşdırır. EBRD-nin “Regional İqtisadi Perspektivlər” hesabatından aydın olur ki, bu, bankın may ayındakı proqnozu ilə müqayisədə 1 faiz bəndi azdır.

EBRD gələn il Azərbaycanda real iqtisadi artımın 2,5 faiz olacağını gözləyir ki, bu da may ayındakı proqnoza nisbətən 0,2 faiz bəndi azdır.

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi isə neft və qeyri-neft iqtisadiyyatlarında 2023-cü ilin ilk yarısında yaşanan azalmanın ardından Azərbaycanda bu il iqtisadi artımın 1,8 faiz təşkil edəcəyini proqnozlaşdırıb. “Fitch” qeyd edib ki, 2024-2025-ci illərdə qeyri-neft sektorunda artımı hesabına iqtisadi artımın orta hesabla 2,3 faiz olacağı gözlənilir. Yeni neft hasilatı enerji sektorunda azalmanı (2022-ci ildə 7,6 faiz azalaraq gündə 676,000 barel) yavaşlada bilər. Bundan əlavə, Avropaya ixrac həcmini artırmaq üçün satınalma müqavilələri yekunlaşarsa, təbii qaz hasilatının daha da artacağı gözlənilir.

Agentlik bununla belə, hesab edir ki, dövlətin böyük həcmdə iştirakçılığı, idarəetmə ilə bağlı çətinliklər, maliyyə resurslarına məhdud çıxış, qeyri-neft sektoruna investisiyaların aşağı olması iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irəliləyişə mane olur.

Standard & Poors  Beynəlxalq Reytinq Agentliyi isə 2023-cü il üzrə Azərbaycanın real ümumdaxili məhsulunda (ÜDM) artım olmayacağını, 2024-2026-cı illərdə isə artımın 1,4 faiz səviyyəsində olacağını proqnozlaşdırıb: “Biz Azərbaycanın real ÜDM-nin 2023-cü ildə durğunlaşacağını proqnozlaşdırırıq ki, bu da əvvəlki dekabr 2022-ci il proqnozumuza uyğundur. 2023-cü ildə qeyri-neft sektoru böyüməyə davam etsə və qaz hasilatında müəyyən artım olsa da, neft hasilatının aşağı salınması bir maneə olacaq. Neft hasilatının azalması ortamüddətli perspektivdə artıma təsir göstərməyə davam edəcək və biz 2024-2026-cı illər ərzində orta real artımın 1,4 faiz olacağını proqnozlaşdırırıq”.

Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən, 2023-cü ilin yanvar-avqust aylarında ölkədə 80 milyard 96,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 2,6 faiz artıb. ÜDM istehsalının 42,4 faizi sənaye, 9,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,8 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrinin, 17,6 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,4 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 7895,0 manata bərabər olub.

Rəsmi statistikadan o da aydın olur ki, iqtisadi artımın zəif tempində sənaye istehsalının azalması mühüm rol oynayır. Belə ki, bu ilin 8 ayında ölkədə 45,1 milyard manatlıq və ya 2022-ci ilin müvafiq sövrü ilə müqayisədə 0,7 faiz az sənaye məhsulu istehsal edilib. Bu zaman neft-qaz sektorunda məhsul istehsalı 1,4 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 6,0 faiz artıb. O cümlədən mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,6 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 5,3 faiz artıb.

Energetika Naizrliyi məlumat verir ki, 8 ay ərzində Azərbaycanda 32,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 8,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 17,6 milyard kubmetri “Şahdəniz”dən, 0,2 milyard kubmetri “Abşeron”dan, 5,8 milyard kubmetri SOCAR üzrə hasil olunub. Hesabat dövründə xaricə qaz satışı 15,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz çoxdur. Cari ilin yanvar-avqust aylarında Avropaya 7,6 milyard kubmetr, Türkiyəyə 6,7 milyard kubmetr, Gürcüstana isə 1,5 milyard kubmetr qaz satılıb. 

2023-cü ilin yanvar-avqust ayları üzrə ölkədə 20,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 12,1 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,9 milyon tonu (kondensat) “Şahdəniz”in, 90 min tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,2 milyon ton təşkil edib. Hesabat dövründə 17 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 15 milyon tonu konsorsiumun, 2 milyon tonu isə SOCAR-ın payına düşüb.

Xatırladaq ki, 2022-ci ilin yanvar-avqust aylarında ölkədə 21,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hesabat dövründə 17,6 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Beləliklə, illik müqayisədə bu ilin 8 ayında Azərbaycanda neft və kondensat hasilatı 6,88 faiz, ixracı isə 3,41 faiz azalıb.

Hasilat və ixracın azalması ilə yanaşı, dünya bazarında neft və qazın qiymətinin azalması da ÜDM həcmində azalmanın bir səbəbi kimi çıxış edir. Əgər ötən il ixracın azalması fonunda yüksək qiymətlər ÜDM-in dəyərini daha çox artırırdısa, bu il qiymətlərin düşməsi bu imkanı məhdudlaşdırır. Dövlət Neft Fondundan verilən məlumata əsasən bu ilin yanvar-avqust aylarında qurum “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 4 milyard 728 milyon dollar gəlir əldə edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 901 milyon dollar və ya 28,7 faiz azdır.

Xatırladaq ki, ötən ilin 8 ayında Neft Fondu AÇG-dən 6 milyard 629 milyon dollar gəlir əldə etmişdi.

Bu ilin 8 ayında "Şahdəniz" yatağından 1 milyard 183 milyon dollar həcmində gəlir əldə olunub ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 35 milyon dollar və ya 3,05 faiz çoxdur. “Şahdəniz”dən daxil olan vəsaitlərin 259,554 milyon dolları kondensatın payına düşüb. Bu isə əvvəlki ilin eyni dövrünə nisbətən 69,13 milyon dollar və ya 21 faiz azdır.

Beynəlxalq analitik mərkəzlərə görə, Azərbaycanda neft hasilatı 2024-cü ildə də azalacaq ki, bu da onun ölkə ÜDM-nin artımına təsirini daha da aşağı salacaq. Bu vəziyyətdə iqtisadi artımı dəstəkləyən amil kimi qeyri-neft-qaz sektorunun önə çıxması vacibdir. Lakin neft hasilatı və ixracında azalma ilə yanaşı Azərbaycanda qeyri-neft sektorunda da artım tempi aşağı düşüb. Ötən ilin yanvar-avqustunda bu sektorda artım 10,3 faiz, o cümlədən qeyri-neft sənayesində 9 faiz olmuşdusa, bu ilin eyni dövründə göstəricilər müvafiq olaraq 2,6 faiz və 6 faiz təşkil edib. Bu isə qeyri-neft sektorunda artımın 4 dəfədən çox yavaşıması deməkdir. 

Qeyd edək ki, Azərbaycan hökumətinin iqtisadi artıma dair gözləntiləri əksər beynəlxalq analitik mərkəzlərin proqnozlarından demək olar ki, fərqlənmir. Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədindən aydın olur ki, İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2024-cü il və sonrakı üç il üzrə baza ssenaridə (neftin bir barelinin orta illik ixrac qiyməti 2024-2027-ci illər üçün 60,0 ABŞ dolları fərz edilməklə) makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2023-cü ildə ölkədə ÜDM-in real ifadədə 1,9 faiz artaraq 119,6 milyard manat olacağı proqnozlaşdırılır. Bu zaman qeyri-neft/qaz ÜDM real ifadədə 4,0 faiz artaraq 77,6 milyard manat təşkil edəcək. 2023-cü ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 0,3 faiz azalacağı gözlənilir. 

Proqnozlara əsasən, ortamüddətli dövrdə ölkədə qeyri-neft/qaz ÜDM-in həcminin 2024-cü ilin sonuna 84,2 milyard manat, 2027-ci ildə isə 106,8 milyard manata qədər artacağı və real artım tempinin 4,6-5,0 faiz intervalında olacağı gözlənilir.

Azərbaycan hökuməti 2023-cü ildə neft-qaz ÜDM-nin 0,3 faiz, 2024-cü ildə 1,7 faiz, 2025-ci ildə 1,5 faiz, 2026-cı ildə 3,1 faiz, 2027-ci ildə isə 3,6 faiz azalacağını, bu illərdə ölkədə ümumi iqtisadi artımın müvafiq olara 2,4 faiz, 2,9 faiz, 2,7 faiz və 3,6 faiz olacağını gözləyir. 

Xatırladaq ki, 2023-cü ilin büdcə layihəsi hazırlanarkən İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan makroiqtisadi proqnozlaşdırmada bu il ölkədə 2.7 faiz iqtisadi artım olacağı açıqlanmışdı. Daha sonra may ayında proqnozlara yenidən baxılmaqla, artım tempi 1,8 faizə endirildi. Nəhayət, sentyabrda açıqlanan növbəti ilin büdcə sənədində proqnoz bir daha yenilənərək 1,9 faizə qaldırılıb.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR