İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın din xadimlərinin İran bəyanatı - niyə indi?

Deputat: “Əlbəttə, bu cür bəyanatlar əvvəlki dövrdə verilsə, daha yaxşı olardı, amma gec də olsa...”

Sumqayıt şəhəri, Abşeron, Xızı, Ağdam, Tərtər, Ağcabədi, Füzuli, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar rayonları və Şirvan şəhərinin din xadimləri İranın Azərbaycanın sərhəd ərazilərində keçirdiyi hərbi təlimlər və Ermənistana verdiyi dəstəklə bağlı bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, uzun illər ərzində qardaş və dost münasibəti, o cümlədən müsəlman təəssübkeşliyi gözlədiyimiz İran, tam əksinə, 67 müsəlman məscidinin 65-ni dağıdan, məscidlərdə donuz saxlayan Ermənistanla bütün sahələrdə əməkdaşlığı daha da dərinləşdirmiş, regionda sülhə təhdid yaradan, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyən, qisas hissi ilə yaşayan həmin ölkəni himayə etmiş, törətdiyi təxribatlara qarşı ordumuzun cavabına qəsbkarlıq adı verərək şəhidlərimizin ruhunu incitmişdir. İllərlə Azərbaycan torpaqlarının işğal altında qalmasına göz yuman, Ermənistanın ərazi bütövlüyünü özünün qırmızı xətti hesab edən İran eyni zamanda, ölkəmizə qarşı əsassız iddialar irəli sürmüş, sərhədlərimizdə hərbi təlimlər keçmiş və etdiklərinə dini don geyindirməyə çalışmaqla xalqımızın mənəviyyatını, İslama bağlılığını şübhə altına almağa cəhd etmişdir. Bununla da İran yalnız Azərbaycanla arasındakı münasibətlərə deyil, eyni zamanda İslam həmrəyliyinə yaraşmayan əmələ imza atıb.

Bildiririk ki, belə insanpərvərliyə zidd və heç bir dini əxlaqa sığmayan hərəkətlər din xadimlərini də çox narahat edir. Biz - din xadimləri özünü İslam Respublikası adlandıran İranın bölgədə dini dəyərlərlə bir araya sığmayan haqsız siyasətindən və Azərbaycana qarşı səsləndirdiyi təhdidedici yersiz bəyanatlarından öz narahatlığımızı bildirir və İranın bu hərəkətlərinin müqəddəs İslam dininin qardaşlıq ruhuna uyğun olmadığını bəyan edirik".

Azərbaycanda din xadimlərinin İran bəyanatını bir qədər gecikmiş hesab etmək olar. QMİ sədri hələ bir müddət əvvəl öz mövqeyini ortaya qoymuşdu. Bəs niyə bu bəyanat indi verildi?

Ceyhun Məmmədov - Benefisiar

Ceyhun Məmmədov

Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov “Yeni Müsavat”a deyib ki, bütün hallarda belə bir bəyanatın verilməsi ümumi işin xeyrinədir: “Əlbəttə, bu cür bəyanatlar daha əvvəlki dövrdə verilsə, daha yaxşı olardı. Amma gec də olsa, belə bir bəyanatın verilməsi çox önəmlidir. Bu gün İran Azərbaycana qarşı bir düşmənçilik siyasəti həyata keçirir və təəssüf ki, bizim xeyli sayda vətəndaşımız da İranın apardığı yalan təbliğatın qurbanına çevrilir. Onlar elə hesab edirlər ki, İslam dedikdə yalnız ağıla İran gəlir. Bu elə deyil. Bizim dindarlarımız ayılmalıdırlar. Onlar bilməlidirlər ki, İran bizə qarşı münasibətdə səmimi deyil. Hesab edirəm ki, artıq bunu anlamaq gərək. İran din adından, şiəlik adından istifadə edərək Azərbaycana qarşı, eləcə də müsəlman dünyasına qarşı çirkin siyasət həyata keçirir. Hesab edirəm ki, Azərbaycanda olan bütün sağlam düşüncəli insanlarımız bu məsələyə öz mövqelərini bildirməlidirlər. Eyni zamanda etirazlarını da ortaya qoymalıdırlar. Bu həm də bir vətəndaş borcudur. Hər birimizin üzərinə düşən vəzifədir. Biz çalışmalıyıq ki, insanlarımız arasında bu istiqamətdə çox geniş təbliğat apararaq İranın İslamın, şiəliyin adından sui-istifadə etdiyini ortaya qoyaq. Sosial şəbəkələrdə səhifələr yaradılıb. İranın "Səhər" kanalında Azərbaycana qarşı düşmənçilik təbliğ olunur. Bizim İranla bağlı səsləndirdiyimiz fikirlər faktlara əsaslanır. Bəli, 65 məscid dağıdıldı, orada inək, donuz saxlanıldı. Evlərimiz viran qoyuldu. Ermənistan bizə qarşı Xocalını, digər soyqırımları törətdi. Amma İran buna heç bir reaksiya vermədi. Əksinə, bizim torpaqlarımızın işğal olunması İran üçün “qırmızı xətt” olmadı. Amma bizim Zəngəzur dəhlizini istəməyimiz “qırmızı xətt” oldu. Bu gün İran Ermənistana texnika verir, silah verir, öz terror dəstələrini təlim keçmək üçün ora göndərir. Beləliklə də Azərbaycana qarşı öz təxribatlarını və çirkin niyyətlərini davam etdirir. Bu baxımdan, bütün dindarlarımız, sağlam mövqedə olan hər kəs İranın bu siyasətinə münasibət bildirməlidir. İranın bu siyasəti İslamın da, şiəliyin də adına ləkədir. Bu  birmənalıdır ki, hər zaman Azərbaycanda əhli-beytə sevgi olub, olacaq. Bizə qarşı etdiyi sevgi deyil, düşmənçilikdir. Azərbaycana qarşı ədalətsiz yanaşmadır. Biz də buna öz mövqeyimizi bildirməliyik. Hər kəs bu məsələyə konkret olaraq öz mövqeyini bildirməlidir və çox güclü təbliğat aparılmalıdır ki, qarşıda qoyduğumuz hədəf və məqsədlərə nail ola bilək". 

Fransa birazdan çox üşüyəcək, onda bizim yanımıza gələcək" - Siyasi şərhçi  Sitat.info

Azər Hüseynov

Ağ Partiya başqanının ideoloji məsələlər üzrə müşaviri, siyasi şərhçi Azər Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, müasir beynəlxalq münasibətlər makiavelist əsasdadır: “Dövlətlərin maraqlarını ideologiya deyil, bəlli maraqlar müəyyən edir. Ona görə İrandan da islami həmrəylik gözləmək, məncə, lazım deyil. İran din amilindən, sadəcə, xarici siyasətində lazım olanda istifadə edir. Məhz buna görə İslama qarşı xaçlı ordularının daimi nümayəndəsi Ermənistana belə yardım edir. Azərbaycana da deyir ki, bəs sən İsraillə dostsan. Bu ittiham məntiqsizdir. Çünki Azərbaycan dünyəvi dövlətdir. Və xarici siyasətində dini motivasiyadan çıxış etdiyini heç vaxt söyləmir. Amma İran dostu da, düşməni də İslam əsasında seçdiyini iddia edir. Elə isə İran Bəqərə surəsində 120-ci ayəni yadına salsın. Bizim dindarların da İrana etirazı təbiidir. Çünki bəzi dindarların İrandan bir umduğu vardı. Amma umduğunu bulmadılar. Bəyanat niyə gec verildi? Təəssüf ki, bəzi din xadimləri üzərində hələ İran təsiri güclüdür. Təhlükəli olanda bu cür olanların təqiyyə edə bilməsidir. Ola bilər ki, bu amil də gecikməyə təsir edib. Hər halda, buna görə də şükür Allaha. Məncə, ölkədə keyfiyyətli din təhsili olmasa problemlər davam edə bilər. Məsələnin kökündən həlli lazımdır”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR