İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın daha bir diplomatik uğuru - ermənilər təlaşda

Avropa İttifaqı Şurasının moderatorluğu ilə keçirilən 4 saatlıq görüşdə əldə olunan mühüm razılaşmalar; prosesləri İlham Əliyev diktə edir: “Dağlıq Qarabağ”, “Minsk Qrupu” rəsmən cəhənnəmə getdi; politoloq: “Danışıqların Minsk Qrupu əvəzinə, Avropa İttifaqı çərçivəsində aparılması Azərbaycan üçün faydalıdır”

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Bu, son dörd ay ərzində eyni formatda baş tutan sayca ikinci görüş idi.

Şarl Mişel görüşü məhsuldar adlandırıb. O, twitter hesabında qeyd edib ki, görüş konkret və nəzərəçarpacaq nəticələrlə məhsuldar olub. Avropa İttifaqı Şurasının Prezidenti həmçinin gələcəkdə bütün zəruri məsələləri həll edəcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək öhdəliyinə işarə edib.

Dörd saatdan çox çəkən görüşdən sonra bəlli olub ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinə gələcək sülh müqaviləsinin hazırlanması üzərində işə başlamağı tapşırmaq barədə razılığa gəliblər. Bu barədə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ikinci üçtərəfli görüşündən sonra bəyanatında deyilir. “Şarl Mişel həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də baş nazir Nikol Paşinyanın ölkələri arasında sülh sazişinə doğru sürətlə irəliləmək arzusunu bəyan etdiklərini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri həll edəcək gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləməyin tapşırılması razılaşdırılıb”, - bəyanatda vurğulanır.

Bundan əlavə, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası məqsədilə Soçi bəyanatına (26 noyabr 2021-ci il) uyğun olaraq aprelin sonunadək Birgə Sərhəd Komissiyasının iclasının çağırılması qərara alınıb. Birgə Sərhəd Komissiyasının mandatı Ermənistanla Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etməkdən ibarət olacaq. Bəyanata əsasən xarici işlər nazirlərinə bütün zəruri məsələlərin həll olunacağı gələcək sülh müqaviləsinin hazırlanmasının işlənib-hazırlanmasının tapşırılması qərara alınıb.

Erməni separatçılar etiraf edirlər ki, Brüssel razılaşması onlar üçün sondur. Ermənistandakı revanşistlər də nəticəni fəlakətli hesab edir.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel görüşdən sonra jurnalistlərə müsahibə verib. Ş.Mişel sülh sazişinin imzalanma vaxtına gəldikdə, deyib ki, bunu proqnozlaşdırmaq çətindir. “Amma dekabrda Brüsseldə hər iki liderlə ilk şəxsi görüş zamanı mən hiss etdim ki, maraqlı bir addım atıldı, tərəflər bir-birini dinləməyə və bir-birini narahat edən məsələləri, həmçinin prioritetləri, hər iki tərəf üçün həssas olan məsələləri daha yaxşı anlamağa meylli idilər. Bu, birinci vacib element idi. Bu arada, mənim hər iki liderlə müntəzəm telefon danışıqlarım olub. Biz bu axşamkı görüşə çox hazırlaşmışıq. Biz buna vaxt ayırdıq. Bilirsiniz ki, nahardan əvvəl mənim hər iki liderlə ikitərəfli görüşüm oldu. Səmimi desəm, düşünürəm ki, biz çox gərgin çalışırıq, irəliləyiş var. Hər iki tərəfdə olan çağırışları və çətinlikləri gözardına vurmuram. Lakin hesab edirəm ki, irəliləyişə nail olmaq, əməkdaşlıq etmək, prioritetləri, birlikdə ata biləcəyimiz konkret addımları müəyyənləşdirmək üçün ortaq iradə var".

Brüssel görüşünün nəticələrindən bəhs edən analitiklər hesab edirlər ki, görüşlər və danışıqlar Prezident İlham Əliyevin postmünaqişə dövründə  Brüssel sülh gündəliyinin tərkib hissəsidir. Erməni tərəf keçən ilin 14 dekabrında keçirilən Brüssel görüşündən sonra da uduzduğunu etiraf edirdi. Budəfəki görüş isə qarşı tərəf üçün daha böyük məğlubiyyətlə yadda qalacaq. Müşahidəçilər hesab edir ki, bu, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbulu və bunun əsasında danışıqların aparılmasıdır. Sözügedən sənəddə əsas məqam isə Azərbaycanın prioritet hesab etdiyi ərazi bütövlüyüdür. Bundan əlavə, Brüsseldə qəbul edilən bəyanatda tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması və birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunub. Delimitasiyanın tərkibi və nəticəsi olaraq sərhəddə gərginliyin aradan qaldırılması da vacib məqamdır. Bundan əlavə, Avropa İttifaqının minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərməsi təsdiq olunur. Yekun sənəddə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi və iqtisadi məşvərət şurası mexanizminin yaradılması da təsdiq olunur. Ermənilərə daha çox “od qoyan” məsələyə gəldikdə, sənəddə artıq Azərbaycan dövlətinin arxivə tulladığı “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT-in mənasız Minsk Qrupuna da istinad yoxdur. Ermənilər Brüssel görüşündən bir gün qabaq və elə görüş günü İrəvanda mitinq tamaşası təşkil etməklə Aİ rəhbərliyini şantaj edəcəklərini, öz məqsədlərinə çatacaqlarını zənn edirdilər. Lakin növbəti dəfə yanıldılar və Azərbaycanın daha bir diplomatik zəfəri nəticəsində məğlub duruma düşdülər.

Danışıqların yekunu olaraq Aİ-nin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və formatın yaranması nəzərdə tutulub ki, bu da “daş”ın yerindən tərpədilməsi anlamına gəlir. Hesab olunur ki, razılaşmanın məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır. Avropa İttifaqı bu proseslərdə qərəzsiz tərəf, obyektiv moderator olaraq çıxış edib. Paralel olaraq hər iki tərəfin Aİ-yə etimadının olması da faktdır. Heç şübhəsiz ki, burada xüsusilə Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları mühüm şərtdir.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, liderlərin ortaq bəyanatından çıxış edərək görüşdə bir neçə nəticənin əldə edildiyini söyləmək mümkündür: “Birincisi, tərəflər həll edilməmiş humanitar məsələlərin aradan qaldırılmasının zəruriliyini vurğulayıblar. Bu sıraya Avropa İttifaqının minatəmizləmə, münaqişədə zərər çəkmiş əhaliyə yardım, reabilitasiya və yenidənqurma işlərinə ekspert və maliyyə dəstəyi aiddir. Ermənistan rəsmiləri hər yerdə Azərbaycan əleyhinə ”erməni əsirlərin qaytarılması" mövzusunu qaldırırlar. Bunun qarşılığında Azərbaycan rəsmiləri Birinci Qarabağ savaşında minlərlə azərbaycanlı əsirin taleyi mövzusunu gündəmə gətirirlər. Ermənistan bu mövzunun üstündən sükutla keçməyə çalışır". E.Şahinoğlu ikinci mühüm məsələdən bəhs edərkən qeyd etdi ki, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası məqsədilə aprelin sonuna qədər birgə komissiyanın yaradılması və iclasının keçirilməsi nəzərdə tutulub: “Birgə sərhəd komissiyasının mandatı Ermənistanla Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etməkdən ibarət olacaq. Üçüncüsü, bəyanata əsasən xarici işlər nazirlərinə bütün zəruri məsələlərin həll olunacağı gələcək sülh müqaviləsini işləyib hazırlamağın tapşırılması qərara alınıb. Dördüncüsü, liderlər Ermənistanla Azərbaycan arasında, xüsusən də Cənubi Qafqazda kommunikasiya infrastrukturunun bərpasını müzakirə ediblər”.

Brüsseldən çıxan nəticə: Bakı və Yerevanın razılaşması hamını qane edir -  07.04.2022, Sputnik Azərbaycan

Politoloq qeyd etdi ki, liderlərin ortaq bəyanatında Minsk Qrupu və Qarabağ haqqında bir cümlə də yoxdur: “Bu, Azərbaycanın xeyrinədir. Azərbaycan Minsk Qrupu çərçivəsində danışıqlarda maraqlı deyil və müharibədən sonra Qarabağ məsələsi ilə beynəlxalq təşkilatların məşğul olmasını istəmir, bu, daxili məsələdir. Danışıqların Minsk Qrupu əvəzinə, Avropa İttifaqı çərçivəsində aparılması  Azərbaycan üçün faydalıdır. Azərbaycanın Avropa İttifaqı və ittifaqa daxil olan ölkələrlə sıx əməkdaşlığı var, Rusiyanın Ukraynada apardığı işğalçı müharibə fonunda Avropanın Azərbaycan neftinə və qazına ehtiyacı artıb. Brüsselin vasitəçiliyə marağını nəzərə alaraq rəsmi Bakının Avropa İttifaqı ilə strateji əməkdaşlıq sazişinin imzalanması prosesini sürətləndirməsinə ehtiyac var”.

Beləliklə, E.Şahinoğlu hesab edir ki, Brüsseldə vurğulanan bəndlər Azərbaycanın xeyrinədir: “Ancaq bu, o demək deyil ki, ortaq bəyanatda göstərilən bəndlər qısa müddətdə yerinə yetiriləcək. Sərhədlərin müəyyənləşməsi ilə bağlı danışıqlara başlanılması zərurəti İkinci Qarabağ müharibəsindən sonra bir neçə bəyanatda əks olunub. Buna baxmayaraq, Ermənistan qəbul etdiyi bəyanatlara zidd olaraq prosesi uzadır və buna görə təzyiqlə üzləşmir. Dəhliz məsələsində də irəliləyiş yoxdur. Liderlər birinci dəfə Brüsseldə 2021-ci il dekabrın 14-də görüşmüşdülər. O zaman qəbul olunan ortaq bəyanatda dəmir yolunun fəaliyyətinin bərpası ilə bağlı razılıq əldə olunmuşdu. Üstündən 3 aydan çox vaxt keçib və İrəvan heç bir addım atmayıb. Ermənistan prosesi uzatdığına görə Azərbaycan İran üzərindən dəmir yolunun çəkilməsi ilə bağlı Tehranla memorandum imzaladı”. Ekspert qeyd etdi ki, Avropa İttifaqının vasitəçilik təşəbbüslərində Rusiya amilini də nəzərə almaq lazımdır: “Brüsseldə liderlərin birinci görüşü zamanı Rusiya hələ Ukraynaya hərbi müdaxilə etməmişdi və o zaman Kreml Avropa İttifaqının vasitəçiliyinə bir qədər səbirli yanaşa bilərdi. Ancaq Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan və Avropa İttifaqı Moskvaya qarşı sərt sanksiyalar tətbiq etdikdən sonra Kreml Brüsselin Azərbaycanla Ermənistan arasındakı vasitəçiliyinə mane olmağa çalışacaq. Təsadüfi deyil ki, Nikol Paşinyan Brüsseldə olarkən İrəvanda onun əleyhinə mitinq keçirilirdi. Digər tərəfdən, Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanı aprelin 8-də Moskvaya çağırıb. Yəqin Mirzoyandan Brüssel görüşünün detallı hesabatını tələb edəcək”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR