İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın BRICS-ə üzvlüyünə bu ölkə əngəl olacaq? - iddia

Kazanda BRICS-in 16-cı sammiti başa çatdı. Lakin üzv dövlətlər hələlik ittifaqa yeni üzv qəbul etməmək, əvəzində bəzi ölkələrə BRICS tərəfdaşı statusu vermək qərarına gəlib. Bu barədə İranın xarici işlər naziri Abbas Arakçı deyib.

“30-35 ölkənin Assosiasiyaya qoşulmaq xahişinə cavab olaraq BRICS liderləri Kazanda keçirilən iclasda qərara gəliblər ki, hazırda quruma yeni üzvlər qəbul edilməyəcək, bəzi ölkələr isə BRICS-ə tərəfdaş kimi qoşulacaqlar”, - o bildirib.

Məlumdur ki, üzvlüyə ərizə verənlər arasında Azərbaycan və Türkiyə də var. Bəs hansı ölkə tərəfdaş statusu alacaq və bunun üstünlüyü nədir? 

Bu arada Karnegi Fondundan keçmiş diplomat və Türkiyənin xarici siyasəti üzrə ekspert Sinan Ülgen deyib ki, Türkiyənin quruma üzvlüyünə əsas maneə Hindistandır. Dehli Ankaranın Hindistana düşmən mövqedə olan Pakistanla yaxın münasibətinə görə buna qarşı çıxır və çıxacaq.

Pakistanın Azərbaycanla da isti münasibətləri var. Üstəgəl, Bakı Hindistanın silahlandırdığı Ermənistanla faktiki müharibə vəziyyətindədir, sülh müqaviləsi yoxdur. Belə çıxır, Dehli Azərbaycanın da üzvlüyünə mane olacaq?

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, BRICS-in tərəfdaşlıq statusu verdiyi 13 ölkə arasında Azərbaycan yoxdur. Lakin tələsmək lazım deyil: “Azərbaycan BRICS və Şanxay Əməkdaşlıq Təşkilatının toplantılarında iştirak edir, müzakirələrə qatılır və bu çərçivədə ikitərəfli təmaslardan faydalanır, hələ ki, bu kifayətdir və faydalıdır. BRICS-ə yeni üzvlər qəbul olunsa da, təşkilat sıralarını kütləvi şəkildə artırmaqda maraqlı deyil, Argentina nümunəsi dərs olub. Argentina BRICS-ə üzv qəbul ediləndən sonra bu ölkənin yeni prezidenti təşkilatdan imtina etdi. Buna görə təsisçi ölkələr BRICS+ formulu təsis ediblər. Bu, təşkilata üzv olmaq istəyən ölkələr üçün sınaq müddətidir. O ki, qaldı Azərbaycanın üzvlüyünə Hindistanın imkan verməyəcəyi barədə deyilənlərə, fikrimcə Azərbaycanın quruma üzvlüyə qəbul edilməsi məsələsi  qoyulanda Hindistan Azərbaycanın önünü kəsməyəcək. Bu gün Hindistanın Ermənistana hərbi texnikalar verməsi Azərbaycanda narahatlıq doğurur. Ancaq onu da unutmayaq ki, Hindistanın Azərbaycanla çox sıx iqtisadi, ticari münasibətləri var. Hindistan Azərbaycan neftinin üçüncü ən böyük alıcısıdır. Ceyhan limanını üzərindən Azərbaycan neftini alır. Azərbaycana il ərzində Hindistandan xeyli turist gəlir ki, bu sıralamada üçüncü yerdə qərar tutublar. Üstəgəl Azərbaycan və Hindistan Qoşulmama Hərəkatının üzvüdür. Yəni bu baxımdan hesab edirəm ki, Azərbaycanın BRICS-ə üzvlük məsələsi qətiləşsə Dehli Azərbaycanın üzvlüyünə mane olmayacaq, əngəl yaratmayacaq, üzvlük məsələsi həll olunacaq. Amma yenə də bizim Hindistanla qarşıdakı müddətdə ikitərəfli əsasda sıx işləməyə ehtiyacımız var. Ermınistana silah satılması məsələlərinin də aydınlaşdırılmasına ehtiyac var. Azərbaycan-Hindistan münasibətləri bu gün Fransa-Azərbaycan münasibətləri kimi gərgin də deyil”. 

Anar Əliyev: “Rusiya həm region xalqlarına və dövlətlərə, həm də beynəlxalq  ictimaiyyətə göstərdi ki...” Pravda.az

Anar Əliyev

Politoloq Anar Əliyev də hesab edir ki, Azərbaycanın BRICS-ə üzvlüyü üçün ölkələrlə qarşılıqlı anlaşma əldə etmək mümkün olacaq: “Azərbaycan dövlətinin BRICS-ə üzvlüklə bağlı müraciəti üzv dövlətlərin konsensusu əsasında qəbul ediləcək. Çox böyük ehtimalla Azərbaycan yaxın dövrlərdə təşkilata üzvlüklə bağlı formalaşdırılan flitrdən çox rahat şəkildə keçərək təşkilatın bərabərhüquqlu üzvlərindən birinə çevrilə biləcək. Konsensusla üzv qəbul edən BRICS-in 9 daimi üzvü arasında Azərbaycanın üzvlüyünə razılıq verməyəcək, mane ola biləcək dövlət, demək olar, yoxdur. Azərbaycanın həmi dövlətlərlə kifayət qədər ciddi dostluq, əməkdaşlıq münasibətlərinə əsaslanan əlaqələrimiz var. Yalnız Hindistanla münasibətlərimizdə müəyyən kiçik taktiki hesab oluna biləcək soyuqluq mövcuddur. Amma hesab edirəm ki, həm Azərbaycan, həm də Hindistan daha qlobal, daha strateji düşünməyi bacaran tərəflər kimi bu məsələdə də xırda məsələlər üzərindən deyil, Ermənistan kimi əhəmiyyətsiz bir dövlətin maraqları baxımından deyil məhz özlərinin milli maraqları baxımından çıxış edəcəklər və Hindistan Azərbaycanın BRICS-ə qəbulu prosesində maneəyə çevrilməyəcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR